Fransada səfərdə olan Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva Parisdə Azərbaycan
mədəniyyəti günləri çərçivəsində bir sıra
görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir.
Aprelin
18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir
əsərləri" sərgisi açılmışdır. Sərginin açıldığı
tarixi "Vandom" meydanındakı "Eğvö" hotelində
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Fransanın mədəniyyət naziri Frederik Mitteran
ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı
yenidən Parisdə görməkdən məmnun olduğunu deyən
Frederik Mitteran ölkələrimiz arasında
mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə
qədəm qoyduğunu demişdir. O bu ilin fevralında
Parisdə Azərbaycan Respublikasının
müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə
həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük
uğurla keçdiyini bildirmişdir.
Frederik Mitteran demişdir ki, Fransa tərəfi
Azərbaycanda özünün mədəni irsinin nümayiş
etdirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Fransaya məxsus 100 mədəniyyət nümunəsinin
Azərbaycanda müxtəlif sərgilərdə nümayiş
etdirilməsi nəzərdə tutulmuşdur.
Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan
hökumətinin dəstək verdiyini bildirmiş və
demişdir ki, Heydər Əliyev Fondunun prezidenti
kimi bu tədbirin uğurla keçməsi üçün səylərini
əsirgəməyəcəkdir.
Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət
nazirini Azərbaycana səfərə dəvət etmişdir.
Dəvət məmnunluqla qəbul olunmuşdur.
***
Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət
naziri Frederik Mitteran ölkəmizin 18 modern
rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar
yurdu Azərbaycanın müasir əsərləri" adlı sərgiyə
baxmışlar. Sərgidə Azərbaycan rəssamlarından
Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim
və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir
Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça
ustalarının əsərləri nümayiş olunur. Ölkəmizi
tərənnüm edən bu sərgi Azərbaycan insanının
xarakterini Qərb tamaşaçısına çatdırmaq
baxımından əvəzsiz fürsət olmuşdur.
Görkəmli rəssamlarımızdan Tahir Salahovun,
Toğrul Nərimanbəyovun da iştirak etdikləri sərgi
odlar yurdu Azərbaycanın, mavi Xəzərin sahilində
qərar tutmuş, Şərq ilə Qərbin koloritinin
cəmləndiyi Bakının nadir gözəlliyini əcnəbi
auditoriyaya uğurla çatdırmışdır. Modern
rəssamlarımızdan Mikayıl Əbdürrəhmanov, Müseyib
Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Aida
Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar
Məmmədov və Fazil Nəcəfovun paytaxtımızın qədim
və müasir görkəmini əks etdirən əsərləri
tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Realist çalarlarla, fərqli forma və rənglərlə
maraq doğuran bu yaradıcılıq nümunələri bir
qədər sərt görünsə də, əslində heyrətamiz
gözəlliyi və maraqlı işlənmə texnikası ilə
diqqəti çəkmişdir. Sərginin zəngin ekspozisiyası
müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına
imkan vermişdir. Bir fikir də öz təsdiqini
tapmışdır ki, incəsənət həmişə insanın məkanda
tutduğu yeri ifadə edir. Amma müasir incəsənət
bu ideyanı yeni forma vasitəsilə həyata keçirir.
Avanqard yeni çalarlar, ritm, plastika və forma
ilə maraqlıdır. Həqiqətən, parlaq və orijinal
bir fenomen olan müasir Azərbaycan incəsənətinin
nümunələri də bu sırada özəlliyi ilə seçilir.
Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün
inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar
açır. Sərgidəki əsərlərdə daha çox
qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə
texnologiyası tətbiq edilmişdir. Fransız
sənətsevərlər böyük estetik zövq bağışlayan
əsərlərə maraqla tamaşa etmiş və bir daha
Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə
inkişaf etdiyinin şahidi olmuşlar.
***
Sonda Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın adından sərginin iştirakçılarına
ziyafət verilmişdir.
***
Azərbaycanın birinci xanımı, YUNESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva aprelin 19-da
YUNESKO-nun mənzil-qərargahına gəldi. Xoşməramlı
səfirə gül dəstəsi təqdim edildi.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva ilə YUNESKO-nun baş direktoru İrina
Bokovanın görüşü oldu. Görüşdə Azərbaycanın
birinci xanımını salamlayan YUNESKO-nun baş
direktoru bu yaxınlarda Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
böyük uğur qazandığını bildirdi. Qeyd etdi ki,
Bakı artıq mədəniyyətlərarası dialoq sahəsində
ənənəvi yer tutur. Təsadüfi deyil ki,
mədəniyyətlərarası dialoq YUNESKO-nun bütün
dünyada apardığı fəaliyyətin əsas
istiqamətlərindən biridir. Azərbaycanın birinci
xanımının bu sahədə rolunu xüsusi vurğulayan
İrina Bokova Mehriban Əliyevanı bu ilin
sentyabrında keçiriləcək YUNESKO-nun xoşməramlı
səfirlərinin illik toplantısına dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
Dəvətə görə YUNESKO-nun baş direktoruna
minnətdarlığını bildirən Mehriban Əliyeva Bakıda
keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna verdiyi dəstəyə görə İrina Bokovaya
təşəkkürünü bildirdi. Mehriban xanım Əliyeva bu
forumda qəbul edilən mühüm qərarların kağız
üzərində deyil, həyatda reallaşmasının
vacibliyini xüsusi vurğuladı və qeyd etdi ki,
məhz bu ideyanın həyata keçirilməsi üçün indi
beynəlxalq səylərə daha çox ehtiyac vardır.
