Naxçıvan
Dövlət Universiteti, Azərbaycan Milli Elmlər
Akademiyası İnformasiya Texnologiyaları
İnstitutu, Qars Qafqaz Universiteti arasında
videokonfrans keçirilmişdir. Videokonfransda
informasiya-kommunikasiya texnologiyalarının
köməyi ilə tədris prosesinin inkişaf etdirilməsi
layihəsi müzakirə olunmuşdur.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli dünya
elm, təhsil sisteminə inteqrasiya, modern tədris
üsullarına yiyələnmək baxımından müasir
informasiya-kommunikasiya texnologiyalarının
mənimsənilməsinin və tətbiqinin əhəmiyyətindən
danışmışdır. Rektor 5 il öncə gerçəkləşdirilən
ənənəvi "Elektron Naxçıvan" layihəsinin,
universitetin bütün ərazisini sürətli İnternet
bağlantısı ilə təmin edən "Wi fi" simsiz kampus
İnternet şəbəkəsinin yaradılmasından,
videokonfrans və simpoziumların keçirilməsindən,
virtual əlaqələrin inkişafından danışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü, professor Rasim Əliquliyev
çıxışında ümummilli lider Heydər Əliyevin
Azərbaycanda informasiyalı cəmiyyətin
yaradılması istiqamətində gördüyü mühüm işlər,
bu dövlət siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi barədə
məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında
bu sahədə atılan əhəmiyyətli addımlardan bəhs
etmişdir.
Qars
Qafqaz Universitetinin rektoru, professor doktor
Sami Özcan rəhbərlik etdiyi universitetlə
Naxçıvan Dövlət Universiteti arasındakı çoxillik
və çoxcəhətli əməkdaşlıqdan, yenicə imzalanmış
müqaviləyə əsasən virtual əlaqələrin də inkişaf
etdiriləcəyindən söz açmışdır.
Sonra informasiya-kommunikasiya
texnologiyalarının köməyi ilə tədris prosesinin
inkişaf etdirilməsi ilə bağlı layihənin
müzakirəsi başlamışdır. Layihəyə əsasən AMEA
İnformasİya Texnologiyaları İnstitutunun distant
tədris mərkəzində respublikanın görkəmli elm
xadimlərinin mühazirələrinin, akademiklərlə,
tanınmış alim və ziyalılarla görüşlərin təşkili
və virtual izlənilməsi, müştərək videokonfrans
və simpoziumların keçirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən Naxçıvan Dövlət Universitetinin
baytarlıq ixtisası üzrə tələbələri Qars Qafqaz
Universitetində müvafiq ixtisas üzrə keçirilən
mühazirə və seminarları, heyvanlar üzərində
aparılacaq cərrahiyyə əməliyyatlarını
videobağlantı vasitəsilə izləyəcəklər. Eyni
zamanda türkiyəli həmkarlar Azərbaycan dili və
ədəbiyyatı, habelə rus dili ixtisası üzrə
mühazirələri virtual yolla dinləmək imkanı əldə
edəcəklər.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |