Azərbaycan
Dillər Universitetinin rektoru, millət vəkili,
professor Səməd Seyidov BMT-nin Lider Qadınlar
Şurasının sədri, Britaniya - İrlandiya
Parlamentlərarası komitənin üzvü, Avropa İnsan
Alveri ilə Mübarizə komissiyasının rəhbəri,
Lordlar palatasının üzvü, Azərbaycan-İngiltərə
Parlamentlərarası dostluq qrupunun üzvü
baronessa Mari Goudie ilə görüşüb.
Qonağı salamlayan Səməd Seyidov Böyük
Britaniyanın Esseks Universiteti ilə mövcud
əlaqələrdən danışıb, universitetdə beynəlxalq
münasibətlərin prioritet təşkil etdiyini
bildirib. Səməd Seyidov Böyük Britaniya
universitetləri ilə ADU arasında olan
əməkdaşlığın genişləndiyindən söz açıb. O,
universitetdə yeni şöbələrin, mərkəzlərin
açıldığını qonaqların diqqətinə çatdırıb.
Rəhbərlik etdiyi təhsil ocağında 5000-dən çox
tələbənin təhsil aldığını deyən rektor birgə
həyata keçirilən layihə sayəsində ADU
tələbələrinin Esseks Universitetində
təhsillərini davam etdirdiyini və universiteti
uğurla bitirən tələbələrin ikili diplom
alacaqlarını bildirib.
Xanım Mari Goudie Azərbaycan Dillər
Universitetində olmaqdan məmnunluq duyduğunu
bildirib. Esseks Universitetinin Böyük
Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən
biri olduğunu diqqətə çatdıran xanım Mari Goudie
təhsil sahəsindəki əməkdaşlığın ikitərəfli
münasibətlərə təkan verdiyini bildirib. Xanım
Mari Goudie ölkələrimiz arasında əlaqələrin,
xüsusən təhsil sahəsindəki əməkdaşlığın
genişlənməsində universitetlərarası tələbə
mübadiləsinin zəruriliyini və əhəmiyyətini önə
çəkib.
Sonda qonaq universitetin İnformasiya Resurs
Kompleksi ilə yaxından tanış olub.
Şakir CƏFƏROV |