Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında 11-16 aprel
2011-ci il tarixində keçirilmiş ixtisasartırma
kursunun növbəti buraxılışı başa çatmışdır.
"Azərbaycan Respublikasının xarici siyasəti"
proqramı üzrə kursda icra hakimiyyəti
orqanlarının, müvafiq nazirlik, komitə və
idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Kursun əsas məqsədi Azərbaycanın xarici
siyasətinin vəzifələri, prinsipləri və əsas
istiqamətləri, müasir beynəlxalq münasibətlər
sistemində yeri və rolu, dövlətimizin beynəlxalq
aləmlə, dünya və region ölkələri ilə, eyni
zamanda beynəlxalq və regional təşkilatlarla
ikitərəfli və çoxtərəfli əlaqələri, dünyanın və
regionun təhlükəsizlik, əməkdaşlıq və
inteqrasiya proseslərinə qatılması, beynəlxalq
aləmdə cərəyan edən proseslərdə və transmilli
dünya siyasətində iştirakı kimi aktual məsələlər
və sair problemlərlə bağlı biliklərin
sistemləşdirilməsi, dinləyicilərə yeni
biliklərin verilməsidir.
Tematik plan üzrə kursda Heydər Əliyevin dövlət
idarəçilik təcrübəsi, müasir dövrdə Azərbaycan
Respublikasının xarici siyasətinin prioritet
istiqamətləri, Azərbaycan Respublikasının region
dövlətləri ilə münasibətləri, Ermənistanın
Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar
və digər məsələlər əhatə edilir.
Kurslarda Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası
Milli Məclisinin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli, Bakı Dövlət Universitetinin
professoru, millət vəkili Musa Qasımlı və digər
tanınmış alim-mütəxəssislər dinləyicilər
qarşısında xarici siyasətin müasir problemlərinə
dair müxtəlif mövzularda mühazirələrlə çıxış
etmişlər. Kursun keçirilməsi müddətində proqrama
uyğun olaraq iştirak edən dinləyicilər Diasporla
İş üzrə Dövlət Komitəsində praktikada olmuşlar.
Aprel ayının 16-da Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında həmin istiqamət üzrə
dinləyicilərin buraxılış mərasimi keçirilmişdir.
DİA-nın I prorektoru, professor Əlikram
Abdullayev kursun sonunda dinləyicilər
qarşısında çıxış etmiş, onlara kursu
müvəffəqiyyətlə bitirdiklərinə görə vəsiqələr
təqdim edərək gələcək işlərində uğurlar
arzulamışdır.
Şakir CƏFƏROV |