Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

Təhsil muzeyi ölkəmizin təhsil tarixi məbədidir

 

Azərbaycanın  təhsil  tarixi  hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir.
İlham ƏLİYEV
 

Muzeylər hər hansı bir xalqın əsrlər boyu yaratdığı milli mənəvi dəyərləri, maddi və mədəni irsini qoruyub saxlayan, nəsildən-nəslə, keçmişdən gələcəyə ötürən bir məbəddir. "Muzey" anlayışı latın mənşəli yunan sözü olan "museion" - muzalar məbədi, "musa" - muza sözündəndir. Muza - qədim yunan mifologiyasında incəsənət və elm ilahəsinin adıdır, ilham mənbəyi deməkdir.  "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanununda "muzey - maddi - mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi - tədqiqat müəssisəsi" kimi təsbit edilmişdir.  Muzeylər tarixi abidələri qoruyub saxlayan bir elmi - maarif müəssisəsi, hamı üçün müyəssər olan tarix, elm, incəsənət, mədəniyyət xəzinəsidir.

Muzeylər çox qədim tarixə malikdir. İlk muzeylər e.ə.XVI əsrdə Kritdə, e.ə.XIII - XII əsrlərdə Çində, e.ə. VII əsrdə Nineviyada (İraq), e.ə. III əsrdən qədim Yunanıstanda və Romada əsasən saraylarda sənədlər, şəhadətnamələr və estetik dəyərə malik əşyalar kompleksi şəklində, həmçinin məbədlərin və bəzi şəxslərin kolleksiyaları kimi meydana gəlmişdir.

Azərbaycanda müasir tipli muzeylər XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlsə də, onun sələfi olan kolleksiyaçılıq ənənələrinin tarixi çox qədimdir. E.ə. sonu, eləcə də eramızın ilk əsrlərində Atropatena və Albaniyanın  hökmdar saraylarında, məbəd və kilsələrdə qiymətli əşyaların, nadir sənət əsərlərinin, dünyəvi və dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub saxlanıldığı məlumdur. Azərbaycan hökmdarları - Cavanşir (VII əsr), Məhəmməd Cahan Pəhləvan (XII əsr), Qızıl Arslan (XII əsr) və bir çox başqaları mədrəsələr, məscidlər, rəsədxanalar, karvansaralar, ovdanlar, xəstəxanalar tikdirməklə yanaşı zəngin kitabxanalar yaratmış, öz saraylarında poeziya, musiqi, rəsm məclisləri təşkil etmiş, alimlərə, şairlərə, sənətkarlara hamilik etmişlər.

Elxanilər və Eldənizlər dövründə Azərbaycanda mədəniyyət daha da inkişaf etmişdi. Görkəmli dövlət xadimi, alim və şair Fəzlullah Rəşidəddinin (1247-1318) təşəbbüsü ilə XIII əsrdə Təbriz yaxınlığında salınan Rəşidiyyə şəhərciyində digər tikililərlə yanaşı, 60 mindən artıq kitab fondu olan iki böyük kitabxana da fəaliyyət göstərirdi. Öz dövrünün bu böyük elm mərkəzində qiymətli sənət əsərləri, nadir əlyazmalar mühafizə olunur, tanınmış alimlər, hakimlər, şairlər, rəssamlar çalışırdılar.

Görkəmli dövlət xadimlərindən Uzun Həsənin (1468-1478) Təbrizdə tikdirdiyi Nəsriyyə və Məqsudiyyə mədrəsələrində elm və sənət inciləri mühafizə olunurdu, Ağqoyunlu hökmdarı Sultan Yaqub (1478-1490) isə zəngin kitabxanası, əlyazma fondu, mədrəsələri və xəstəxanası olan, dünya memarlığının şah əsərlərindən sayılan Həşt behişt (Səkkiz cənnət) saray kompleksini (1483) inşa etdirmişdi. Bu sarayda dövrün müasir muzeyçilik fəaliyyətinin prototipi olan kolleksiyaçılıq ənənələri daha da inkişaf etdirildi. Həmin dövrdə qiymətli əşyalar, əsasən, xəzinələrdə və saray kitabxanalarında qorunub saxlanılırdı. Saray kitabxanası sadəcə kitabxana olmayıb, həm də böyük elm və incəsənət mərkəzi, təhsil ocağı, muzey əşyalarının qorunduğu böyük bir dövlət müəssisəsi rolunu oynayırdı. I Şah İsmayılın, I Təhmasibin dövrlərində Təbriz və Qəzvinin saray kitabxanalarında və rəssamlıq emalatxanalarında dövrünün tanınmış azərbaycanlı rəssamları - Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli Təbrizi, Müzəffər Əli və b. yaradıcılıqla məşğul olurdu. XVI əsrin sonlarında Məhəmmədi, Sadıq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi kimi Azərbaycan sənətkarları Qəzvində və İsfahanda saray kitabxanalarında işləmiş, bu kitabxanalarda qorunub saxlanılan qiymətli əşyalar fondunu gözəl rəsm əsərləri ilə zənginləşdirmiş, İsfahan miniatür məktəbinin meydana gəlməsində və inkişaf etməsində  həlledici rol oynamışlar.

XIX əsrdə Azərbaycandakı ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən muzey və kolleksiyaçılıq ənənələrinə ciddi ziyan vurdu. Ara çəkişmələri, müharibələr nəticəsində bir çox qiymətli maddi-mədəniyyət abidələri məhv edildi, qalanları isə yad ölkələrə aparıldı. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycana təcavüzü nəticəsində Gəncə, Qarabağ, İrəvan, Talış xanlıqlarının xəzinələri qarət olundu, buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri talan edildi.

1826-1828-ci illər Rusiya-İran müharibəsinin sonunda rus generalları Şeyx Səfi kompleksinə məxsus zəngin, qiymətli əşyaları apardılar.

Çarizm dövründə Azərbaycanda muzeylərin təşkili işi məqsədyönlü şəkildə ləngidilir, bu ərazidə aşkar edilən qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilirdi.

Azərbaycanda müasir tipli muzeylərin təşkili tarixi XIX əsrdən başlayır. Həmin əsrin axırlarında Naxçıvanın Nehrəm kənd məktəbində C.Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə muzey yaradılması faktı məlumdur. XX əsrin əvvəllərində Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji Muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzey olmuşdur.

Azərbaycanda dövlət səviyyəsində ilk rəsmi muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə yaradılmış İstiqlal Muzeyidir.

Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılmış və parlamentin nəzdində fəaliyyət göstərmişdir. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "İstiqlal" muzesi olmasını əhəmiyyətli görürüz".

Muzeydə Azərbaycanın azadlıq və istiqlalına dair sənəd və materiallar, tarixi və maddi-mədəniyyət örnəkləri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar və s. toplanmışdı. Muzeyin açılışına hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da tərtib olunmuş bir sənəddə muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond - satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə əks olunmuşdu. Sənəddə göstərilirdi ki, muzeyə verilən hər bir əşya milli sərvətdir, əşya sahiblərinin ailə üzvləri gələcəkdə onları tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Sənədin 3-cü bəndində deyilirdi: "İstiqlal muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz".

Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti rəyasət heyətinin hesabına idi. Aprel işğalından (1920) sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları, Quranın nadir nüsxələri, müxtəlif əlyazmaları, dekorativ - tətbiqi sənət nümunələri və s. Moskvadakı İnqilab muzeyinə aparıldı.

Muzey beş aya yaxın fəaliyyət göstərmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarifi Komissarlığında muzey - ekskursiya şöbəsi açılmış və onun ilk iclasında xüsusi tədris muzeylərinin təşkil edilməsi qərara alınmışdı. 1920-ci ilin oktyabrında Azərbaycan SSR Dövlət Muzeyi yaradıldı.

XX əsrin 20-ci illərində Bakıda İnqilab və Əmək Muzeyi, Kənd Təsərrüfatı Muzeyi, həmçinin Gəncə, Naxçıvan, Şəki, Lənkəran və b. şəhərlərdə tarix-diyarşünaslıq muzeyləri təşkil olunmuşdu. Sonralar Azərbaycan SSR Dövlət Muzeyinin müvafiq şöbələri əsasında Azərbaycan Təbiət Tarixi Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936) yaradıldı. Dövlət Muzeyi 1936-cı  ildən Azərbaycan Tarixi Muzeyi adlanır.

