Bu günlərdə Rusiya Federasiyasının məşhur
"Kasperski Laboratoriya" antivirus
kompaniyasının baş direktoru Yevgeni Kasperski
və onu müşayiət edən kompaniyanın əməkdaşları
Azərbaycan Texniki Universitetində olmuşlar.
Universitetin rektoru, texnika elmləri doktoru,
professor Havar Məmmədov əvvəlcə qonaqları
salamlamış və rəhbərlik etdiyi ali təhsil ocağı
haqqında onlara ətraflı məlumat vermişdir.
Sonra Yevgeni Kasperski rəhbərlik ediyi
kompaniya haqqında danışmışdır. O qeyd etmişdir
ki, kompaniyanın ali təhsil müəssisələri üçün
"Akademiya Kasperskoqo" adlı təhsil proqramı
mövcuddur. Proqramın məqsədi kompüter
sistemlərində informasiyanın mühafizəsi
sahəsindəki qabaqcıl bilik və təcrübələrin
yayılması, informasiya təhlükəsizliyi sahəsində
ali məktəb müəllimlərinin ixtisaslarının
artırılması, ali məktəblərdə kompüterlərin
viruslardan mühafizəsinə və informasiya
təhlükəsizliyi məsələləri ilə məşğul olan
istedadlı tələbələrə dəstək verilməsidir.
Kompaniyanın tərəfdaş ali məktəblər üçün
təmənnasız təqdim etdiyi "Viruslar və onlarla
mübarizə vasitələri" kursu isə öncə texniki
ixtisaslar üçün nəzərdə tutulubdur.
Qonaqlar Azərbaycan Texniki Universitetinin
Tətbiqi informatika, Avtomatika və idarəetmə,
Kompüter sistemləri və şəbəkələri, İnformasiya
texnologiyaları və proqramlaşdırma
kafedralarında olmuş, mövcud laboratoriya bazası
və oradakı tədris prosesi ilə maraqlanmışlar.
Sonra AzTU-nun avtomatika və kompüter texnikası
fakültəsinin professor-müəllim heyəti və tələbə
kollektivi ilə görüş olmuşdur. Diskussiya
şəklində keçən görüş qarşılıqlı maraq doğurmuş,
tələbələrin aktivliyi kompaniyanın əməkdaşları
tərəfindən rəğbətlə qarşılanmışdır.
Kompaniyanın təhsil proqramlarının koordinatoru
Svetlana Yefimova universitetin akt zalında
müəllim və tələbələr üçün "Akademiya Kasperski"
təhsil proqramının təqdimatını etmiş, bu
proqramda tərəfdaş universitetlərin müəllim və
tələbələri üçün proqramın yaratdığı
perspektivlərdən danışmış, tələbələri
maraqlandıran bir çox suallara cavab vermişdir.
Sonda Azərbaycan Texniki Universitetinin
rektoru, professor Havar Məmmədov və "Kasperski
Laboratoriya" antivirus kompaniyasının baş
direktoru Yevgeni Kasperski kompaniyanın ali
təhsildə əməkdaşlıq üçün həyata keçirdiyi
proqramda Azərbaycan Texniki Universitetinin
iştirakı barədə əməkdaşlıq müqaviləsi
imzalamışlar.
Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri |