Aprelin 11-də "Landmark" biznes mərkəzində
"Türkiyə Universitetləri Məzunları" İctimai
Birliyinin (TUMİB), Türkiyənin Baxçaşəhər Uğur
Təhsil Qurumlarının (BUTQ) və Baxçaşəhər
Universitetinin birgə təşkilatçılığı ilə
"Türkiyədə təhsil və Baxçaşəhər Universiteti"
mövzusunda seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Təhsil
Nazirliyinin, Türkiyənin Bakıdakı səfirliyinin
nümayəndələri, Milli Məclisin deputatları,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
ziyalılar, qardaş ölkə universitetlərinin
məzunları, Azərbaycanın bəzi ali məktəblərinin
müəllimləri, tələbələr və başqaları iştirak
etmişlər.
TUMİB-in rəhbəri Çingiz Bayramov tədbiri açaraq
əsas məqsədin seminar vasitəsilə dost və qardaş
ölkələrimiz arasında təhsil sahəsində əlaqələri
daha da möhkəmləndirmək olduğunu bildirmişdir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi
Zəlimxan Yaqub, Milli Məclisin deputatları
Məlahət İbrahimqızı, Musa Quliyev, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd
Bayramov, Azərbaycan Texniki Universitetinin
prorektoru Mustafa Babanlı və başqaları çıxış
edərək tədbirin Türkiyə və Azərbaycan birliyinə
bariz nümunə olduğunu diqqətə çatdırmışlar.
Türkiyə və Azərbaycanın qardaşlığından,
dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqət
və qayğıdan, azərbaycanlı gənclərin xarici
ölkələrdə təhsil almaları üçün hər cür şəraitin
yaradılmasından bəhs edən natiqlər vaxtilə
ümummilli lider Heydər Əliyevin azərbaycanlı
tələbələri dünyanın aparıcı universitetlərində
təhsil almaq üçün xaricə göndərdiyini qeyd
etmişlər.
Türkiyənin Baxçaşəhər Universitetinin dünyada və
qardaş ölkədə tanınmış, nüfuzlu ali təhsil
ocaqlarından biri olduğu vurğulanmışdır.
Seminarda çıxış edən Baxçaşəhər Universitetinin
rektoru, professor Yılmaz Əsmər rəhbərlik etdiyi
ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı
məlumat vermişdir. Rektor bildirmişdir ki,
universitet dünyanın 152 ali məktəbi ilə
əməkdaşlıq edir. Gələcəkdə universitetdə təhsil
almaq üçün göndəriləcək azərbaycanlı tələbələrə
xüsusi qayğı göstəriləcəkdir. Rektor Türkiyə və
Azərbaycandakı universitetlər arasındakı
əlaqələrin daha da inkişaf edəcəyinə inandığını
söyləmişdir.
Ulu öndərlər - müasir Türkiyənin qurucusu
Mustafa Kamal Atatürk və müstəqil Azərbaycan
dövlətinin yaradıcısı Heydər Əliyevin ortaq
cəhətlərindən birinin də elm və təhsilin
inkişafına qayğı göstərmək olduğunu diqqətə
çatdıran BUTQ idarə heyətinin sədri Ənvər Yücəl
elm və təhsil əlaqələrimizin
dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.
Sonda seminar iştirakçılarını maraqlandıran
suallar cavablandırılmışdır. |