Aprelin 15-də Azərbaycan Milli Aviasiya
Akademiyasında (AMAA) bu ali təhsil ocağının
rektoru, tanınmış alim, akademik Arif Paşayevin
Ukraynanın A.Popov adına Odessa Milli Rabitə
Akademiyasının (OMRA) fəxri doktoru seçilməsi
ilə əlaqədar tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə OMRA-nın rektoru,
professor Pyotr Vorobiyenko rəhbəri olduğu ali
təhsil ocağının Elmi Şurasının 2011-ci il 31
mart tarixli qərarı ilə akademik Arif Paşayevə
fəxri doktor adının verildiyini bildirmiş və
fəxri doktor diplomunu və mantiyasını ona təqdim
etmişdir. Rektor vurğulamışdır ki, A.Paşayev bu
akademiyanın məzunu olmuşdur. Onun təhsil aldığı
ali təhsil müəssisəsinin fəxri doktoru seçilməsi
bu akademiya üçün böyük əhəmiyyət daşıyır. Eyni
zamanda P.Vorobiyenko akademik A.Paşayevə
simvolik olaraq onun tələbə bileti və qiymət
kitabçasını da bağışlamışdır. Qeyd etmişdir ki,
bu hadisə həm AMAA və OMRA arasında əməkdaşlıq
əlaqələrinin, həm də Azərbaycan və Ukrayna
dostluğunun daha da möhkəmlənməsinə xidmət
edəcəkdir.
Odessa Milli Rabitə Akademiyasının yüksək fəxri
adına layiq görülməsinə görə bu ali təhsil
ocağının professor-müəllim heyətinə təşəkkürünü
bildirən akademik A.Paşayev vurğulamışdır ki,
təhsil aldığı, mütəxəssis kimi yetişdiyi
akademiyanın fəxri doktoru olması onun üçün
böyük şərəfdir. A.Paşayev əmin olduğunu
bildirmişdir ki, bundan sonra da iki təhsil
ocağı arasında əlaqələr yüksələn xətt üzrə davam
edəcəkdir.
Tədbirdə
iştirak edən Ukrayna Azərbaycanlıları Konqresi
sədrinin müavini Oleq Krapivin akademik
A.Paşayevə bu təşkilatın fəxri üzvü seçilməsi
ilə bağlı ona diplom və xatirə hədiyyələri
təqdim etmişdir.
Sonra qonaqlar Azərbaycan Milli Aviasiya
Akademiyasının hava gəmilərinin uçuş istismarı
kafedrasının dosenti, uzun illər Azərbaycanın
mülki aviasiya sistemində fəaliyyət göstərmiş
qocaman aviator Vitali Tarasovun 75 illik
yubileyi ilə bağlı tədbirdə iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci
vitse-prezidenti Sabir İlyasov yubilyarın 50
ildən artıq Azərbaycanın mülki aviasiya
sistemində çalışdığını qeyd etmişdir.
Vitse-prezident onu da əlavə etmişdir ki,
V.Tarasov hazırda akademiyada ixtisaslı
kadrların hazırlanmasında fəal iştirak edir.
Akademiyanın rektoru, akademik Arif Paşayev
yubilyarı təbrik edərək V.Tarasovun Azərbaycan
mülki aviasiyasının inkişafına töhfələrini
yüksək qiymətləndirmişdir. Sonra A.Paşayev
akademiya adından hədiyyə olaraq V.Tarasova
"Chevrolet Niva" avtomobilinin açarını və
sənədlərini təqdim etmişdir. |