Bakının Binəqədi rayonunda yerləşən M.Axundzadə
adına 102 nömrəli tam orta məktəbdə "Yeni fənn
kurikulumlarının tətbiqi, təhsilin keyfiyyəti,
ibtidai siniflərdə kurikulum sisteminin həyata
keçirilməsinin vəziyyəti" mövzusunda
elmi-praktik konfrans keçirildi. Konfransda
məktəbin müəllim, şagird kollektivi ilə yanaşı,
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nümayəndələri, məktəb direktorları,
valideynlər və digər qonaqlar iştirak
edirdilər.
Əvvəlcə
qonaqlar məktəbin foyesində açılmış şagirdlərin
əl işlərindən ibarət rəsm sərgisi ilə tanış
oldular. Təhsil ocağının direktoru Mailə
İsmayılova şagirdlərin istedadının inkişaf
etdirilməsi üçün məktəbdə hər cür şəraitin
yaradıldığını dedi. Direktor tədris ocağında
təhsilin keyfiyyətini yüksəltmək məqsədilə
görülən işlər, yeni kurikulumların tətbiqi
vəziyyəti barədə məlumat verdi. Bildirdi ki,
müasir təlim metodlarından istifadə sahəsində
qazanılmış təcrübəni nümayiş etdirmək üçün
tez-tez "açıq dərs"lər keçirilir.
Konfrans çərçivəsində ibtidai siniflərdə təşkil
olunan "açıq dərs"lər barədə məlumat verildi.
Qonaqlar həmin dərslərdə iştirak etməyə dəvət
edildilər.
Məktəbin I, II, III siniflərində keçilən "açıq
dərs"lər dinlənildikdən sonra onların müzakirəsi
aparıldı.
Müzakirələrdə çıxış edənlər dinlədikləri
dərslərin kurikulumun tələblərinə uyğun
keçdiyini, müasir təlim metodlarından,
resurslardan geniş istifadə olunduğunu
bildirdilər. Tədris ocağında bu sahədə görülən
işlər yüksək qiymətləndirilərək müəllimlərə bəzi
təklif və tövsiyələr verildi.
Rəşad ZİYADOV |