Səkkiz ali məktəb əlavə qəbul sınaqları
keçirəcək
Rusiya hökuməti 2011-ci ildə hazırlığın
ayrı-ayrı istiqamətləri üzrə profil istiqamətli
əlavə qəbul sınaqları keçirəcək ali məktəblərin
siyahısını təsdiq edib. Siyahıda cəmi səkkiz
təhsil müəssisəsinin adı yer alıb. Bunlar
O.E.Kutarin adına Moskva Dövlət Hüquq
Akademiyası ("Hüquqşünaslıq" ixtisası), Moskva
Dövlət Linqvistika Universiteti ("Linqvistika",
"Reklam və ictimaiyyətlə əlaqə"), Rusiya Dövlət
Humanitar Universiteti ("Linqvistika"), Moskva
Dövlət Pedaqoji Universiteti ("Linqvistika", "Psixologiya"
və "Sosiologiya"), N.A.Dobrolyubov adına
Nijni-Novqorod Dövlət Linqvistika Universiteti
("Linqvistika"), Milli Tədqiqat Universiteti -
Ali İqtisad Məktəbi ("Tətbiqi riyaziyyat və
informatika", "Beynəlxalq münasibətlər", "Biznes-informatika"),
Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma
Universiteti ("Mexatronika və robot texnikası")
və Sankt-Peterburq Dövlət İnformasiya
Texnologiyaları, Mexanika və Optika
Universitetidir ("İnformatika və hesablama
texnikası").
Xatırladaq ki, hökumət əlavə sınaqlar keçirmək
hüququ alan ali məktəblərin siyahısını hər il
təsdiq edir. Seçim zamanı əsas kriteriya vahid
dövlət imtahanı üzrə yüksək ballı
abituriyentlərin miqdarıdır.
2009-cu ildə belə ali təhsil müəssisələrinin
sayı 24, 2010-cu ildə isə 11 olub.
Yaxşı ənənə
Şimali Osetiyanın paytaxtında "İnsan tərbiyə
etmək" II Ümumrusiya müsabiqəsinin finalı
keçirilib. Altı nominasiyada qələbə uğrunda
ölkənin 42 regionundan 58 müəllim mübarizə
aparıb. Yeni müsabiqənin premyerası
Vladiqafqazda iki ildən bir qədər əvvəl təşkil
olunub. Hələ onda həm iştirakçılar, həm də
təşkilatçılar növbəti müsabiqənin də Şimali
Osetiyada keçirilməsini təklif etmişdilər.
Bu dəfə finaldan əvvəlki qiyabi turda 52
regiondan 200-dən çox təhsil işçisi iştirak edib.
Ən yaxşı işlərin müəllifləri Vladiqafqaza dəvət
olunub.
Respublika Uşaq Yaradıcılıq Sarayına
toplaşanları RF Təhsil və Elm Nazirliyi tərbiyə
və uşaqların ictimailəşdirilməsi Departamentinin
direktoru Alina Levitskaya və Şimali
Osetiya-Alaniya Respublikası hökuməti sədrinin
müavini Sergey Tabolov salamlayıb.
Pedaqoqlar 6 nominasiya - "Məktəbəqədər müəssisə
tərbiyəçisi", "Uşaq evi, məktəb-internat,
günüuzadılmış qrup tərbiyəçisi", "Sinif rəhbəri",
"Direktorun tərbiyə işləri üzrə müavini", "Sosial
pedaqoq", "Baş rəhbər" - üzrə yarışıblar. Hər
müsabiqə iştirakçısı 3 tapşırıq yerinə yetirib:
özünütəqdimetmə, öz pedaqoji ustalığını açıb
göstərmə, təklif olunan problemin qeyri-standart
həllini tapma.
Müxtəlif regionlardan olan həmkarlar təkcə
bir-birləri ilə yarışmayıb, həm də bir-birindən
öyrəniblər. Onlar ustad dərslərində olub, açıq
mühazirələr dinləyiblər.
Sonda müsabiqəyə yekun vurulub. Bütün
iştirakçılar xatirə prizləri, qaliblər isə
qiymətli hədiyyələr alıblar.
Müsabiqənin təşkilatçıları RF Təhsil və Elm
Nazirliyi, Rusiya Təhsil Akademiyası, Təhsilin
İnkişafı Federal İnstitutu, Təhsil İşçilərinin
İxtisasının Artırılması və Yenidənhazırlanması
Akademiyası, "Tərbiyə prosesinin təşkilatçıları
Birliyi" Regionlararası İctimai Təşkilatıdır.
