Bakıdakı 35 nömrəli tam orta məktəbin V "b"
sinfində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş "açıq
dərs" keçirildi.
Əvvəlcə
tədbir iştirakçıları məktəbin foyesində ulu
öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını
əks etdirən fotolardan ibarət sərgi ilə tanış
oldular. Təhsil ocağının direktoru Rəna Naibova
iştirakçıları müstəqil Azərbaycanın qurucusu,
ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə məktəbdə görülən işlərlə
tanış etdi.
V
"b" sinfində təşkil olunan "açıq dərs"də əvvəlcə
şagirdlərin ifasında Dövlət himni səsləndi və
ümummilli lider Heydər Əliyevin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Ulu öndərə həsr
olunmuş film nümayiş olundu.
Məktəbin tarix müəllimi Zinaida Musayeva
tarixi mənbələrə əsaslanaraq Heydər Əliyevin
Azərbaycan xalqı qarşısındakı misilsiz
xidmətlərindən danışdı. Sonra bilik yarışması
başladı. Yarışma üçün seçilmiş suallar ulu
öndərin həyatı, fəaliyyəti və əsasən
Azərbaycanın 30 ildən çox tarixi haqqında idi.
Sinif üç qrupa bölünmüşdü. Şagirdlər ilk
mərhələdə verilmiş müxtəlif sualları
cavablandırdılar.
Şagirdlərin yarışmada fəallığı və maraqlı
fikirlər söyləməsi onların ulu öndərə olan
sevgisindən irəli gəlirdi. Hər qrupa münsiflər
heyəti tərəfindən verilən qiymət yazı lövhəsində
qeyd olunurdu.
Növbəti mərhələdə müəllim əsas mövzunu üç
hissəyə bölərək hər qrupa bir mövzu verdi.
Birinci qrupun şagirdlərinə Heydər Əliyevin
həyatı haqqında məlumat toplamaq tapşırıldı.
Şagirdlərdən İsmixan və Xavər mövzunu daha
ətraflı izah edərək yüksək hazırlıq nümayiş
etdirdilər. İkinci qrupun şagirdləri ümummilli
liderin Azərbaycan KP MK-nın birinci katibi
işlədiyi illərdə ölkədə gedən quruculuq
işlərindən, xalqımızın maddi rifahının
yüksəlməsində göstərdiyi əvəzsiz xidmətlərindən
danışdılar. Şagirdlər Heydər Əliyevin böyük
lider və tarixi şəxsiyyət kimi qəbul
olunmasında onun hələ sovet dövründə gördüyü
işlərin müstəsna rol oynadığını vurğuladılar.
Üçüncü qrupun şagirdləri isə bu ölməz
siyasətçinin müstəqil Azərbaycanın qurucusu
kimi fəaliyyətindən söz açdılar. Qeyd edildi ki,
1990-cı ilin 20 Yanvarında xalqına qarşı
törədilən qanlı faciəyə öz etiraz səsini bir
vətəndaş kimi bütün dünyaya çatdıran Heydər
Əliyev sonralar ölkənin müstəqilliyini təmin
edən ümummilli liderə çevrilmişdi.
III mərhələ isə intellektual mərhələ idi. Burada
ulu öndərin müəyyən bir qərarının tarixini və ya
hər hansı bir tarixin konkret hadisəylə bağlı
olduğunu göstərmək üçün hər üç qrupa tapşırıq
verildi. Yenə də şagirdlər öz yüksək
hazırlıqlarını nümayiş etdirdilər.
Qonaqlar dərsin gedişindən razı qaldıqlarını,
şagirdlərin bilik səviyyəsinin yüksək olduğunu
bildirdilər.
Rəşad ZİYADOV |