| 
								 Bu 
								günlərdə Almaniyanın  Mitra təşkilatının 
								nümayəndələri  paytaxtımızın qabaqcıl təhsil 
								müəssisələrindən biri olan 7 nömrəli orta 
								məktəbin dəvəti ilə  şəhərimizə  qonaq gəlib.  
								Qonaqlar  təhsil ocağı ilə tanış olduqdan sonra  
								Fəxri xiyabanda  ulu öndərimiz Heydər Əliyevin  
								məzarını  və Şəhidlər xiyabanını ziyarət 
								ediblər. Almaniyalı qonaqlar məktəbin müxtəlif  
								siniflərində dərslərdə  iştirak edib istedadlı 
								uşaqların əl işləri, rəsm əsərləri və  bədii 
								özfəaliyyət kollektivi ilə  tanış olublar. Daha 
								sonra qonaqlara  20 Yanvar və Xocalı faciəsi 
								haqqında film nümayiş etdirilib və baş verən 
								dəhşətli  hadisələr barədə  məlumat verilib. 
								Azərbaycan təhsilinə maraq göstərən qonaqlar 
								ADU-ya, Almaniyanın Azərbaycandakı səfirliyinə, 
								Qala-Etimologiya muzeyinə, Qobustana səfər edib, 
								şəhərin  tarixi, mədəniyyəti  və incəsənəti  
								ilə  tanış olublar. 
								Aprelin 5-də  məktəbdə "İnnovasiyaya doğru" 
								mövzusunda   seminar keçirilib. Məktəbin 
								direktoru Gülnaz Mehdizadə  Azərbaycan 
								təhsilinin  dünya təhsilinə inteqrasiyası  
								məqsədilə "Almaniya - Azərbaycan məktəblərinin   
								əməkdaşlıq körpüsünün yaradılması" layihəsi 
								haqqında ətraflı   məlumat verərək  qonaqları  
								tədbir iştirakçılarına  təqdim edib. Layihənin 
								təsisçisi xanım Marina Burd gördükləri iş 
								haqqında  geniş məlumat verərək bildirib ki, 
								layihə çərçivəsində  2  məktəb, 8 uşaq  bağçası 
								fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 
								dərslər rus və alman dillərində  aparılır. Yeni 
								dərs ilinə 2 məktəb, 2 uşaq bağçası açmaq da 
								nəzərdə tutulur.  Xanım Burd   çıxışında onu da 
								qeyd edib ki, layihənin əsas məqsədi  Avropa 
								ölkələrində, o cümlədən  müxtəlif məktəblərdə 
								 şagird və müəllimlərin  təcrübə mübadiləsini 
								təşkil etməkdir. 
								Marina Burd çıxışının sonunda  7 nömrəli 
								məktəbin  şagird və müəllimlərindən ibarət  bir 
								qrup nümayəndəni  bu ilin noyabr ayında Berlində 
								keçiriləcək olimpiadada iştirak etmək üçün 
								Almaniyaya dəvət edib. 
								Mitra təşkilatının məktəblər üzrə  iş sektorunun 
								müdiri Aleksandr Ott layihənin bütün Avropada  
								böyük maraq doğurduğunu  və bir çox dövlətlərdə  
								həyata keçirildiyini bildirib. O, öz  çıxışında  
								7 nömrəli məktəblə də  birgə əməkdaşlığın 
								əhəmiyyətindən danışıb.  
								Çıxış üçün söz alan millət vəkili  Ziyad 
								Səmədzadə  Azərbaycan təhsil sistemində  son 
								illərdə qazanılan uğurlardan, aparılan təhsil 
								islahatlarının mahiyyətindən, təhsilin 
								inkişafının  dövlətin prioritetlərindən biri 
								olduğundan bəhs edib.  Layihənin əhəmiyyətli  
								olduğunu  söyləyən millət vəkili  öz tərəfindən 
								bu  əməkdaşlığa dəstək olacağını  da vurğulayıb. 
								Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini 
								Xalidə Bayramova da  çıxışında həyata keçirilən 
								layihəni bəyəndiyini və bu işdə  məktəbə 
								yardımçı olacağını qeyd edib.  
								Sonra qonaqlara verilən suallar  
								cavablandırılıb.    
								
								
								Sifai SƏFƏROVA  |