I Ümumrusiya elm festivalı start götürüb
Bu il fevralın 8-də Moskvada Politexnik muzeydə
I Ümumrusiya elm festivalı start götürüb. Onun
tədbirləri fevraldan oktyabradək ölkənin bütün
ərazisində keçiriləcək.
Xatırladaq ki, əvvəllər Lomonosov adına MDU-da
keçirilən elm festivalı artıq 6 illik tarixə
malikdir. Lakin o, ümumrusiya miqyasında ilk
dəfə keçirilir.
100-ə qədər universitet, 50 muzey, ən yeni elmi
işləmələrini nümayiş etdirmək istəyən yüzlərlə
innovativ şirkət özünün festivalda iştirakını
elan edib. Festival iştirakçılarını apreldə
Kazan, mayda isə Novosibirsk qəbul edəcək.
Sentyabr-oktyabrda festival tədbirləri ənənəyə
uyğun olaraq Moskvada keçiriləcək.
Festival çərçivəsində rəngarəng proqram
planlaşdırılıb. Məsələn, yuxarı siniflərin
şagirdləri üçün bir sıra fənlər üzrə "Gələcəyin
alimi" mövzusunda elmi layihələrin müsabiqəsi
nəzərdə tutulub. Festivalda iştirak üçün MDB
məkanında yerləşən çoxlu sayda müəssisə və
universitet də dəvət olunacaq. Digər bir sıra
müsabiqələr "Beynəlxalq Kimya İli" çərçivəsində
Mixail Lomonosovun 300 illiyinə həsr olunan
bayramda keçiriləcək.
Müasir müəllim - tədqiqatçı, tərbiyəçi,
məsləhətçi, təşkilatçı
Moskva vilayəti hökumətinin təhsil naziri Lidiya
Antonovanın "Uçitelskaya qazeta"nın 15 mart
2011-ci il tarixli 11-ci nömrəsində dərc edilmiş
məqaləsinin oxucularımız üçün də maraqlı
olacağını nəzərə alıb qısa ixtisarla dərc edirik.
Bu gün biz XXI əsrin ikinci onilliyi
astanasındayıq və başa düşürük ki, postsənaye,
informasiyalı cəmiyyət əsri müasir müəllimdən
yeni keyfiyyətlər tələb edir. Maraqlı bir fakta
diqqət yetirək. Bir qədər əvvəl alimlər Yer
planetində qorunub saxlanılan bütün
informasiyaların həcmini hesablamağı qərara
alıblar. Məlum olub ki, yalnız son 20 il
ərzində informasiyaların həcmi təxminən 100 dəfə
artıb və hazırda 296 eksabayt (295 milyard
gigabayt) təşkil edir. Şagirdlərlə bu nəhəng
informasiya okeanı arasında müəllim vasitəçi
kimi çıxış edir.
Başlıca fiqur
Lakin müəllim təkcə biliklər vermir, eyni
zamanda mədəni vərdişlər, emosiyalar, mənəviyyat
anlayışlarını şagirdlərə çatdırır. Məhz buna
görə də müasir təhsildə müəllimin yeri və rolu
ictimaiyyətin diqqət mərkəzindədir. Müəllim
müasir məktəbin başlıca fiqurudur, belə ki,
təhsilin keyfiyyəti bu mühitdə çalışan müəllimin
keyfiyyətindən yüksək ola bilməz. Müasir
müəllim kimdir?
Aydındır ki, yeni nəsil müəllim - bu, hər gün öz
peşəkarlığını inkişaf etdirən və dövrün
çağırışlarına cavab verən peşəkardır. Ənənəvi
müəllim (zəruri biliklərin interpretasiyası və
ötürülməsində monopolist) səhnəni tərk edir,
artıq yeni tip pedaqoq tələb olunur: tədqiqatçı,
tərbiyəçi, məsləhətçi, təşkilatçı, layihə
rəhbəri. Təhsilin milli modelinə keçidin baş
verdiyi bir şəraitdə müasir məktəbin yeni tip
müəllimə - yaradıcı surətdə düşünən, müasir
təlim metodlarına və təhsil texnologiyalarına,
psixoloji-pedaqoji diaqnostik priyomlara
yiyələnmiş, konkret praktik şəraitdə pedaqoji
prosesləri quran, peşəkar fəaliyyət
reflekslərinə malik və təhsilin mümkün inkişaf
istiqamətlərini proqnozlaşdırmağı bacaran
müəllimə ehtiyacı vardır.
Müəllimin müasir siması təkcə şagirdlərin
düşüncəsində ideal müəllim modeli qismində
keyfiyyət göstəriciləri toplusu ilə deyil, eyni
zamanda pedaqoqun yeni kommunikativ imici ilə
müəyyən olunur.
Təlim-tərbiyə prosesinin müsbət nəticələri təkcə
təhsil standartları, tədris planları,
proqramları və vəsaitlərlə deyil, daha çox
pedaqoq və onun ümumi səviyyəsi və peşəkarlıq
mədəniyyəti, onun qlobal sosial dəyişikliklər
əsrində səmərəli fəaliyyətə hazır olması ilə
müəyyən olunur.
Müəllim mobilliyi
Müəllimin peşəkarlığı üçün aktual cəhət onun
mədəni, peşə, pedaqoji mobilliyidir.
Pedaqoqun mədəni mobilliyi, bu, ilk növbədə,
hadisələri müstəqil və azad surətdə düşünmək və
qiymətləndirmək qabiliyyəti, tədris proqramları
və təklif olunan informasiyanı yaradıcılıqla
mənimsəmə, tənqidi düşüncəyə, yeni
situasiyalarda qeyri-standart qərarların
tapılmasına qabil, həm öyrənilən sahədə, həm də
ictimai inkişafda dəyişikliklərin gedişini və
xarakterini qabaqcadan görmək qabiliyyəti
deməkdir.
Pedaqoqun peşə mobilliyi sosial mobilliyin
tərkib hissəsi kimi karyeranın qurulmasında,
vertikal və üfiqi formada özünü göstərə bilər.
Vertikal pedaqoji mobillik pedaqoqun çeviklik,
divergentlik (psixoloji inkişaf prosesində
rəngarəngliyin artırılması), konvergentlik (seçicilik
qabiliyyətinin güclənməsi), müzakirə etmək
qabiliyyəti, fəal sosial-mədəni mövqe tutmaq
kimi keyfiyyətlərə malik olmasını nəzərdə tutur.
Vertikal mobillik - bu, təhsil sahəsində
inzibati nərdivan üzrə hərəkətdir. Məsələn,
müəllim-direktor müavini-direktor-təhsil şöbəsi
müdiri. Pedaqoji mobillik - bu, pedaqoqun təhsil
prosesinin digər subyektləri (şagirdlər, onların
valideynləri, həmkarları, müdiriyyət) ilə
təhsilin müasir konsepsiyalarının məqsəd və
vəzifələri, dünya, milli və regional mədəni
dəyərlərə müvafiq olaraq birgə fəaliyyət qurmaq
bacarıqlarını, özünün sosial-mədəni və
sosial-peşə səriştəsini realizə etməsini nəzərdə
tutur.
Xarakterli insan
Pedaqoji əməyin psixologiyasında müəllim
şəxsiyyətinin xüsusiyyətlərini, fəaliyyətini və
pedaqoji ünsiyyət formalarını ayırd etmək qəbul
olunub. Müəllim şəxsiyyətinin psixoloji analizi
zamanı, ilk növbədə, pedaqoq peşəsinin
tələblərinə cavab verən, hərtərəfli, uğurlu
pedaqoji fəaliyyəti təmin edən cəhətləri,
xüsusiyyətləri qeyd edirlər. Müəllim
şəxsiyyətinin əhəmiyyətli keyfiyyət strukturunda
4 başlıca strukturaltı bloku ayırd edirlər:
1) İdeya-əxlaqi, mənəvi sima, 2) Pedaqoji
istiqamətlilik, 3) Pedaqoji - ümumi və xüsusi
qabiliyyət, 4) Pedaqoji bacarıq və vərdişlər.
Müəllimin peşəkarlığı özünü aşağıdakılarda
göstərir:
- tədris materialını şagirdlər üçün daha əlçatan
etməsində;
- müəllimin şagirdi anlamasında;
- peşəkar fəaliyyətinə yaradıcı münasibətində;
- uşaqların müşayiət olunması və onlara
psixoloji-pedaqoji dəstək göstərməsində.
Pedaqoji proses məntiqindən çıxış edərək
müəllimin vacib peşəkarlıq xüsusiyyətlərini və
onun pedaqoji keyfiyyətlərini belə qruplaşdırmaq
olar:
a) pedaqoji erudisiya;
b) pedaqoji texnologiyaya malik olma;
c) pedaqoji diaqnostikanı bilmək;
d) pedaqogika üzrə elmi-tədqiqat işi.
Yeni nəsil müəllim bir sıra kompetensiyalara da
malik olmalıdır:
- koqnitivlik (peşə-pedaqoji erudisiya);
- psixoloji (emosional mədəniyyət və pedaqoji
kamillik);
- kommunikativ (pedaqoji takt və ünsiyyət
mədəniyyəti);
- ritorik (peşəkar mədəni nitq);
- peşə-texniki (müasir texnologiyalar və onların
tətbiq olunması metodları);
- peşə-informasiya (monitorinq və diaqnostika).
Səriştəli müəllim əsas psixoloji-pedaqoji
biliklərə yiyələnmiş, peşəkar vərdiş və
bacarıqlara sahib, nəinki öz fəaliyyətini
planlaşdıra bilən, həm də pedaqoji prosesləri
idarə edə bilən, təhsil prosesindəki istənilən
dəyişikliklərə çevik münasibət bildirən
mütəxəssisdir. Səriştəlilik nöqteyi-nəzərindən
müəllimin şəxsiyyəti onun daxili bütövlüyü,
peşəkarlığı ilə sıx olan dəyərlər sistemi ilə
bağlıdır. Müəllim cəmiyyətdə müəyyən
sosial-əxlaqi funksiyaların könüllü həyata
keçirilməsinə meyil göstərən və bir fərd olaraq
özünün bütün imkan və qabiliyyətlərini bu işə
sərf edən bir insan kimi çıxış edir.
Daim axtarışda
Müəllim axtarış rejimindədir və o, özünün
fəaliyyətini peşəkarlıq nöqteyi-nəzərdən daim
təhlil edir, gözdən keçirir, qiymətləndirir,
pedaqoji fəaliyyətinin keyfiyyətini artırmağa
çalışır.
Peşə-təhsil nöqteyi-nəzərdən müəllim:
- Peşəkar və şəxsi özünütəhsili həyata
keçirməyə, gələcək peşə karyerasını və gələcək
təhsil yolunu layihələşdirməyə qabildir;
- Müxtəlif təhsil müəssisələrinin müxtəlif
təhsil səviyyələrində təhsil prosesinin təşkili
və həyata keçirilməsində müasir metod və
texnologiyaları tətbiq etməyə qabildir;
- Müasir diaqnostik texnologiyaları tətbiq
etməyə və təhsil prosesinin keyfiyyətini
qiymətləndirməyə hazırdır;
- Təhsil mühitini formalaşdırmağa və innovativ
təhsil siyasətinin vəzifələrinin
reallaşdırılmasında öz qabiliyyətindən istifadə
etməyə qabildir;
- Şagirdlərin tədqiqat işlərinə rəhbərlik etməyə
qadirdir.
Elmi-tədqiqat fəaliyyəti sahəsində müəllim elmi
tədqiqatların nəticələrini təhlil etməyi və
onları konkret təhsil və tədqiqat məsələlərinin
həllində tətbiq etməyi bacarmalıdır. Müəllim
tədqiqat məsələlərinin orijinal həllində fərdi
kreativ qabiliyyətlərdən istifadə etməyə, müasir
elmi metodlardan istifadə etməklə müstəqil
surətdə elmi tədqiqat işlərini həyata keçirməyə
hazır olmalıdır.
Ümummədəni nöqteyi-nəzərdən müəllim özünün ümumi
intellektual və ümumi mədəni səviyyəsini
təkmilləşdirməli və inkişaf etdirməlidir. Təhsil
və peşə məsələlərinin həllində elm və təhsilin
müasir problemlərinə dair biliklərdən istifadə
etməlidir. Yeni tədqiqat metodlarını müstəqil
surətdə mənimsəyə, özünün peşəkar fəaliyyətinin
elmi yönümünü dəyişdirə, peşə vəzifələrinin
həlli üçün resurs-informasiya bazası yaratmaqla
informasiya texnologiyalarının köməyi ilə
müstəqil surətdə praktiki fəaliyyətdə yeni bilik
və bacarıqlar əldə edə və onlardan geniş
istifadə edə bilər.
İdarəçilik mövqeyindən o, idarə olunan sistemin
inkişafının ümumi və spesifik
qanunauyğunluqlarına uyğun olaraq menecmentin
innovativ texnologiyalarından istifadə etməklə
idarəetmə prosesinin reallaşdırılmasını tədqiq
etməyə, layihələndirməyə, təşkil etməyə və
qiymətləndirməyə hazırdır.
Müəllim informasiya texnologiyaları və xarici
təcrübə əsasında təhsilin keyfiyyətinə nəzarətin
forma və metodları, eləcə də nəzarət-ölçü
materiallarının müxtəlif növlərini, təhsilin
məzmununu, texnologiyasını və konkret təhsil
metodikasını layihələndirməyə hazırdır.
Yeni məktəbin müəllimi təhsil mühitinin
qiymətləndirilməsi üzrə monitorinq həyata
keçirir. Monitorinq strateji və taktiki
qərarların qəbulu üçün informasiya təqdim edir.
Bundan başqa, monitorinq müəllimin peşəkar
fəaliyyətində onun özü üçün də əsas iş forması
və metoduna çevrilir. Monitorinqin
subyektlərinin fəaliyyəti analitik və toplayıcı
xarakter daşıyır. Monitorinqin məzmunu müəllimin,
pedaqoqun peşəkarlıq səviyyəsini əks etdirir. Bu
və ya digər strategiyanın işlənib hazırlanması
məktəbin hazırda hansı mövzu üzərində işləməsi
ilə bağlıdır.
Müəllim imkanlarının genişlənməsi
Müəllimin özünütəhsili (əgər bu təkcə dar
didaktik məqsədlə bağlı deyil və mütəxəssisin
şəxsiyyət kimi hərtərəfli inkişafı ideyasından
qaynaqlanırsa) çox vacibdir. Əgər müəllim
informasiyalardan özünün şəxsiyyətinin inkişafı
üçün nə qədər fəal istifadə edirsə, onun
pedaqoji fəallığı bir o qədər artır. Və daha çox
informasiya pedaqoqun təhsil vermə alətinə
çevrilir. Pedaqoji özünütəhsil - bu, ali
məktəbdə əldə olunmuş biliklərin
genişləndirilməsi deməkdir. Müəllimin
peşəkarlığının təşəkkülünün müxtəlif
mərhələlərində özünütəhsil məzmun və
metodologiyasına görə çox əhəmiyyətlidir.
Peşə mobilliyinin inkişafının vacib stimulu kimi
vahid pedaqoji ideologiyaya malik yaradıcı
qrupların yaradılmasını göstərmək olar. Yeni
müəllim obrazı elmi tədqiqat, yaradıcı
fəaliyyətdə onun iştirak etmək qabiliyyəti
olmadan mümkün deyil. Buna görə də müəllimin
hələ tələbəlik illərindən elmi tədqiqat
fəaliyyətinə cəlb olunması müasir pedaqoq
peşəsinin obyektiv tələbidir.
Ənənəvi institutların yeni vəzifələri
Yeni sosial-iqtisadi şəraitdə pedaqoji kadrların
peşəkar fəaliyyətə hazırlığı pedaqoji ali
məktəblər qarşısında peşəkar pedaqoji hazırlığın
əsaslarının, praktik yönümlülüyünün,
inteqrativliyin və varisliyin güclənməsi kimi
yeni vəzifələr qoyur:
- informasiya və digər müasir texnologiyaların
reallaşdırılması, tələbələrin kompüter
biliklərinin yüksəldilməsi;
- pedaqoji kadrların ixtisasartırma və
yenidənhazırlanma sisteminin daha da inkişaf
etdirilməsi.
Pedaqoji təhsilin modernləşdirilməsinin əsas
istiqamətlərindən biri müasir müəllim
hazırlığının məzmun və strukturunun
təkmilləşdirilməsidir. Müasir şəraitdə pedaqoji
kadr hazırlığı proqramları aşağıdakı əsasda
qurulmalıdır:
- Səriştəli yanaşma;
- Təhsilin çoxpilləliyi;
- Təhsil proqramlarının varisliyi və
variativliyi;
- Elm və təhsil prosesinin inteqrasiyası,
tələbələrin fəal surətdə elmi tədqiqatlara cəlb
olunması;
- Müasir təhsil texnologiyalarından istifadə
olunması;
- Təlim-tərbiyə prosesinin təşkilinin yeni
formaları və təhsilin keyfiyyətinin
qiymətləndirilməsinin dünya birliyi tərəfindən
qəbul olunmuş prinsiplərinin təmin olunması.
Müasir məktəblər üçün yeni müəllim hazırlığının
vacib istiqamətlərindən biri psixoloji-pedaqoji
hazırlıqdır ki, bu da özündə müasir məktəb
qarşısında duran vəzifələri həll edə biləcək
pedaqoqun formalaşdırılmasını nəzərdə tutur.
Müasir müəllim necə olmalıdır məsələsinə biz
pedaqoji təhsilin vəzifəsi kimi, pedaqoq
peşəsinin nüfuzunun, onun keyfiyyətinin,
rəqabətqabiliyyətinin yüksəldilməsi kimi baxırıq.
hazırladı: Yusif ƏLİYEV
Tərcümə etdi: Oruc MUSTAFAYEV |