Azərbaycan Respublikası təhsil nazirinin
"Beynəlxalq Kimya İli"nə həsr olunmuş Tədbirlər
Planının təsdiq edilməsi haqqında" əmrinə əsasən
aprelin 15-də Bakıdakı 49 nömrəli "İntellekt"
məktəb-liseydə akademik Yusif Məmmədəliyevin
anadan olmasının 105 illik yubileyi çərçivəsində
elmi-praktik konfrans keçirildi. Tədbirin
keçirilməsində məqsəd ensiklopedik biliyə malik
olan Y.Məmmədəliyevin elmi-ictimai fəaliyyəti və
kimya sahəsindəki uğurları haqqında şagirdlərə
məlumat vermək, praktik təcrübələr aparmaq idi.
Tədbirdə
məktəb-liseyin müəllim və şagird kollektivi ilə
yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, kimya elmləri doktoru, professor
Vaqif Abbasov, BDU-nun Kimyanın tədrisi
metodikası kafedrasının müdiri, kimya elmləri
doktoru, professor Əyyub Əzizov, TPİ-nin
Kurikulum Mərkəzinin Ümumi orta və tam orta
təhsil şöbəsinin müdiri Akif Əliyev,
təbiət-riyaziyyat fənlərinin təlimi bölməsinin
böyük elmi işçisi Mürşüd Fərəcov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Əfqan
İsgəndərov, Səbail rayonunda yerləşən
məktəblərin direktorları və kimya müəllimləri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Təhminə Əsədova akademik Yusif Məmmədəliyevin
kimya elminə verdiyi töhfələrdən söz açdı.
Bildirdi ki, XX əsrin böyük kimyaçı alimi
Y.Məmmədəliyev Azərbaycanda neft kimyasının
əsasını qoymuşdur. Xüsusən İkinci Dünya
müharibəsi zamanı Azərbaycan neftinin nə qədər
mühüm əhəmiyyət kəsb etdiyini bütün dünya bilir.
O vaxt Sovetlər ölkəsində hasil edilən neftin
70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı.
Ancaq iş təkcə bu neftin çıxarılması deyildi,
əsas məsələ bundan neft məhsullarının alınması
və o məhsulların keyfiyyəti idi. Bu sahədə Yusif
Məmmədəliyevin xidmətləri həddindən artıq
qiymətlidir və tarixi əhəmiyyət kəsb edir. Yusif
Məmmədəliyev böyük maarifçi olubdur. O, ilk əmək
fəaliyyətinə müəllimliklə başlayıb. Azərbaycan
Dövlət Universitetində, Dövlət Neft və Kimya
İnstitutunda və Moskva ali məktəblərində kimya
fənninin sirlərini öyrədib. Y.Məmmədəliyevin
mühazirələri, tələbələrə verdiyi biliklər və
göstərdiyi qayğı onun əsl mənada müəllim
olduğunu sübut edirdi. Ona görə də xatirələrdə
böyük müəllim kimi yaşayır və yaşayacaqdır.
T.Əsədova belə tədbirlərin şagirdlərə müsbət
təsir edəcəyini və onların gələcəkdə bir ziyalı
kimi yetişməsində müsbət rol oynayacağını
bildirdi.
Sonra
söz professor Vaqif Abbasova verildi. O, XXI
əsrin texnologiyalar və texnika əsri olduğunu və
belə şəraitdə kimya və biologiya elminin nə
qədər böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Bildirdi ki, kimya elmi müasir dövrdə istər
ekoloji problemlərin həllində, istərsə də
torpaqda, suda, havada monitorinq aparılması
üçün ən vacib amildir. Dövrümüzün ən aktual
problemlərindən biri də qida məhsulları ilə
bağlıdır ki, bu da müəyyən mənada kimya elminə
olan ehtiyacı artırır. Mövcud problemlərin
aradan qaldırılmasında kimya elminin əhəmiyyətli
rolunu nəzərə alaraq 2011-ci il BMT tərəfindən
"Kimya ili" kimi elan olunmuşdur. "Kimya ili"nin
elan olunmasında məqsəd insanlar arasında,
xüsusilə gənclərdə kimya elminə marağı
artırmaqdan ibarətdir. Düşünürəm ki, görülən
tədbirlər öz faydasını verəcək.
