Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan
Partiyası Universitet şəhərciyi ərazi ilk
təşkilatının elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru,
akademik İsa Həbibbəyli açaraq təməli 1992-ci
ildə ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan Yeni Azərbaycan Partiyasının xalqımızın
milli müqəddəratında mühüm rol oynayan, ölkədəki
demokratik proseslərin önündə gedən, inkişaf və
rifah partiyası olduğunu vurğuladı. Millət
vəkili qeyd etdi ki, radikal müxalifətin ölkədə
ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə
rəğmən müxalifət partiyalarından YAP-a kütləvi
axın xalqın bu partiyaya inam və etimadını bir
daha təsdiqləyir.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının
sədri, əməkdar müəllim, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, dosent Kamal Camalov "Yeni
Azərbaycan Partiyasının inkişafında yeni mərhələ
və müasir vəzifələr" mövzusunda məruzə etdi.
Məruzəçi partiyanın böyük siyasi mübarizələr
yolu keçməsindən bəhs etdi. Qeyd olundu ki,
1992-ci ilin dekabr ayından fəaliyyətə başlayan
YAP Universitet şəhərciyi ərazi ilk partiya
təşkilatı gənclərin müstəqil dövlət
quruculuğunda yaxından iştirak etmələri,
dövlətçilik və vətənpərvərlik ruhunda
formalaşmaları istiqamətində mühüm işlər
görmüşdür. Təşkilat öz ətrafında intellektual
potensiala malik, siyasi-ictimai fəallığı ilə
seçilən 2011 siyasi həmfikri birləşdirir.
Əlamətdar hadisədir ki, 2010-cu ildə keçirilmiş
parlament seçkiləri zamanı təşkilatın idarə
heyətinin üzvü, rektor, akademik İsa Həbibbəyli
Azərbaycan Respublikası Milli Məclisinin, üç
nəfər universitet əməkdaşı isə Naxçıvan MR Ali
Məclisinin deputatı seçilmişlər. YAP Proqram və
Nizamnaməsinin tələbləri, möhtərəm ölkə
Prezidentinin, muxtar respublika rəhbərliyinin
gəncliyin qarşısına qoyduqları vəzifələr uğurla
həyata keçirilir. YAP Universitet şəhərciyi
ərazi ilk təşkilatının sədri bildirdi ki,
partiyanın üzvləri ümummilli lider Heydər
Əliyevin dövlətçilik ideyalarını rəhbər tutaraq
milli birlik, vətəndaş həmrəyliyi nümayiş
etdirəcək, ölkənin gələcək inkişafı yolunda
əzmlə çalışacaqlar.
Sonda YAP sıralarına yenicə qoşulmuş tələbələrə
üzvlük vəsiqələri təqdim olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|