İran İslam Respublikasının Araz Beynəlxalq
Pərdis Universitetinin bir qrup nümayəndəsi
Naxçıvan Dövlət Universitetində olmuşdur.
Görüşdə rektor, akademik İsa Həbibbəyli
qonaqları salamlamış, universitetin strukturu,
professor-müəllim heyəti, tələbə kontingenti
haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, müxtəlif xarici ölkələrdən
200 nəfər tələbənin, o cümlədən 19 nəfər İran
İslam Respublikası vətəndaşının təhsil aldığı
universitet dünya təhsil sisteminə uğurla
inteqrasiya etməkdədir. Rektor bu ali məktəbin
çoxşaxəli beynəlxalq əlaqələrindən, Avropanın
əksər məşhur universitetləri ilə tərəfdaş
olmasından danışmış, İran İslam Respublikasının
Təbriz Tibb Universiteti, Urmiya və Ərdəbil
universitetləri ilə əməkdaşlıq etdiyini
xatırlatmışdır.
Araz Beynəlxalq Pərdis Universitetinin rektoru,
Məhəmməd Hüseyn Ümid Tehran Universiteti
nəzdində üç il öncə yaradılan ali təhsil ocağı,
burada tədris olunan 30 ixtisas haqqında ətraflı
məlumat vermişdir. Rektor Naxçıvan Dövlət
Universitetinin tədris potensialı, elmi
tədqiqatların aparılması baxımından nailiyyətlər
əldə etdiyini vurğulamış, əməkdaşlığın
möhkəmlənməsi üçün təkliflər vermişdir.
Araz Beynəlxalq Pərdis Universitetinin
prorektorları - Seyid Rza Mirayi Aştiyani və
İbrahim Əmirinin də iştirak etdiyi görüşdə
universitetlərarası əlaqələrin elm, təhsil,
mədəniyyət və idman sahəsində inkişafı, müştərək
konfrans və simpoziumların, beynəlxalq idman
yarışlarının təşkili, elmi təcrübə mübadilələri
kimi məsələlər müzakirə olunmuşdur. Sonra
qonaqlar universitet ərazisini gəzmiş, tədris
korpuslarında olmuşlar.
Mehriban SULTAN |
|