Professor V.Abbasov bu işdə ən böyük vəzifənin
KİV nümayəndələrinin və təhsil işçilərinin
üzərinə düşdüyünü vurğuladı. Məsələn, insanlar
arasında belə bir fikir formalaşır ki, kənd
təsərrüfatı məhsullarının yetişdirilməsində
kimyəvi maddələrdən istifadə etmək zərərlidir.
Bu, çox yanlışdır. Çünki torpağın münbit qatı
çox azdır və bitkiyə lazım olan qida elementləri
bir neçə ildən sonra azalır. Təsadüfi deyil ki,
dünyada 600 milyondan çox insan azot gübrəsindən
əldə olunan qidalar hesabına yaşayır. Ona görə
də KİV-də bu mövzuya xüsusi diqqət yetirilməli,
hər bir elm adamı əhalini bu yöndə
maarifləndirməlidir. Məktəblərdə bu yöndə
aparılacaq işlər ciddi xarakter daşıyır. Hesab
edirəm ki, ümumtəhsil məktəblərində kimya
dərslərinə ayrılan saatların artırılması və
tədris prosesinin genişlənməsi qarşıda duran
məsələlərdən biridir.
V.Abbasov Yusif Məmmədəliyevin elm sahəsində
əldə etdiyi uğurlardan söz açdı. Qeyd etdi ki,
alimin neftin və neft qazlarının katalitik emalı
sahəsində əldə olunmuş nəticələri bəşər
tarixinin böyük kəşfidir. Böyük alimin
xidmətlərindən danışan professor
Y.Məmmədəliyevin respublikamızda kimya elminin
qurucusu olduğunu və bu sahədə bir çox
mütəxəssis yetişdirdiyini vurğuladı. Bildirdi
ki, Azərbaycan təkcə neft ölkəsi kimi deyil, həm
də nefti yüksək səviyyədə emal edən ölkələrin
önündə durur. V.Abbasov belə tədbirlərin
keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirərək, ölkəmizdə gələcəkdə də
Y.Məmmədəliyev kimi alimlərin yetişəcəyinə
ümidvar olduğunu bildirdi.
Digər çıxış edənlər alimin keçdiyi həyat yolu,
elmi kəşfləri və ədəbi-ictimai fəaliyyəti
haqqında söhbət açdılar.
Sonra iştirakçılar siniflərdə keçirilən
fakültativ məşğələlərdə oldular. Kimya müəllimi
Sevda Axundovanın keçirdiyi təcrübə
iştirakçılarda maraq doğurdu. Təcrübənin
keçirilməsində məqsəd kimya fənninə marağı
artırmaq, dərslərdə əldə edilən nəzəri
biliklərin tətbiqinə nail olmaq, bacarıq və
vərdişləri mükəmməlləşdirmək, kimyanın həyatla
əlaqəsini göstərməkdən ibarət idi. Məktəbin 8,
9, 10, 11-ci sinif şagirdləri qruplara bölünərək
müxtəlif variantlarda təcrübələr apardılar.
Digər məşgələ isə kimya müəllimi Vəfa Tapdıqova
tərəfindən keçirildi. Məşğələ qruplar üzrə
aparıldı. Şagirdlər 4 qrupa bölündülər: "azot",
"karbon", "oksigen", "hidrogen". Əvvəlcə hər bir
qrup "Qazların bəhsi" haqqında məlumat verdi.
Sonra kimyəvi hadisələrdən, kəşflərdən biliklər
yoxlanıldı. Xörək duzunun, kibritin alınması
kimi təcrübələr aparıldı. Qrupların biri
Y.Məmmədəliyevin benzolu alkilləşdirərək
yüksəkoktanlı izopropil benzol yanacaq növü
alması haqqında geniş məlumat verdi.
Ədəbiyyat müəllimi Şahnaz Xəlilovanın təşkil
etdiyi məşğələdə isə görkəmli alimin kimya
məktəbinin yaradıcısı, kimyaçı alim olmaqla
yanaşı onun ədəbiyyat sahəsində də uğurları
olduğu nəzərə çatdırıldı. Akademikin yazdığı
şeirlər səsləndirildi. Haqqında yazılmış bədii
nümunələr musiqi ilə müşayiət olundu.
Sonda akademik Y.Məmmədəliyevin həyat və
yaradıcılığına həsr olunmuş videoçarx
izlənildi.
Niyazi RƏHİMOV |