Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta
məktəbdə tez-tez sinifdənxaric tədbirlər
keçirilir. Maraqlı təşkil olunan bu tədbirlərdə
məqsəd şagirdlərin dünyagörüşünü
genişləndirməkdir. Bu günlərdə C.Cabbarlıya həsr
edilmiş "Mən bir solmaz yarpağam ki..." adlı
gecə də bu baxımdan yəqin ki, şagirdlərin
yaddaşlarında uzun müddət qalacaqdır.
XX əsr Azərbaycan dramaturgiyasının banisi Cəfər
Cabbarlıya həsr edilmiş gecənin təşkilatçısı,
məktəbin dil-ədəbiyyat müəllimi Hicran Quliyeva
tədbiri açaraq onun məqsəd və məramı haqqında
məlumat verdi. Məktəbin direktoru, pedaqoji
elmlər namizədi, əməkdar müəllim Oqtay Məmmədov
giriş sözü söylədi. O diqqətə çatdırdı ki,
görkəmli ədiblərin yubiley gecələrinin
keçirilməsi şagirdlərin ədəbi-bədii
təfəkkürünün formalaşmasına böyük kömək
göstərir.
Tədbirdə məktəbin VII "c" sinif şagirdləri Aytac
Allahverdiyeva və Ağalı Hüseyn Cəfər Cabbarlının
əsərlərindən səhnəciklər göstərdilər.
Cabbarlısevərlər öz çıxışlarında ədibin "Sevil",
"Almaz", "1905-ci ildə", "Yaşar" və s.
pyeslərindən, hekayələrindən bəhs etdilər.
Ədəbi-bədii gecədə rayon təhsil şöbəsinin müdir
müavini, filologiya elmləri namizədi Şöhrət
Bədəlov, "Dönüş" qəzetinin baş redaktoru,
respublikanın əməkdar mədəniyyət işçisi Qaçay
Əhmədov, məktəbin dil-ədəbiyyat müəllimi Sabir
Tağıyev çıxış edərək tədbiri yüksək
dəyərləndirdilər, böyük dramaturq Cəfər Cabbarlı
ilə bağlı maraqlı məlumatlar söylədilər.
Gecənin sonunda məktəbin direktoru O.Məmmədov
tədbirin təşkilatçısı Hicran Quliyevaya Fəxri
fərman təqdim etdi. Gecədə fərqlənən bir qrup
şagird də mükafatlandırıldı.
Füzuli CƏFƏROV,
Saatlı şəhər 1 nömrəli orta məktəbin tədris
işləri üzrə direktor müavini |