Xüsusi qayğıya ehtiyacı olan uşaqlara
keyfiyyətli təhsil almaq imkanı yaratmaq,
onların ailələrinə dəstək vermək məqsədilə
2001-ci ilin iyulunda "Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikasının Qanunu
qəbul edilmişdir. Qanunda xüsusi təhsil
sahəsində dövlətin vəzifələri
müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud
uşaqların valideynlərinin və ya valideynlərini
əvəz edən şəxslərin inklüziv təhsil sahəsində
hüquq və vəzifələri öz əksini tapmış, bu
təhsilin təşkili və idarə olunması təsbit
olunmuşdur. Qanunun icrasının təmin edilməsi
məqsədilə Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar,
o cümlədən "İnteqrasiya təlimi təhsil
müəssisələrində təhsilin təşkili Qaydaları
haqqında" qərar qəbul edilmişdir.
Qanunun icrasının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3
fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə
"Azərbaycan Respublikasının xüsusi qayğıya
ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili üzrə İnkişaf
Proqramı (2005-2009-cu illər)" təsdiq edilmiş,
Azərbaycan Respublikası təhsil nazirinin 25 mart
2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən
İnkişaf Proqramının icrası ilə əlaqədar
fəaliyyət planı işlənib hazırlanmışdır.
Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Müəllimlər
İnstitutunda səmərəli işlər gedir. İlk növbədə,
institut rəhbərliyi 10 nəfər əməkdaşının layihə
ilə əlaqədar treninqlərdən keçməsi üçün şərait
yaratmışdır. İxtisasartırma və bakalavr
təhsilinin tədris-tematik planına inklüziv
təhsillə bağlı mövzular salınmışdır. AMİ və onun
filiallarının metodistləri və kafedra
müəllimləri üçün seminarlar təşkil edilmişdir.
2010-cu il dekabrın 2-də institutun Təhsildə
innovasiya kabineti "İnklüziv təhsil günün
tələbidir" mövzusunda konfrans keçirmişdir.
Görülən işlərin davamı olaraq aprelin 15-də
həmin layihə çərçivəsində "İnklüziv təhsilin
tətbiqi zamanı qarşıya çıxan problemlər və
onların həlli yolları" mövzusunda "dəyirmi masa"
keçirilmişdir.
"Dəyirmi masa"da Təhsil Nazirliyinin müvafiq
şöbəsinin əməkdaşı, AMİ-nin elmi işlər üzrə
prorektoru N.Abdullazadə, Sosial Xidmətlər
Təşəbbüslü qeyri-hökumət və UATA
təşkilatlarının, Müstəqil Həyat İnkişaf və
Dəstək Mərkəzinin, Təhsil Problemləri
İnstitutunun nümayəndələri, AMİ-nin bilavasitə
inklüziv təhsillə məşğul olan müəllim və
metodistləri, ümumtəhsil və xüsusi tipli
məktəblərin müəllim və müəllim köməkçiləri,
AMİ-nin tələbələri iştirak edirdilər.
"Dəyirmi masa"nı AMİ-nin Əlavə təhsil üzrə
prorektoru Rahim Əzizov açdı.
"İnklüziv təhsilin tətbiqi zamanı əldə olunan
uğurlar və qarşıda duran vəzifələr", "İnklüziv
təhsil bizə nə verir", "İnklüziv təhsildə
müəllim-valideyn əməkdaşlığı" və s. mövzularda
çıxışlar dinlənildi.
Çıxışlardan sonra mövzular ətrafında müzakirə
aparıldı və təkliflər irəli sürüldu. Təkliflər
ümumiləşdirilərək aşağıdakıların nəzərə alınması
və əlaqədar təşkilatların nəzərinə çatdırılması
məqsədəmüvafiq hesab edildi:
*
İnklüziv təhsilə cəlb edilən məktəblərin əhatə
dairəsi genişlənsin;
*
Valideynlər üçün maarifləndirmə işi
gücləndirilsin, bu məqsədlə mətbuat və
informasiya vasitələrindən geniş istifadə
edilsin;
*
Televiziyada bu mövzuda söhbətlər aparılsın,
reklam çarxları nümayiş etdirilsin;
*
Metodik və əyani vasitələr hazırlansın;
*
Uşaq bağçaları və məktəblərin qabaqcıl iş
təcrübəsi öyrənilsin, ümumiləşdirilsin və
yayılsın;
*
İnklüziv təhsilə qoşulan məktəb və bağçalarda
işləmək üçün loqoped, psixoloq və defektoloq
ştatları verilsin;
*
İnklüziv uşaqların təhsil alması üçün xüsusi
tipli məktəblər tikilsin;
*
İnklüziv təhsilə qoşulmuş məktəb və uşaq
bağçaları üçün alternativ tədris proqramı
hazırlansın;
*
Sosial işlə bağlı kurslar təşkil edilsin;
*
İnklüziv uşaqların həyatı davamlı olaraq
izlənilsin.
Tarixi inkişafın bütün mərhələlərində cəmiyyətdə
mövcud olan problemlər insanları düşündürmüş və
bunun həlli yollarının axtarılması dövrün vacib
məsələsi hesab edilmişdir. Belə problemlərdən
biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlara
təhsil almaq imkanı yaratmaq, onların ailələrinə
dəstək verməkdir. İnklüziv təhsilin inkişafı bir
çox qabaqcıl ölkələrin, eyni zamanda Azərbaycan
təhsil siyasətinin prioritetlərindəndir, bu
təhsil zamanın tələbidir.
Leyla ƏLİYEVA,
AMİ-nin Təhsildə innovasiya kabinetinin müdiri |