Aprelin
20-də universitetdə respublikada fransız dili
üzrə tanınmış dilçi alim, Fransız dilinin
fonetikası və qrammatikası kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Bilal
İsmayılovun anadan olmasının 70, elmi-pedaqoji
fəaliyyətinin 50 illiyinə həsr edilmiş yubiley
mərasimi keçirildi. Mərasimdə ADU-nun rektoru,
professor, millət vəkili Səməd Seyidov çıxış
edərək universitetdə yubiley tədbirlərinin
keçirilməsinin ənənəyə çevrildiyini bildirdi.
Rektor yubilyarı bilik, bacarıq və Azərbaycan
dəyərlərinin vəhdət təşkil etdiyi bir insan kimi
xarakterizə etdi. Qərbə inteqrasiya
məsələlərində xarici dillərin mühüm rol
oynadığını bildirən S.Seyidov fransız dilinin də
bu sahədə aparıcı dillərdən biri olduğunu
diqqətə çatdırdı. Azərbaycanda fransız dilinin
öyrənilməsi və təbliğində B.İsmayılovun xüsusi
xidmətlərinin olduğunu deyən rektor Fransa
universitetləri ilə qarşılıqlı əlaqələrin
qurulmasında da yubilyarın mühüm rol oynadığını
dilə gətirdi. Təhsilin inkişaf etdirilməsi
istiqamətində atılan mütərəqqi addımlara toxunan
S.Seyidov bu inkişafın universitet həyatına da
nüfuz etdiyini qeyd etdi. O bildirdi ki,
B.İsmayılov Azərbaycanda ilk dəfə olaraq
romanistika üzrə doktorluq müdafiə edən dilçi
alimdir. S.Seyidov təhsil naziri Misir
Mərdanovun yubilyara təbrik məktubu
ünvanladığını qeyd etdi.
ADU-nun
rektoru B.İsmayılovun "Qabaqcıl təhsil işçisi"
diplomu və döş nişanı ilə də təltif edildiyini
vurğuladı və mükafatları ona təqdim etdi.
Alman dilinin fonetikası, qrammatikası və dil
tarixi kafedrasının professoru Fəxrəddin
Veysəlli isə çıxışında yubilyarın elmi-pedaqoji
fəaliyyətindən bəhs etdi. O, B.İsmayılovun
dilçilik sahəsində yazdığı əsərlərdən danışdı.
F.Veysəlli yubilyarın fransız və Azərbaycan
dillərində bəzi sahələrin müqayisəli təhlilini
apararaq dilçilik elminə töhfə verdiyini tədbir
iştirakçılarının nəzərinə çatdırdı.
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr
müavini Mirzəxan Cəfərzadə, AMEA-nın Dilçilik
İnstitutu Lüğətçilik şöbəsinin müdiri, professor
İsmayıl Məmmədov, ADU-nun filologiya
fakültəsinin dekanı, professor Fikrət
Cahangirov, İngilis dilinin leksikası və
ölkəşünaslıq kafedrasının müdiri, professor
Məsməxanım Qazıyeva və başqaları yubilyara öz
səmimi və xoş təbriklərini çatdırdılar, ona
fəaliyyətində uğurlar arzuladılar.
Sonra yubiley mərasimi konsert proqramı ilə
davam etdi.
Sonda filologiya elmləri doktoru, professor
Bilal İsmayılov ona deyilən xoş sözlərə görə
hamıya öz təşəkkürünü bildirdi. O, 1957-ci
ildən ömrünü universitetə bağladığını və elmi
axtarışlarını daim davam etdirəcəyini söylədi.
ADU-nun İctimaiyyətlə
əlaqələr və mətbuat xidməti |