Görüşdə Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişaf etdiyi, YUNESKO-da baş tutan budəfəki
mədəniyyət mərasiminin də bunun bariz nümunəsi
olduğu bildirildi.
Sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi
açıldı. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın, YUNESKO-nun baş direktoru İrina
Bokovanın iştirak etdikləri sərgidə coğrafi
mövqeyinə, naxış, kompozisiya, rəng həlli və
texniki xüsusiyyətlərinə görə Azərbaycan
xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil
olunmuşdur. Burada nümayiş etdirilən xalçalar
sərgiyə gələnlərdə böyük maraq doğurdu. Sərgidə
yer alan Qarabağ xalçaçılıq məktəbinin
nümunələri Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu bir daha hamının diqqətinə çatdırdı.
Bu sərgidən də göründü ki, Azərbaycanda
xalçaçılığın inkişafının qədim tarixi vardır.
Qədim və orta əsrlərdəki mənbələrdə Azərbaycan
xalçaları haqqında əksini tapan məlumatlar
xalqımızın milli sərvəti olan xalçaçılıq sənəti
barədə ən qiymətli faktları özündə əks etdirir.
Böyük tarixi inkişaf yolu keçən Azərbaycan
xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq
olunur. İndi Azərbaycan xalılarının sorağı
dünyanın ən məşhur saraylarından, muzeylərindən
gəlir.
Sərgidə nümayiş etdirilən xalçalar arasında ən
çox diqqət çəkən isə xalq rəssamı Tahir
Salahovun əsərlərini əks etdirən xalçalar idi.
Dünya şöhrətli Azərbaycan rəssamının ölkəmizin
maddi mədəniyyətini, tarixi şəxsiyyətlərini
işıqlandırdığı sənət əsərlərinin xalça həlli
qonaqlarda xüsusilə maraq doğurdu. Tahir
Salahovun fransız auditoriyasına yaxşı tanış
olan "Atəşgah", "Qız qalası", "Dədə Qorqud",
"Fikrət Əmirov", "Rostropoviç", "Qara Qarayev",
"Kosmosa uçuş", Fikrət Əmirovun "Min bir gecə"
baletinə çəkilən dekorasiyalar və digər məşhur
əsərlərinin xalça üzərində əksi sərgiyə
gələnlərə xoş ovqat bəxş etdi.
Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün
inkişaf dövrünü yaşayır. Xalqımızın milli
sərvəti olan xalçaçılığın inkişafı ilə bağlı
ölkəmizdə həyata keçirilən tədbirlər, ilk
növbədə, bu qədim el sənətinin yaşadılmasına
göstərilən diqqətdən irəli gəlir. Hazırda özünün
yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız
Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan
Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələrlə daha da zənginləşir, bu sənətin
inkişafı ilə bağlı görülən işlər xalçalarımızın
milli və dünyəvi dəyərini daha da artırır.
Azərbaycan xalçalarının YUNESKO-da nümayişi
böyük əks-səda doğurdu. Xalqımızın milli
kimliyinin, soydaşlarımızın arzu və istəklərinin
əks olunduğu bu xalçalar hər bir azərbaycanlının
qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla
çatdırdı.
***
Sonra təntənəli mərasim başladı. Mərasimi
YUNESKO-nun baş direktoru İrina Bokova açdı.
Qonaqları salamlayan İrina Bokova bildirdi ki,
bu gün YUNESKO-da Azərbaycan xalçalarının gözəl
sərgisi açılıb. Baş direktor Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın YUNESKO ilə
sıx əməkdaşlığına toxundu. Qeyd etdi ki,
Mehriban Əliyeva 2004-cü ildən YUNESKO-nun
xoşməramlı səfiridir və bu dövrdə öz fəaliyyəti
ilə YUNESKO ailəsinə böyük töhfələr verib.
Azərbaycanın birinci xanımı musiqi irsinin
qorunmasında, eləcə də mədəniyyətlərarası
dialoqun əldə edilməsində mühüm xidmətlər
göstərib. YUNESKO-nun baş direktoru Heydər
Əliyev Fondunun da bu sahədə təqdirəlayiq
fəaliyyəti ilə seçildiyini diqqətə çatdırdı.
