Bakının Ramana qəsəbəsində yerləşən Şuşa rayonu
Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə
"Kurikulumların tətbiqi və şagirdlərin təlim
nailiyyətlərinin qiymətləndirilməsi" mövzusunda
"dəyirmi masa" keçirildi. Məktəbin foyesində
şagirdlər qonaqları Vətənə, torpağa, Azərbaycana
həsr olunmuş ədəbi-bədii kompozisiya ilə
qarşıladılar. Sonra qonaqlar şagirdlərin əl
işlərindən ibarət sərgiyə baxdılar. Kompüter
otağında informatika müəllimi Nicat Quliyev
ibtidai sinif şagirdləri ilə necə işlədiyini
nümayiş etdirdi. Tədbir iştirakçıları "açıq
dərs"ləri dinlədilər.
I
sinifdə mövzu ana dilindən Nizami Gəncəvinin
"Kərpickəsən kişi" hekayəsi idi. Müəllim Nailə
İbrahimova dərsi qruplarla iş formasında təşkil
edərək, sinfi hər birində 6-7 şagird olmaqla
dörd qrupa böldü. Müəllim dərsin motivasiya,
problemin qoyulması və həlli mərhələlərini
bacarıqla qurub yeni mövzunu dərslikdəki mətn və
tapşırıqlar əsasında şagirdlərə izah etdi.
II sinifdə riyaziyyatdan mövzu "İl, ay, həftə,
gün, saat" idi. Müəllim Süsənbər Rzayeva dərsin
motivasiya hissəsində mövzu ilə bağlı
tapmacalardan istifadə etdi. Şagirdlər
tapmacaların cavablarını açıqladılar. Müəllim
yazı taxtasında müxtəlif sözlər yazılmış plakat
asdı. Tapşırıqda həmin sözlərin nə bildirdiyi
soruşulurdu. Bu məqsədlə plakatın ortasına sual
işarəsi yapışdırılmışdı. Sual işarəsi qaldırılır
və oradakı söz oxunurdu. Bu, "Zaman ölçüləri"
sözü idi. Dərsdə fərdi və böyük qruplarla iş
üsulundan istifadə olundu. Sonra şagirdlərə iş
vərəqləri paylandı. Qruplar müstəqil şəkildə
həmin vərəqlərdəki tapşırıqları həll və təqdim
etdilər. Mövzunun necə mənimsənildiyini öyrənmək
məqsədi ilə test tapşırıqları paylandı. İş
bitdikdən sonra test cavabları lövhədə asıldı.
Şagirdlər öz cavablarını düzgün cavablarla
yoxladılar. Səhvə yol vermiş şagirdlər
səhvlərini düzəltdilər. Sonda müəllim auksion
oyunu keçirdi. Sonuncu fikri deyən şagird
auksionu qazandı.
III sinifdə ana dilindən mövzu "Güc birlikdədir"
idi. Burada da müəllim Mehriban Mədətova dərsini
çox maraqlı qurmuşdu. Sinif hər birində 5 şagird
olan dörd qrupa bölünmüşdü. Müəllim lövhədə İvan
Krılovun "Xərçəng, ördək və balıq" təmsilindən
bir epizod təsvir olunmuş tablo asmışdı.
Qruplara bağlanmış vəziyyətdə balaca çubuqlar
təqdim etdi ki, şagirdlər onu qırsınlar. Lakin
heç bir qrup bunu edə bilmədi. Müəllim çubuq
bağlamasını açıb onu tək-tək şagirdlərə
payladı.Şagirdlər çubuqları asanlıqla qırdılar.
Müəllim tədqiqat sualları qoydu: 1. "Nə üçün
çubuqları bağlı vəziyyətdə sındıra bilmədiniz,
lakin tək-tək sındıra bildiniz? Nə üçün xərçəng,
ördək və balıq arabanı yerindən tərpədə
bilmədilər?". Şagirdlər asanlıqla suallara cavab
verdilər. Sonra müəllim dərslikdəki "Güc
birlikdədir" mətni üzərində iş apardı. Mətn
hissə-hissə oxundu. Sonra mətnə aid tapşırıqlar
qruplar üzrə bölüşdürüldü. Müəllim bütün
qrupları və qruplardakı şagirdləri fəal işə
qoşmuşdu. Sonra şagirdlər mətni
səhnələşdirdilər. Mətnin məzmununa uyğun atalar
sözləri söylənildi.
"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi
masa" ətrafında müzakirələr oldu. Şuşa Rayon
Təhsil Şöbəsi metodkabinetinin müdiri Nəzakət
Hacıyeva, 4 nömrəli məktəbin müəllimi Kəmalə
Musayeva, 6 nömrəli məktəbin müəllimi İradə
Vəliyeva, Quşçular kənd tam orta məktəbinin
müəllimi Vəsilə Bəxtiyarova və başqaları çıxış
edərək dinlənilən dərsləri təhlil etdilər,
müsbət cəhətlərini qeyd edib bəzi tövsiyələr
verdilər.
Hafiz QULİYEV,
Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli orta
məktəbinin direktor müavini |