Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya
elmləri namizədi, Lənkəran Dövlət
Universitetinin dosenti, əməkdar müəllim Hacı
Mirhaşım Mirmurtuza oğlu Talışlının adı təkcə
Lənkəranda deyil, respublikamızın hər yerində
yaxşı tanışdır. Əruz vəzninin gözəl bilicisi,
XIX əsr Lənkəran ədəbi mühitinin tədqiqatçısı,
şair Hacı Mirhaşım Talışlının 85 yaşı tamam
olmuşdur. 65 illik yaradıcılıq yolu keçmiş
M.Talışlı Azərbaycan ədəbiyyatının inkişafında
xidmətlərinə görə 2006-cı ildə Prezident
təqaüdünə layiq görülmüşdür.
Şair Hacı Mirhaşım Talışlının anadan olmasının
85 və yaradıcılığının 65 illiyi münasibətilə
Lənkəran Dövlət Universitetində tədbir
keçirilmişdir. Universitetin rektoru,
fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm
xadimi, professor Asəf İsgəndərov tədbiri
açaraq yubilyarı təbrik etmişdir.
Universitetin mətbuat və informasiya xidmətinin
rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Hacı Etibar Əhədov Hacı Mirhaşım Talışlının
həyat və yaradıcılığı haqqında məruzə etmişdir.
Universitetin dosenti, filologiya elmləri
namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mirhüseyn Abbas, universitet valideynlər
şurasının sədri Sərhad Məmmədov, "Respublika"
qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahan
Zeynalov, universitetin tələbəsi Əlirza
Məhərrəmov çıxış edərək yubiley münasibətilə
Hacı Mirhaşım Talışlını təbrik etmiş, ona möhkəm
cansağlığı, yaradıcılığında uğurlar
arzulamışlar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Aliyə
Seyidqızı yubilyara həsr etdiyi şeirini
oxumuşdur.
Hacı Mirhaşım Talışlı xoş sözlərə görə
minnətdarlığını bildirmiş, keçdiyi həyat
yolundan danışmış, bundan sonra da qələmi ilə
xalqa xidmət edəcəyini, ümummilli lider Heydər
Əliyev ideyalarına daim sadiq qalacağını
bildirmiş, yaradıcılıq planlarından söz
açmışdır.
Sonda yubilyara hədiyyələr verilmişdir.
Tədbirdə Lənkəran ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Ülkər İSMAYILOVA,
Lənkəran Dövlət Universitetinin Mətbuat və
informasiya mərkəzinin üzvü |