Üçüncü ildir ölkəmizdə yeni kurikulumlar tətbiq
olunur. Hər il 1-ci siniflərdə dərs deyəcək
müəllimləri yeni kurikulumlarla tədrisə
hazırlamaq məqsədilə treninqlər, öyrədici
kurslar keçirilir. Bu cür treninqlərin
keçirilməsi Ucar rayonunda da artıq ənənə halını
alıb. Ötən il iyunun sonunda və uyulun
əvvəlində təşkil olunmuş teninqləri Xuraman
Qasımovanın rəhbərliyi ilə dörd təlimatçı
aparırdı. Kursda fənn kurikulumlarının strukturu
və məzmunu, təlim strategiyaları, təlimin
planlaşdırılması, qiymətləndirmə mexanizminin
tətbiqi müəllimlərə öyrədildi. Bir həftə ərzində
müdavimlər təlim kursunun materiallarını tam
mənimsəməyə nail oldular.
Məlum
olduğu kimi, müasir dövrdə məktəbin və
müəllimlərin qarşısında mühüm vəzifələr durur.
Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün
hər bir müəllim öz üzərində çalışmalı, işinə
məsuliyyətlə yanaşmalı, yaradıcı olmalıdır.
Mən RTŞ-ın 37 illik pedaqoji təcrübəyə malik
məsləhətçisi kimi çalışıram ki, müəllimlər
dərslərini günün tələbləri səviyyəsində
qursunlar. Bunun üçün dərslərində təlimin müasir
forma və üsullarından istifadə etmələrini onlara
tövsiyə edirəm. Təcrübəmə əsaslanaraq qeyd edə
bilərəm ki, şagirdlər BİBÖ, Venn diaqramı,
klaster, auksion, karusel, söz assosiasiyası,
rollu oyunlar və s. kimi yeni təlim üsulları ilə
keçilən dərsləri daha yaxşı qavrayırlar.
Dərslərin bu formada təşkili şagirdlərin
marağını artırır, onlar özləri müstəqil olaraq
yenilik axtarışlarına çıxır, maraqlı məlumatlar
əldə edirlər. Bu da şagirdlərin sərbəst fikir
söyləmək, mühakimə yürütmək, başqalarının
fikirlərinə hörmətlə yanaşmaq bacarıqlarını daha
da inkişaf etdirir. Bütün bunları gənc
müəllimlərə əyani çatdırmaq üçün Ucar şəhər 2
nömrəli orta məktəbdə I sinifdə onlar üçün "açıq
dərs" verdim. Ana dilindən keçilən dərsin
mövzusu "Ev heyvanlarının faydası" məqsədi isə
şagirdlərdə mətni ifadəli oxumaq, mətni şüurlu
şəkildə mənimsəmək, ev heyvanları ilə vəhşi
heyvanları fərqləndirmək, mətndəki əsas fikri öz
sözləri ilə ifadə etmək bacarıqları aşılamaq
idi. Dərsdə həyat bilgisi, rəsm və riyaziyyat
fənləri ilə inteqrasiya yaradıldı. Kiçik
qruplarla iş formasında aparılan dərsdə təlim
üsulu kimi müzakirə və Venn diaqramından, resurs
olaraq plakat, şəkillər və işçi vərəqlərindən
istifadə olundu. Motivasiya yaratmaq üçün
lövhədən rəngli heyvan şəkilləri asıldı, onlar
üzərində iş aparıldı. Şagirdlərə aşağıdakı
suallarla müraciət edildi:
-
Uşaqlar, siz bu heyvanlardan hansılarını
tanıyırsınız?
-
Sizcə, onlardan hansılar meşədə yaşayır?
-
Belə heyvanları necə adlandırırlar?
-
Bəs yerdə qalan heyvanlara harada rast
gəlmisiniz?
-
Bu heyvanları necə adlandırırlar?
-
Deməli, heyvanları neçə qismə ayırmaq olar?
-
Bu heyvanlar arasındakı fərq nədir?
Suallar cavablandırıldıqdan sonra mətn ifadəli
şəkildə oxundu. Bundan sonra əsas tədqiqat sualı
verildi: "Bu heyvanları insanlar nə üçün
saxlayırlar?".
Sinif qruplara bölündü və qruplara dərsin
mövzusunu özündə əks etdirən işçi vərəqləri
paylandı. I qrupa verilmiş heyvan adları
arasından ev heyvanlarının adlarını seçib
yazmaq, ikinci qrupa qeyd olunan məhsullardan
hansının qoyundan alındığını söyləmək, üçüncü
qrupa verilən heyvanların hansından qoşqu kimi
istifadə olunduğunu müəyyənləşdirmək, dördüncü
qrupa isə hər bir heyvanın səsini qarşısında
yazmaq tapşırıldı.
Hər qrup öz işini yerinə yetirdikdən sonra
təqdimata başlandı. Liderlərin fikirləri
dinlənildi, onlara əlavələr olundu. Qrupların
işi şagirdlərin də fikirləri nəzərə alınmaqla
qiymətləndirildi.
Müzakirə zamanı müsahibə aparıldı, müəllim
tərəfindən heyvanların xeyiri haqqında əlavə
məlumat verildi.
BİBÖ üsulundan həm dərsin əvvəlində, həm də
sonunda istifadə edildi. Sonra qiymətləndirmə
meyarları cədvəlinə əsasən qiymətləndirmə
aparıldı.
Belə "açıq dərs"lər həmkarlarının təcrübəsindəki
üstünlükləri, yenilikləri daha tez öyrənib
tətbiq etməkdə müəllimlərə çox kömək edir.
Şəfiqə ƏHMƏDOVA,
Ucar Rayon Təhsil Şöbəsinin metodisti
|