1935-ci ildə SSRİ EA-nın Azərbaycan filialı nəzdində Din Tarixi və Ateizm Muzeyi təşkil olundu. 1939-cu ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılması qərara alındı. Həmin muzey 1945-ci ilin may ayından fəaliyyət göstərir. 1945-ci ildə  Azərbaycanda 22, 1969-cu ildə isə 29 muzey var idi. 50 - 60-cı illərdə Azərbaycanda xeyli yeni muzeylər yaradıldı.

Respublikada görkəmli ictimai-siyasi, dövlət və mədəniyyət xadimlərinin, tanınmış yazıçıların ev-muzeylərinin, həmçinin xatirə - memorial komplekslərinin geniş şəbəkəsi yaradılmışdır.

Respublikanın əksər rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Bakı, Gəncə, Naxçıvan, Quba, Şəki, Şamaxı, Lənkəran və b. şəhərlərdə, bir sıra rayonların ərazisində tarixi - memarlıq abidələri bərpa edilmiş, bu abidələrdə maraqlı ekspozisiyalar qurulmuşdur. Həmin muzeylərdə əsasən regional əhəmiyyət daşıyan arxeoloji materiallar, maddi-mədəniyyət nümunələri, incəsənət əsərləri, müxtəlif əşyalar, fotoşəkillər, sənədlər, dekorativ - tətbiqi sənət məmulatları və s. saxlanılır.

Azərbaycanda muzey şəbəkəsi XX əsrin 70-ci illərindən başlayaraq daha intensiv inkişaf etdirilmişdir. Respublikada 1969-2006-cı illər arasında 100-dən artıq yeni muzey yaradılmışdır.

Keçən əsrin 80-90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə tarixi-memarlıq abidələri, xatirə-memorial kompleksləri və muzey-qoruqlar tamamilə dağıdılmışdır. Şuşa şəhərində Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və b.-nın ev-muzeyləri məhv edilmiş, rəsm qalereyası, Şuşa şəhər Tarix Muzeyi, Xocalıdakı Tunc dövrünə aid kurqanlar, Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər dağıdılmışdır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə 223 muzey (Azərbaycanın statistik göstəriciləri - 2010. səh.268) fəaliyyət göstərir. Onlardan biri də Təhsil Nazirliyi sistemində olan Xalq Təhsili Muzeyidir.

Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycanda sovet hakimiyyətinin qurulmasının (1920) və Zaqafqaziya Federasiyasının yaradılmasının (1922) 10 illiyinə həsr edilmiş sərginin keçirilməsi ilə əlaqədar 1930-cu ildə xüsusi qərar qəbul edir. Bu sərgilərdə xalq təsərrüfatının digər sahələri kimi, xalq maarifinin də inkişafını əks etdirən bölmə yaradılır. Sərginin xalq maarifi üzrə ekspozisiyası 1930-cu ildə Leninqradda (Peterburqda) keçirilən Ümumittifaq, bir müddət sonra isə Almaniyanın Leypsiq şəhərində keçirilən beynəlxalq sərgidə nümayiş etdirilmiş, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.

Azərbaycan SSR Xalq Komissarları Soveti sərgilərdə uğurla nümayiş etdirilən xalq maarifi ekspozisiyasının bazasında "Xalq Maarifi Muzeyi"nin yaradılması haqqında 1932-ci il aprelin 27-də 651 nömrəli qərar qəbul etdi.

Xalq Təhsili Muzeyində Azərbaycanda ən qədim zamanlardan başlayaraq müasir dövrə qədər pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işləri, albomlar, maketlər, hədiyyələr, məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin iş təcrübəsindən nümunələr və s. nümayiş etdirilir.

Hazırda Xalq Təhsili Muzeyi qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin və təhsilin inkişafı tarixini əks etdirən, bütövlükdə təhsil sisteminin nailiyyətlərini təbliğ edən respublika əhəmiyyətli müəssisədir. Muzeydə təhsil sahəsində böyük xidmətləri olan maarifçilər, elm xadimləri, pedaqoq - alimlər, ziyalılar, iş təcrübəsi geniş yayılan qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə dair sənəd və materiallar nümayiş etdirilir.

Muzeyin xronoloji ardıcıllığa riayət edilməklə elmi-tarixi əsaslar üzərində qurulmuş daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir.

I salonun ekspozisiyası qədim zamanlardan başlayaraq XIX əsrin II yarısına qədər olan dövrdə, II salondakı materiallar XIX əsrin ikinci yarısı və  XX əsrin əvvəllərində,  III salonun ekspozisiyası 1918-1940-cı illərdə təhsilin inkişaf tarixini əks etdirir. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilə xüsusi bölmə ayrılmışdır.  IV  salonun ekspozisiyası Azərbaycanda ali və orta ixtisaslı kadrların hazırlanmasına və ixtisasartırmaya aid sənəd və materialları əhatə edir. 1941-1980-ci illərdə təhsilin, xüsusilə texniki  peşə təhsilinin inkişaf tarixinə, həmçinin uşaq evləri, internat-məktəblər və axşam fəhlə-gənclər məktəblərinin yaranmasına dair sənəd və materiallar muzeyin V salonunun ekspozisiyasında işıqlandırılmışdır.

Muzeyin VI salonu - böyük salon müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı bu salonun ekspozisiyasının əsas istiqamətidir.

Salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı və  keyfiyyətinin yüksəldilməsi naminə fəaliyyətinə həsr edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının parlaq təcəssümü olan sənəd və materiallar salonun bu bölməsində nümayiş etdirilir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələri çərçivəsində fəaliyyəti həmin bölmədə əks etdirilir.

Salonun ikinci bölməsində müstəqillik illərində Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir.

Həmin bölmədə Təhsil Nazirliyinin fəaliyyətini və təhsil sahəsində beynəlxalq əlaqələri əks etdirən sənəd, material və hədiyyələrə xüsusi yer ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI - XIII qurultaylarına dair materiallar da nümayiş etdirilir.

Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə, gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir. Vitrinlərdə uşaq, yeniyetmə və gənclərin, həmçinin müəllimlərin hazırladıqları tətbiqi sənət nümunələri, müxtəlif əl işlərinə də  yer verilmişdir.

Xalq Təhsili Muzeyi zəngin mütərəqqi ənənələrə, milli mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini əhatə edən sənəd və materialları qoruyub saxlayır və muzeyə gələnlərə nümayiş etdirir.

Hazırda muzeyin əsas fondunda 31741 eksponat vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada nümayiş etdirilir. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ali və orta ixtisas təhsili müəssisələri, digər ali məktəblərin pedaqoji yönümlü fakültələri "Pedaqogika" və "Pedaqogika tarixi"ndən  müvafiq mövzular üzrə mühazirə və seminarları muzeyin salonlarında keçirə bilərlər. Bunun üçün muzeydə müvafiq şərait vardır. Şagirdlərin, tələbələrin, müəllimlərin, alim-pedaqoqların ekskursiyalarının da təşkil edilməsi təlim-tərbiyə işinin vacib məsələlərindəndir.

Respublika Xalq Təhsili Muzeyi eyni zamanda təhsil müəssisələrində fəaliyyət göstərən muzeylər üçün elmi-metodik mərkəzdir. Hazırda ölkəmizin təhsil müəssisələrində 300-dən artıq muzey fəaliyyət göstərir ki, onların böyük əksəriyyətini "Heydər Əliyev", "Hərbi vətənpərvərlik" və "Tarix - diyarşünaslıq" muzeyləri təşkil edir. Bu muzeylərin imkanlarından səmərəli istifadə edən pedaqoji kollektivlər gənc nəslin təlimi və tərbiyəsinin keyfiyyətini yüksəltməkdə müvəffəqiyyətə nail olurlar.

Cəmiyyətin muzeylərə olan mənəvi tələbatı durmadan artır. Bu proses hazırda bütün dünyada gedir. İnsanların artan mənəvi və intellektual ehtiyaclarını müasir tələblərə uyğun ödəmək üçün Xalq Təhsili Muzeyinin əməkdaşları daim axtarışdadırlar. 

Arif MURADOV,
muzeyin direktor müavini,  respublikanın əməkdar müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov