Aprelin
21-də Gəncədəki 27 nömrəli məktəb-liseydə təhsil
naziri Misir Mərdanovun iştirakı ilə "Müasir
təhsilin davamlı inkişafı: reallıqlar,
perspektivlər" mövzusunda zona elmi-praktik
konfransı keçirildi. Konfransda Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil
Nazirliyinin nümayəndələri, Təhsil Problemləri
İnstitutunun əməkdaşları, Gəncə Şəhər Təhsil
İdarəsinin müdiri, Naftalan şəhər, Qazax,
Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən,
Samux, Göygöl, Goranboy rayon təhsil şöbələrinin
müdirləri, metodistlər, məktəb direktorları
iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov öncə məktəbin
foyesində şagirdlərin əl işlərindən ibarət
sərgiyə baxış keçirdi. Sonra təhsil naziri
riyaziyyat müəllimləri Yeganə Səfərovanın III
sinifdə, Nabat Qasımovanın isə IX sinifdə
apardıqları "açıq dərs"lərdə iştirak etdi.
Konfransı giriş sözü ilə açan təhsil naziri
Misir Mərdanov son illər respublikada aparılan
təhsil islahatları haqqında məlumat verdi.
Bildirildi ki, ölkənin davamlı inkişafı üçün
təhsil sahəsi ən vacib sahələrdəndir. Son illər
Gəncədə olan dinamik inkişafdan söz açan nazir
ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla
davam etdirən ölkə Prezidenti cənab İlham
Əliyevin regionların sosial-iqtisadi inkişafına
böyük diqqət yetirdiyini bildirdi, bu məqsədlə
qəbul olunmuş proqram çərçivəsində görülən
misilsiz işlər haqqında danışdı. Belə
tədbirlərin keçirilməsinin vacibliyini
vurğulayan Misir Mərdanov 11 rayon haqqında
statistik məlumatları slayder vasitəsilə
iştirakçıların nəzərinə çatdırdı.
(Konfrans haqqında geniş material qəzetimizin
növbəti nömrəsində dərc olunacaq) |
|