Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) neft-qaz sənayesinin tələbatına uyğun
ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət
edən təqaüd proqramının iştirakçısı olan gənclər
təhsil almaqla yanaşı, Azərbaycanı xaricdə
layiqincə təmsil edir, oxuduqları
universitetlərin ictimai həyatında fəal iştirak
edirlər.
ARDNŞ-ın mətbuat xidmətindən AzərTAc-a verilən
məlumata görə, bu yaxınlarda Norveçin Stavanger
Universitetində əcnəbi tələbələr arasında
keçirilmiş səsvermə burada təhsil alan 4
azərbaycanlı tələbə üçün uğurlu olmuşdur.
Onların hamısı "Əcnəbi Tələbələr İttifaqı"nın
təmsilçiliyinə (ƏTİ) seçilmişlər. ARDNŞ-ın
təqaüd proqramının iştirakçısı və hazırda
Stavanger Universitetində neft mühəndisliyi
ixtisası üzrə magistr təhsili alan Səfa Qasımov
350-dən çox tələbənin iştirak etdiyi səsvermənin
nəticəsinə əsasən ƏTİ-nin maliyyə meneceri
seçilmişdir. O, Azərbaycan Dövlət Neft
Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən
sonra ARDNŞ-də əmək fəaliyyətinə başlamışdır.
2010-cu ildən isə şirkətin dəstəyi ilə Norveçdə
təhsilini davam etdirir. Stavanger
Universitetində təhsil alan və işləyən digər
azərbaycanlı tələbələr - Rza Ağasıyev ƏTİ-nin
prezidenti, Fərid Tağıyev vitse-prezidenti, Rza
Behbudov isə tələbələrlə əlaqələr üzrə meneceri
seçilmişlər. "Əcnəbi Tələbələr İttifaqı"nın
2004-cü ildən universitetdə fəaliyyət göstərən
təmsilçiliyinin 5 nəfərdən ibarət idarə heyətinə
4 azərbaycanlı seçilmişdir. Azərbaycanlı
tələbələrin birliyi, fəallığı, seçkiqabağı
kampaniyanın düzgün aparılması və qarşılıqlı
dəstək onların səs çoxluğu ilə qalib gəlməsinə
çox kömək etmişdir. Bu hadisə böyük əks-səda
doğurmuş, hətta ölkənin "Smis" qəzetində
tələbələrimizin seçkidə qələbə qazanması ilə
bağlı yazı da dərc olunmuşdur.
Stavanger Universitetində dünyanın 40-a yaxın
ölkəsindən mindən artıq əcnəbi tələbə təhsil
alır. ƏTİ-nin məqsədi bu tələbələr arasında
birlik yaratmaq, gənclərin sosial və təhsil
problemlərinin həllinə, Norveç cəmiyyətinə
inteqrasiya olunmalarına kömək etmək, bir sıra
sosial-mədəni, idman tədbirləri və şənliklər
təşkil etməklə onların asudə vaxtlarını səmərəli
keçirmələri üçün şərait yaratmaqdır.
Universitetdə təhsil alan azərbaycanlı gənclər
təhsildə uğur qazanmaqla yanaşı,
professor-müəllim və tələbə kollektivi arasında
ölkəmizi layiqincə təmsil edir, qədim və zəngin
mədəniyyətimiz, adət və ənənələrimizin
təbliğində səmərəli fəaliyyət göstərirlər. Bu
yaxınlarda universitetdə "Azərbaycan mətbəxi"
günü keçirilmiş, tələbələrə milli yeməklərimiz
təqdim olunmuşdur. Hazırda tələbələrimiz bu ali
təhsil ocağında "Azərbaycan günü"nün
keçirilməsinə hazırlaşırlar. |
|