Aprelin 8-də Təhsil Nazirliyində İctimaiyyətlə
əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin
Təhsil Nazirliyi əməkdaşlarının və təhsildən
yazan jurnalistlərin Fransa Respublikasına
tədris səfərinə dair təqdimat-məruzəsi
dinlənilib.
Səfərin
martın 27-dən aprelin 3-dək davam etdiyini
bildirən Bayram Hüseynzadə öncə Fransa
Respublikası haqqında qısa məlumat verib və bu
ölkənin təhsil sisteminin strukturundan söz
açıb. Şöbə müdiri qeyd edib ki, Fransada
məktəbəqədər təhsil müəssisələri müxtəlif
qurumların nəzdində fəaliyyət göstərir. Ölkədə
ümumi təhsilin üç pillədən - ibtidai, əsas və
tam orta təhsil pillələrindən ibarət olduğunu
vurğulayan B.Hüseynzadə peşə təhsilinin 2 il
davam etdiyini, ali təhsil pilləsinin isə lisans
(3 il), master (2 il) və doktor (3 il)
mərhələlərinə bölündüyünü nəzərə çatdırıb.
Fransada təhsilin idarə olunması ilə bağlı 2
qurumun - Təhsil, Gənclər və Assosiativ Həyat
Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar
Nazirliyinin fəaliyyət göstərdiyini bildirən
şöbə müdiri büdcə vəsaitlərinə qənaət edilməsi
məqsədilə hər iki nazirliyin bir neçə struktur
bölməsinin ortaq olduğunu deyib. B.Hüseynzadə
qeyd edib ki, nazirliklərin departament
direktorları nazirlərin təqdimatı əsasında Baş
nazir, departamentlərin nəzdindəki şöbələrin
rəhbərləri isə hökumətlə razılaşdırıldıqdan
sonra müvafiq nazirlər tərəfindən təyin olunur.
Ali məktəb rektorlarının (prezidentlərinin)
seçki əsasında müəyyənləşdirildiyini söyləyən
B.Hüseynzadə Fransada təhsilin idarə olunması
üzrə fəaliyyət göstərən 30 akademiya (yerli
təhsili idarəetmə orqanları) rektorunun
təyinatının isə ölkə prezidentinin
səlahiyyətində olduğunu nəzərə çatdırıb.
2010-cu ildə Fransada dövlət büdcəsindən təhsilə
ayrılan vəsaitin 60 milyard avro olduğunu qeyd
edən şöbə müdiri ölkədə fəaliyyət göstərən 66172
orta ümumtəhsil məktəbində 12 milyona yaxın
şagirdin təlim-tərbiyəsi ilə 852902 müəllimin
məşğul olduğunu bildirib və özəl ümumtəhsil
məktəblərində çalışan müəllimlərin
əməkhaqlarının da dövlət tərəfindən ödənildiyini
söyləyib. Orta məktəblərdə çalışan müəllimlərin
əməkhaqqının onların iş stajına, diplomunun
dərəcəsinə və hansı yaşlı uşaqlara dərs deməsinə
görə 1500-2300 avro arasında dəyişməsinə diqqət
çəkən B.Hüseynzadə tam orta təhsilin sonunda
məzunlara verilən bakalavriat diplomu (attestat)
ilə ali məktəblərə imtahansız qəbul olunmağın
mümkünlüyü barədə məlumat verib.
83 universitetin, 215 ali mühəndislik, 220 ali
ticarət, idarəetmə və maliyyə institutunun
fəaliyyət göstərdiyi Fransanın dövlət ali
məktəblərində təhsilin pulsuz olduğunu
vurğulayan şöbə müdiri özəl ali məktəblərdə
təhsil haqqının 9000-30000 avro arasında
dəyişdiyini, ölkədə iqtisadiyyat, kompüter
mühəndisliyi və mühəndislik ixtisaslarına daha
çox üstünlük verildiyini bildirib.
B.Hüseynzadə Fransanın təhsili idarəetmə
orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq
təcrübəsinin öyrənilməsi məqsədi ilə
reallaşdırılan səfər çərçivəsində keçirilən
görüşlər haqqında ətraflı məlumat verib. Şöbə
müdiri daha sonra Beynəlxalq Pedaqoji
Araşdırmalar Mərkəzinin Xarici nümayəndə
heyətlərinin qəbulu şöbəsində, Təhsil, Gənclər
və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və
Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə,
Planlaşdırma və Səmərəliliyin Təhlili
İdarəsində, Kommunikasiya İdarəsində, "Le Monde"
qəzetinin redaksiyasında, TV5 Monde
telekanalında və Paris Təhsil İdarəsi Regional
Pedaqoji Sənəd Mərkəzində aparılan
müzakirələrdən söhbət açıb.
Qarşılıqlı təcrübə mübadiləsi baxımından səfərin
üstün cəhətlərindən bəhs edən B.Hüseynzadə,
sonda tədbir iştirakçılarını maraqlandıran
sualları cavablandırıb.
İctimai Televiziyanın Gənclər, elm və təhsil
departamentinin direktoru Cəsarət Valehov Fransa
səfərində iştirak etmiş jurnalistlər adından
minnətdarlığını bildirib və səfər
təəssüratlarını tədbir iştirakçıları ilə
bölüşüb. |