Təhsil sistemi
XX
əsrin birinci yarısında Türkiyədə əhalinin böyük
əksəriyyəti savadsız olsa da, hazırda ölkədə
savadlılıq səviyyəsi 90 faizdən yüksəkdir.
Türkiyənin ümumi orta təhsil sistemi 8 illik
ibtidai, 4 illik orta təhsilə əsaslanır. Ölkə
Konstitusiyasına əsasən təhsil müəssisələrində
Türkiyə vətəndaşlarına ana dili kimi yalnız türk
dili tədris olunur.
Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet
- İstanbul Universiteti və İstanbul Texniki
Universiteti mövcud olduğu halda, bu gün
170-dən artıq ali məktəb fəaliyyət göstərir.
Ölkənin ən qədim ali məktəbi olan İstanbul
Universiteti 1456-cı ildə, İstanbul Texniki
Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da
qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali
məktəblərinə idarəetmə baxımından olduqca böyük
sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə
Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir.
Türkiyənin milli təhsil sistemi planlı və əyani
təhsil olaraq, iki əsas hissədən ibarətdir.
Planlı təhsil - müəyyən yaş qrupundakı və eyni
səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla
məktəblərdə tədris edilən sistemli təhsildir.
Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali
təhsili əhatə edir.
Əyani təhsil, təhsilin hər hansı bir
mərhələsində ayrı-ayrı fərdlərə maraq və
ehtiyacları olan sahədə verilən təhsil
növlərinin hamısını əhatə edir. Əyani təhsil
ümumi təhsil və texniki peşə təhsili olaraq, iki
hissədən ibarətdir.
Əyani təhsil müəssisələrinə xalq təhsili
mərkəzləri, təcrübə təhsili mərkəzləri, qız
sənət məktəbləri, təkmilləşmə institutları,
sənaye sənət məktəbləri, özəl kurslar, özəl dərs
evləri, özəl təhsil və təcrübə məktəbləri, özəl
peşə məktəbləri, özəl peşə təhsili mərkəzləri,
özəl elm və sənət mərkəzləri, açıq ibtidai
təhsil məktəbi və açıq lisey təhsili daxildir.
Əyani təhsil vətəndaşlara oxumağı, yazmağı
öyrətmək, ilkin biliklər vermək, bilik və
qabiliyyətlərini inkişaf etdirmək, gələcəyini
təmin edəcək yeni imkanlar qazandırmaq məqsədi
ilə verilən məktəbdənxaric təhsildir. Əyani
təhsil xalq təhsili, təcrübə təhsili və qiyabi
təhsil yolu ilə həyata keçirilir. Hər il əyani
təhsil müəssisələrində (xalq təhsil mərkəzi və
təcrübə mərkəzlərində) milyonlarla tələbə təhsil
alır. Eləcə də bir tədris ili ərzində minlərlə
şagird açıq ibtidai təhsilə və ya açıq lisey
təhsilinə cəlb olunur.
Bu gün Türkiyədə ibtidai, orta, peşə və texniki
orta təhsil pillələrində kompüter
texnologiyalarından istifadə olunmasına geniş
yer verilir. Müvafiq tədris proqramları vasitəsi
ilə aşağı siniflərdən şagirdlərə informatika
fənni üzrə müvafiq biliklər aşılanır, onların
müasir kompüter texnologiyalarından istifadə
vərdişlərinə yiyələnmələrinə xüsusi diqqət
yetirilir.
Məktəbəqədər təhsil
Məktəbəqədər
təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü
təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil
müəssisələrinin fəaliyyəti 3 formada həyata
keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı
sınaq sinifləri və ya digər təhsil
müəssisələrinin nəzdindəki bağçalar kimi.
Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki,
zehni, psixoloji inkişafını, ibtidai təhsilə
hazırlanmasını, müvafiq vərdişlər qazanmasını,
türk dilində səlis danışmasını və onlar üçün
müştərək təlim-tərbiyə mühiti yaradılmasını
təmin etməkdir.
İbtidai təhsil
Türkiyədə ibtidai təhsil icbaridir və dövlət
məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi
6-14 yaş arasındakı uşaqları əhatə edir.
İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir
vətəndaş kimi yetişməsini təmin etmək, onların
zəruri məlumat, qabiliyyət, davranış, vərdiş
qazanmasına, milli ruhda formalaşmalarına
yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və
qabiliyyət istiqamətlərinə uyğun inkişafı,
onların həyata və növbəti təhsil pilləsinə
hazırlanması da ibtidai təhsilin başlıca
vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin
sonunda şagirdlərə müvafiq diplom verilir.
Orta təhsil
Türkiyədə
orta təhsil dördillikdir. Orta təhsil ümumi,
peşə və texniki orta təhsil müəssisələrini əhatə
edir.
Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni
dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini
anlatmaq, onları ölkənin sosial-iqtisadi və
mədəni inkişafına layiqli töhfələr verə biləcək
vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali
təhsilə, həm peşəyə, həm də müstəqil həyata
hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə
əsaslanır. Şagirdlər istək və qabiliyyətləri
müqabilində bu proqramlardan birini seçərək
ümumi liseylərdə, fənn liseylərində, sosial
elmlər liseylərində, idman liseylərində,
incəsənət liseylərində və çoxproqramlı
liseylərdə təhsil ala bilərlər.
Peşə və texniki orta təhsil
Peşə
və texniki orta təhsil peşə sahələrinə müvafiq
olaraq müəyyən əmək qabiliyyəti və vərdişləri
verən, şagirdləri ali təhsilə hazırlayan təhsil
müəssisələridir. Peşə və texniki orta təhsil
müəssisələri sırasında oğlan texniki tədris
məktəbləri, qız texniki tədris məktəbləri,
ticarət və turizm tədrisi məktəbləri, din
tədrisi məktəbləri əsas yer tutur.
Özəl təhsil və tədris
Özəl təhsilin məqsədi qüsurlu uşaqların tədrisə
cəlb olunmasına, onların cəmiyyətə
inteqrasiyasına və müəyyən peşələrə
yiyələnmələrinə kömək etməkdən ibarətdir. Özəl
təhsildə uşaqların qüsurlarına uyğun olaraq
xüsusi tədris proqramlarından istifadə olunur.
Özəl təhsil məktəblərində (Azərbaycandakı xüsusi
təyinatlı internat-məktəblərə uyğun tədris
ocaqları) ibtidai təhsildən əvvəl hazırlıq sinfi
mövcuddur. Nisbətən az qüsurlu şagirdlər birbaşa
ibtidai təhsilə başlaya bilərlər. Özəl təhsil
məktəblərində görmə, eşitmə, ortopedik, zehni
qüsurluların, xroniki xəstəliyi olanların,
otistik (ruhi xəstə) uşaqların, üstün və ya özəl
qabiliyyətlilərin təhsili, eləcə də özəl
siniflərdə təhsili üzrə tədris aparılır.
Özəl
tədris müəssisələri isə hər mərhələ və növdəki
özəl məktəbləri, özəl dərs evlərini, özəl peşə
və texniki kursları, özəl sürücü kurslarını və
özəl şagird araşdırma təhsil mərkəzlərini əhatə
edir. Özəl tədris müəssisələri Milli Təhsil
Nazirliyinin nəzarəti altında fəaliyyət
göstərir.
Ali təhsil
Ali təhsil orta məktəb məzunlarının müvafiq
ixtisaslara sahib olmasını və yüksək səviyyəli
mütəxəssislər kimi yetişməsini təmin edir.
Türkiyənin ali təhsil müəssisələri sırasına
universitetlər, institutlar, konservatoriyalar,
peşə ali məktəbləri daxildir. Türkiyədə 104
dövlət, 62 vəqf universiteti və 7 peşə ali
məktəbi fəaliyyət göstərir.
Türkiyə ali təhsilinin məqsəd və vəzifələri
milli təhsilin ümumi məqsəd və təməl
prinsiplərinə uyğun olaraq müəyyən edilib:
*
Tələbələri maraq, istedad və qabiliyyətləri
müqabilində dövlətin elm və təhsil siyasətinə,
əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
*
Müxtəlif istiqamətlərdə elmi inkişafa nail
olmaq;
*
Ölkənin ümumi inkişafı naminə dərin elmi
araşdırmalar aparmaq;
*
Hökumət və qeyri-hökumət təşkilatları ilə
işbirliyi şəraitində tədris və araşdırma
mövzularının nəticələrini cəmiyyətə təqdim
etmək;
*
Elmi araşdırmaların nəticələrinə həsr olunmuş,
elm və texnikanın inkişafını təmin edən nəşrləri
təqdim etmək;
*
Türkiyə cəmiyyətinin ümumi səviyyəsini
yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi
məlumatları xalqa çatdırmaq və əyani təhsil
xidmətləri göstərmək.
Yeri gəlmişkən onu da qeyd edək ki, ali
məktəblərinə dünyanın bütün ölkələrindən böyük
axın olan Türkiyə universitetlərində təhsil alan
azərbaycanlıların sayı ilbəil artmaqdadır.
Azərbaycanla Türkiyə arasında inkişaf edən
təhsil əlaqələrinin nəticəsidir ki, dövlət xətti
və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 950-yə yaxın azərbaycanlı Türkiyə
universitetlərində ölkəmiz üçün prioritet
ixtisaslar üzrə təhsil alır. Çoxsaylı
azərbaycanlı gənclər qardaş ölkədə ali
təhsillərini başa vuraraq, yüksək ixtisaslı
mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə
həyatının ayrı-ayrı sahələrinin inkişafına
layiqli töhfələr verməkdədirlər.
Təhsilin idarə olunması
Türkiyədə
təhsilin idarə olunması üzrə üç qurum - Milli
Təhsil Nazirliyi, Ali Təhsil Komitəsi və Şagird
Seçmə və Yerləşdirmə Mərkəzi fəaliyyət göstərir.
Türkiyənin Milli Təhsil Nazirliyinin strukturu
mərkəz təşkilatı, şəhər-əyalət təşkilatı,
ölkədənkənar təşkilatlar və digər tabe
təşkilatlardan ibarətdir. Nazirliyin mərkəzi
aparatı Təlim və Tərbiyə Heyəti İdarəsi, əsas
xidmət təşkilatları, müraciət etmə və yoxlama
təşkilatları, köməkçi təşkilatlar və layihələrin
Koordinasiyası Mərkəzindən ibarətdir. Nazirlik
hökumətin ümumi siyasəti, milli mənafelər,
inkişaf planları və illik proqramlara uyğun
olaraq fəaliyyət göstərir, digər qurumlarla
işbirliyi və koordinasiyanı təmin edir.
Təlim və Tərbiyə Heyəti İdarəsi birbaşa nazirə
bağlı bir orqandır. Təhsillə bağlı demək olar
ki, hər mövzuda nazirə kömək etməkdə, məsləhət
verməkdə, təhsil problemləri ilə bağlı
araşdırmalar etməkdə vəzifəlidir.
Milli Təhsil Nazirliyinin 81 şəhər və 924
bölgədə yerli təşkilatları fəaliyyət göstərir
(şəhər və ya rayon milli təhsil müdirliyi).
Milli Təhsil Nazirliyinin nəzdində bir sıra
ölkədənkənar təşkilatlar fəaliyyət göstərir.
Türkiyənin Vaşinqton, Berlin, Vyana, Brüssel,
Kopenhagen, Paris, Tbilisi, Lahey, London,
Berlin, Stokholm, Qahirə, Ər-Riyad, Moskva,
Nikosiya, Bakı, Almatı, Bişkek, Daşkənd və
Aşqabad şəhərlərində təhsil müşavirliyi,
Nyu-York, Los-Anceles, Berlin, Köln, Mayn,
Münster, Münhen, Nürnberq, Ştuttqard,
Düselldorf, Essen, Frankfurt, Hamburq, Hannover,
Sidney, Strasburq və Lionda isə təhsil
nümayəndəliyi mövcuddur.
Son 30 ilə qədər Türkiyədə ali təhsilin bütün
səviyyələrində mərkəzi idarəetmənin olmaması
səbəbindən bu sahədə ciddi geriləmə müşahidə
edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil
sahəsində aparılan islahatlardan sonra Ali
Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil
müəssisələri bu qurumun tabeliyinə verildi. Ali
Təhsil Komitəsi bütün ali məktəblərin
fəaliyyətinin koordinasiya olunmasını həyata
keçirir və onların işinin müvafiq qanunvericilik
çərçivəsində təşkilinə nəzarət edir.
1974-cü ildən fəaliyyətə başlayan Şagird Seçmə
və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil
Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində
ali təhsil müəssisələrinə qəbul imtahanlarını
həyata keçirir.
Bəşarət MƏMMƏDOV,
Təhsil Nazirliyinin əməkdaşı
Türkiyənin Azərbaycandakı səfirliyinin təqdim
etdiyi rəsmi materiallardan istifadə olunub.
|