Dünya musiqi sərvətinin incisi olan muğamın
YUNESKO-nun maddi mədəni irs siyahısına daxil
edildiyini vurğuladı. İrina Bokova bu gecənin
maraqlı keçəcəyinə əminliyini bildirdi və qeyd
etdi ki, bu gözəl mərasim hər bir kəsin
xatirəsində dərin iz buraxacaqdır.
Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva da qonaqları salamladı.
YUNESKO-nun xoşməramlı səfiri ölkəmiz haqqında
tədbir iştirakçıları ilə təəssüratlarını
bölüşərək bildirdi ki, qədim tarixə malik olan
Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə
demokratik respublika qurulub, müsəlman aləmində
ilk dəfə məhz bizim ölkədə qadınlara seçmək və
seçilmək hüququ verilib. Mehriban Əliyeva
ölkəmizin Ermənistanın işğalına məruz qaldığını
bildirərək qeyd etdi ki, buna baxmayaraq, bu gün
Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmizdə
böyük sosial-infrastruktur layihələri həyata
keçirilir, səhiyyə ocaqları, məktəblər tikilir.
Mehriban xanım Əliyeva YUNESKO-Azərbaycan
əməkdaşlığını yüksək qiymətləndirdi. Bildirdi
ki, bunu muğamın, Azərbaycan xalçalarının və
xalqımızın ən qədim bayramı olan Novruzun
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilməsi də göstərir. Heydər Əliyev
Fondunun fəaliyyətindən danışarkən Mehriban
Əliyeva diqqətə çatdırdı ki, Fond ölkəmizin
həyatında genişmiqyaslı fəaliyyət göstərir və bu
sırada YUNESKO ilə birgə həyata keçirilən
layihələr də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın birinci xanımı YUNESKO-da çıxış
edəcək musiqiçilərin - gənc istedadların öz
maraqlı ifaları ilə hamının qəlbində dərin iz
buraxacaqlarına ümidvar olduğunu bildirdi.
Sonra Azərbaycanın gənc istedadları YUNESKO-da
möhtəşəm konsert proqramı ilə çıxış etdilər.
İki aylıq fasilədən sonra Azərbaycan yenə də
Fransanın gündəmində idi. Azərbaycan
mədəniyyətinin Parisdə Fransa ictimaiyyətinə
yüksək səviyyədə təqdim olunması, ilk növbədə,
ölkəmizin malik olduğu mədəni zənginliyi
göstərdi. Digər tərəfdən, siyasi mahiyyəti ilə
də diqqət çəkən bu tədbirlər silsiləsi dünya
mədəniyyətinin ən böyük hamisi qismində çıxış
edən YUNESKO-da Azərbaycana verilən önəmi
nümayiş etdirdi.
Müasir Azərbaycan estradasının populyar
simalarının çıxış etdikləri konsertdə əsas
diqqət çəkən məqamlardan biri burada janr
müxtəlifliyinin, sintez harmoniyasının, zəngin
improvizasiyaların mövcudluğu idi. Elə
auditoriyanı ən çox heyrətləndirən də bu oldu.
Bu konsert Parisdə əsl hadisəyə çevrilməklə
diqqəti nadir inciləri ilə öyünən Azərbaycana
yönəltdi. Mədəniyyətimizin təntənəsinə,
ölkəmizin tanıdılmasına və əlbəttə ki,
xalqımızın yaratdığı nadir sənət nümunələrinin
təbliğinə çevrildi.
Böyük marağa səbəb olan bu konsert proqramı bir
daha təsdiq etdi ki, hazırda Azərbaycan
mədəniyyətinin nadir incilərinin sorağı mötəbər
mərasimlərdən gəlir. Bu da, ilk növbədə,
Azərbaycan dövlətinin mədəni irsimizə olan
münasibətinin nəticəsidir. Təbii ki, Heydər
Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə
bu mərasim də Fondun prezidenti Mehriban xanım
Əliyevanın mədəni irsimizə olan münasibətinin
dinamikasını yetərincə göstərdi.
Təəssüratlar kifayət qədər zəngin oldu. Bu,
özünəməxsus koloriti ilə diqqət çəkən Azərbaycan
mədəniyyətinə olan ehtiramın nümunəsinə, həm də
fransız tamaşaçısında heç vaxt unudulmayacaq
əbədi xatirəyə çevrildi. Bu xatirənin təməlində
isə Azərbaycan və onun zəngin mədəniyyəti
dayandı. Bu sənət əsərləri Azərbaycan
musiqisinin zənginliyindən xəbər verdi. Fransa
mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin
musiqisinə əbədi maraq oyatdı.
***
Konsertdən sonra Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın adından ziyafət verildi.
Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə
nümayişi unudulmaz bayrama döndü. Burada nümayiş
etdirilən mədəniyyət nümunələri mərasimə gələn
hər bir kəsi nağıllar aləminə - Azərbaycana
apardı.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri |