Cenevrə
Universiteti (University of Geneva) İsveçrədə,
Cenevrə şəhərinin mərkəzində yerləşir və Sürix
Universitetindən sonra ölkənin ikinci ən böyük
ali məktəbidir. Cenevrə Universiteti Avropa
Tədqiqat Universitetləri Liqasının, Koimbra
Qrupunun, Avropa Universitetləri
Assosiasiyasının üzvüdür.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən Cenevrə
Universiteti 100 ən yaxşı ali məktəb arasında
72-ci yerdə sıralanıb. 2010-cu ildə dünyanın ən
nüfuzlu universitetləri arasında "Times Higher
Education World University Rankings"in
açıqlamasına görə, Cenevrə Universiteti 118-ci
yerdə, "QS World University Rankings"in
açıqlamasına əsasən isə 71-ci yerdə qərarlaşıb.
Tarixi
1559-cu ildə ilahiyyatçı və pastor Jan Kalvin
tərəfindən Cenevrə şəhərində ilahiyyat
seminariyası və hüquq fakültəsi yaradılır.
Seminariyanın ilk rektoru ilahiyyatçı Teodor de
Beze təyin olunur. Fəaliyyətinin ilkin
dövrlərində bu ali məktəb humanitar və dini
təhsil verir. XVII əsrdə Cenevrənin İntibah
mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə
təhsil ilahiyyat yönümlü olaraq qalır. Həmin
dövrlərdə akademiya adlandırılan bu ali təhsil
müəssisəsində dəqiq və fiziki elmlərə ehtiyac
duyulur.
XIX
əsrdə baş vermiş siyasi və ictimai dəyişikliklər
akademiyada da bir çox yeniliklərə səbəb olur.
1873-cü ildə tibb fakültəsi açıldıqdan sonra ali
məktəb dini yönümlülüyündən imtina edərək
dünyəvi ali təhsil ocağına çevrilir. Həmin ildə
ali məktəb universitet statusu alır. Bu dövrdən
başlayaraq Cenevrə Universitetində yeni-yeni
fakültələr yaradılır. Beynəlxalq Tədqiqat və
İnkişaf, Bosse Ümumdünya institutları ilə
əməkdaşlıq universitetin akademik həyatının daha
da genişlənməsinə səbəb olur. Avropanın bir çox
şəhərlərində alimlərin dindarlar tərəfindən
təqib edilməsi nəticəsində Cenevrədə çoxlu sayda
siyasi qaçqınlar, tələbə və tədqiqatçılar
sığınacaq tapır, bu da şəhərin və Cenevrə
Universitetinin intellektual səviyyəsinin
zənginləşməsinə yol açır.
2005-ci ildən Cenevrə Universitetində Boloniya
prosesinə uyğun olaraq təhsil üç pilləyə
bölünür: bakalavr - 3 il, magistratura - 1-2 il,
doktorantura - 3-5 il. 2006-cı ildən bu ali
məktəbdə beynəlxalq münasibətlər ixtisası üzrə
bakalavr səviyyəsi verilir.
2009-cu ildə Cenevrə Universiteti genişmiqyaslı
ictimai tədbirlər təşkil edərək 450 illik
yubileyini qeyd edib.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu tədris ilində Cenevrə
Universitetinin illik gəlir və xərcləri
ümumilikdə 360758975 İsveçrə frankı olub.
Cenevrə Universitetində yerli və əcnəbi
tələbələrin təhsil haqqı ümumilikdə bakalavr,
magistratura və doktorantura səviyyələrində 500
İsveçrə frankına bərabərdir. Bu məbləğin 65
İsveçrə frankını tələbələrin qeydiyyatdan keçmə
xərcləri, 435 İsveçrə frankını isə təhsil haqqı
təşkil edir. Semestrdən öncə tədris olunan
fransız dili kurslarında təhsil almaq üçün
tələbələr 100 İsveçrə frankı ödəməlidir.
Universitetdə MBA proqramı üzrə təhsil haqqı
fərqlidir, hətta bir sıra magistr proqramları
üzrə təhsil haqqı 40000 İsveçrə frankına qədər
yüksəlir.
Cenevrə
Universitetində İsveçrə dövləti tərəfindən
əcnəbi tələbələrə İsveçrə Federal təqaüdü təklif
olunur. 80-ə yaxın ölkənin yer aldığı siyahıda
ölkəmizin adına təsadüf olunmur, yəni
azərbaycanlı tələbələr həmin təqaüdü almaq
imkanına malik deyil. İsveçrə Federal təqaüdü
magistr və doktorantlar üçün nəzərdə tutulub.
Təqaüdün məbləği ayda 1920 İsveçrə frankıdır və
sentyabr ayından başlayaraq 9 ay müddətində
verilir. Tələbənin semestr ərzində göstərdiyi
nəticələrdən asılı olaraq təqaüdün məbləği
artırılır.
Dünyanın bir çox universitetlərində olduğu
kimi, tələbələr Cenevrə Universitetinin
yataqxanalarında yer tapmaq üçün əvvəlcədən
universitetə müraciət etməlidir. Tədris ili
başlamazdan əvvəl müraciət edən tələbələr heç
bir çətinliklə üzləşmədən yataqxanalarda
yerləşdirilirlər. Burada yerləşdirilmə
aparılarkən əcnəbi və aztəminatlı tələbələrə
üstünlük verilir.
Cenevrədə 1 ay yaşamaq (yataqxana və qidalanmaq
daxil olmaqla) üçün tələbəyə ayda 1200 İsveçrə
frankı lazım gəlir. Tələbələrin aldıqları təqaüd
bu xərcləri tamamilə ödəyir.
Universitet bu gün
Cenevrə çox böyük şəhər olmasa da, geniş
infrastruktura malikdir. Şəhər eyni adlı gölün
sahilində, dünyaca məşhur Alp dağ-xizək kurortu
yaxınlığında yerləşir. Şəhər Aralıq dənizi və
Mərkəzi Avropa regionu ölkələri ilə mədəni
əlaqələr qurur. Rona çayı Cenevrə şəhərini iki
yerə bölür. Şəhərin qədim hissəsi çayın sol
sahilindədir. Cenevrənin ən tanınmış tarixi və
diqqətəlayiq abidələri Müqəddəs Pyotr kilsəsi,
Burq de Fur meydanı, Rat, Təsviri İncəsənət və
Tarix muzeyləri, Monblam körpüsü, Cenevrə
fontanı, Millətlər sarayıdır. Dünyanın bütün
mətbəx və musiqiləri bu beynəlmiləl şəhərdə
cəmlənib. 310 hektarlıq ərazidəki 40000-dən çox
ağacdan ibarət olan bağda, Cenevrə gölünün
sahilində gəzintiyə çıxmaq, təbiət gözəlliyini
seyr etmək şəhər sakinlərinə və qonaqlara
əvəzolunmaz zövq verir. Böyük və səs-küylü
tədbirlərin həvəskarları şəhərdə təşkil olunmuş
opera, konsert və festivallarda, teatr və
sərgilərdə iştirak edə bilərlər.
Cenevrə
Universiteti şəhərin mədəni həyatında fəal
iştirak edir. Universitetin bir-birinə
bənzəməyən binaları Cenevrə şəhərinin müxtəlif
hissələrində yerləşir. Qədim Uni-Bastions
binasında İlahiyyat, İncəsənət fakültələri
fəaliyyət göstərir. Binanın yaxınlığında çox
gözəl park və yaşıl qazon mövcuddur.
Mühazirələrarası tənəffüsdə tələbələr burada
oturaraq Reformatorlar Divarına, 4 protestant
müdriki Kalvin, Farel, Bez və Noksun
heykəllərinə tamaşa etməyi çox sevirlər.
Müasir, şüşə və metal arakəsmə ilə örtülmüş
günəş işığı ilə dolu Uni-Mail binasında
universitetin İctimai elmlər və iqtisadiyyat,
Hüquq, Psixologiya və pedaqogika elmləri
fakültələri, Yazılı və Şifahi Tərcümə Məktəbi
yerləşir. Dəqiq elmlər fakültəsi Arva çayı
sahili boyu bir neçə binanı əhatə edir.
Universitetin bir çox bölmə və institutları
Helvetique bulvarında yerləşir.
Cenevrə Universitetində 7 fakültə, 1 məktəb, 5
institut və 6 fənlərarası mərkəz fəaliyyət
göstərir. Bunlar Dəqiq elmlər, Tibb, İncəsənət,
İctimai elmlər və iqtisadiyyat, Hüquq,
Psixologiya və pedaqogika elmləri, Protestant
ilahiyyat fakültələri, Yazılı və Şifahi Tərcümə
Məktəbi, Ekoloji Tədqiqatlar, Avropa,
Reformasiya, Cenevrə Maliyyə Elmi-Tədqiqat
institutları, İnformatika, Neyroelmlər və Ətraf
Mühit, Kompüter Elmləri, Energetika,
Gerontologiya, İsveçrə Affektiv Elmlər
mərkəzləridir. Universitetdə 280-dən çox
müxtəlif proqram, 250 fasiləsiz təhsil proqramı
təklif olunur.
Dəqiq elmlər fakültəsində dəqiq elmlər üzrə
57-dən çox proqram mövcuddur. Bakalavr səviyyəsi
üzrə universitetdə Riyaziyyat, İnformatika,
Kompüter elmləri, Fizika, Kimya, Biokimya,
Biologiya, Ekologiya və yer elmləri, Əczaçılıq,
magistratura səviyyəsi üzrə isə Riyaziyyat,
Riyaziyyat və informatika, Kompüter elmləri,
Fizika, Kimya, Biokimya, Biologiya, Ekologiya və
yer elmləri, Əczaçılıq, Arxeologiya, Ekoloji
tədqiqatlar, Geologiya, Proteomika və
bioinformatika, Neyroelmlər və s. proqramlar
təklif edilir. Fakültə Avropa Nüvə Tədqiqatları,
Ümumdünya Sağlamlıq təşkilatları, Avropa Kosmik
Agentliyi və NASA ilə sıx əməkdaşlıq edir.
Fakültənin məzunları arasında bir neçə Filds və
iki Nobel mükafatı laureatı vardır.
Universitetin
Tibb fakültəsi İsveçrədə bu sahənin inkişafı
üzrə böyük xidmətlər göstərib və hazırda ölkədə
yeganə keyfiyyət akkreditasiyası almış tibb
fakültəsidir. Fakültə Cenevrə şəhərində yerləşən
xəstəxanalarla birgə fəaliyyət göstərir. Tibb
fakültəsi şəkərli diabet, infeksion xəstəliklər,
genetika, neyrobiologiya və orqanların
köçürülməsi sahələri üzrə əldə etdiyi uğurlarla
tanınır. Fakültənin nəzdində İsveçrənin
fransızdilli hissəsinə məxsus yeganə
Stomatologiya Məktəbi mövcuddur. Bakalavr
səviyyəsində fakültə Tibb, Stomatologiya,
Hərəkət və idman elmləri, magistratura
səviyyəsində isə yuxarıda sadalananlarla birgə
Proteomika və bioinformatika, Neyroelmlər
proqramları təklif edir.
İncəsənət fakültəsini humanitar da adlandırmaq
olar, belə ki, bu fakültə təkcə incəsənət
sahəsini əhatə etmir. Fakültə, xüsusilə,
dünyanın ən qədim, mifoloji, dini, sərt, ədəbi
və analitik, müxtəlif sivilizasiyalara aid
yazılarını oxumaqla tanınır. İncəsənət fakültəsi
bakalavr səviyyəsində Humanitar elmlər sahəsi
üzrə incəsənət, magistratura səviyyəsində isə bu
proqramla yanaşı Muzey tədqiqatları üzrə
incəsənət, Asiya tədqiqatları üzrə incəsənət
proqramlarını təklif edir. İncəsənət
fakültəsində Qədim Yunan dili və ədəbiyyatı,
Qədim tarix, Ərəb, Çin tədqiqatları, İncəsənətin
tarixi, Klassik arxeologiya, Klassik
tədqiqatlar, Müqayisəli ədəbiyyat, İnformatika
və humanitar elmlər, Misirşünaslıq və Kopt dili,
İngilis dili və ədəbiyyatı, Orta əsrlər fransız
dili və ədəbiyyatı, Fransız dili xarici dil
kimi, Ümumi tarix, Almaniya, Rusiya, Latın
Amerikası, İtaliya, Yaponiya tədqiqatları, Tarix
və Orta əsrlər sivilizasiyası, Dinlərin tarixi,
Mesopatamiya dili və sivilizasiyası, Latın dili
və ədəbiyyatı, Linqvistika, Yeni Yunan
tədqiqatları, Musiqişünaslıq, Fəlsəfə sahələri
üzrə tədris və tədqiqatlar aparılır.
Bu fakültədə məşhur ədəbiyyat tarixçisi, Avropa
Akademiyasının akademiki, bir çox Avropa
universitetlərinin fəxri professoru əfsanəvi
Jorj Niva dərs deyib.
İctimai
elmlər və iqtisadiyyat fakültəsi sosial hərəkat,
iqtisadi qloballaşma, maliyyə, marketinq,
mobillik məsələləri, əmək şəraitinin inkişafı,
beynəlxalq siyasi hakimiyyət və s. tədqiqat
sahələri üzrə əldə etdiyi uğurlarla tanınır.
Fakültə bakalavr səviyyəsi üzrə Menecment,
İqtisadiyyat, Coğrafiya və ətraf mühit,
Sosiologiya, Siyasi elmlər, İqtisadi və sosial
tarix, İnformasiya və xidmət elmləri,
Sosial-iqtisadiyyat, Beynəlxalq əlaqələr,
magistratura səviyyəsi üzrə isə İdarəetmə,
İqtisadiyyat, Sosial-iqtisadiyyat, Coğrafiya və
ərazi elmləri, Sosiologiya, Politologiya,
Beynəlxalq iqtisadi tarix, Gender tədqiqatları,
Statistika, Maliyyə, mühasibatlıq və audit,
Kommunikasiya və media elmləri proqramları
təklif edir.
Hüquq fakültəsində tələbələrə ənənəvi
proqramlarla yanaşı, maliyyə və iqtisadiyyat,
humanitar və ekoloji hüquq, mədəniyyət və
beynəlxalq əlaqələr sahələri də tədris edilir.
Fakültə ABŞ-ın 3 və Avropanın 1 təhsil
müəssisəsi ilə, eləcə də çoxlu sayda beynəlxalq
təşkilatlarla (Ümumdünya Ticarət Təşkilatı,
Beynəlxalq Cinayət Tribunalı və s.) əməkdaşlıq
edir, Harvard Universitetinin Hüquq Məktəbi ilə
tələbə və müəllim mübadiləsi aparır. Fakültə
bakalavr səviyyəsində Hüquq, magistratura
səviyyəsində isə Hüquq, Vətəndaş və cinayət
hüququ, Təsərrüfat hüququ, Beynəlxalq və Avropa
hüququ proqramlarını təklif edir.
Psixologiya və pedaqogika elmləri fakültəsində
tələbələrə insan psixologiyası, insan tərbiyəsi
və təhsili məsələləri üzrə təhsil verilir.
Fakültədə Yeni Bilik və Tədris
Texnologiyalarının Öyrənilməsi xüsusi bölməsi
fəaliyyət göstərir. Psixologiya və pedaqogika
elmləri fakültəsi bakalavr səviyyəsində
Psixologiya, Təhsil elmləri, "İbtidai məktəb
təhsili" istiqaməti, magistratura səviyyəsində
isə Psixologiya, Əsaslı öyrənmə və tədris
texnologiyası, Təhsil elmləri, Nitq və dil
terapiyası, Pedaqogika elmləri, Xüsusi təhsil,
Neyroelmlər proqramlarını təklif edir.
Protestant
ilahiyyat fakültəsi universitet yarandığı gündən
fəaliyyət göstərir və nüfuzlu tarixə malikdir.
Bu, İsveçrənin fransızdilli hissəsində mövcud
olan yeganə bütöv bakalavr proqramına malik
ilahiyyat fakültəsidir. Lozanna və Nevşatel
universitetlərinin ilahiyyat fakültələri ilə
birlikdə Protestant ilahiyyat fakültəsi qabaqcıl
dini təhsil üzrə bakalavr və magistr dərəcələri
verir.
Yazılı və Şifahi Tərcümə Məktəbi 1941-ci ildə
yaradılıb. Məktəbin BMT və digər beynəlxalq
təşkilatlarla yaxınlığı buradakı tədrisin
səviyyəsini daha da yüksəldir. Məktəbin
kitabxanası Avropada yerləşən ən böyük
ixtisaslaşmış kitabxanalardan biridir. Məktəbdə
KİV, ictimaiyyətlə əlaqə, turizm, dil
vasitəçiliyi, çoxdilli kommunikasiya sahələri
üzrə tədqiqatlar həyata keçirilir, tədris ərəb,
ingilis, fransız, alman, italyan, rus, ispan
dillərində aparılır. Yazılı və Şifahi Tərcümə
Məktəbi bakalavr səviyyəsində Çoxdilli
kommunikasiya, magistratura səviyyəsində isə
Tərcümə, İnterpretasiya proqramlarını təklif
edir.
Universitetdə aparıcı tədqiqat sahələri həyat
elmləri (biologiya, bioinformatika və s.),
elementar hissəciklər fizikası, astrofizika,
astronomiya, sosial psixologiya, kimya,
genetika, biokimya və biofizika elmləridir.
Cenevrə Universiteti 6 milli tədqiqat mərkəzinin
yaranmasında rolu olan təhsil müəssisəsidir. Son
bir neçə ildə bu ali məktəb apardığı tədqiqatlar
üzrə İsveçrə Milli Fondu tərəfindən ölkə
universitetləri arasında ən yüksək nəticələr
göstərən elmi-tədqiqat mərkəzi kimi qeyd olunub.
Ötən illər universitet tədqiqatlardan 62 milyon
İsveç frankı əldə edib. Molekulyar biologiya
üzrə apardığı tədqiqatlara görə, Cenevrə
Universiteti dünyada ikinci, fizika üzrə isə
altıncı yerləri tutur. Bu ali məktəbdə çalışmış
tanınmış alimlər Mişel Mayor ekzoplanetin, Denis
Duboul genetika, Nikolya Gisin isə kvant
teloportasiyasının kəşfləri ilə universitetə
məşhurluq gətiriblər.
Cenevrə
Universiteti beynəlxalq münasibətlər, hüquq və
ilahiyyat sahələri üzrə də böyük akademik
nailiyyətlərə yiyələnib. Ölkənin digər
universitetləri ilə əməkdaşlıq çərçivəsində
universitetdə əczaçılıq, biotibb, psixologiya,
gender tədqiqatları, insan ekologiyası,
sosiologiya və biologiya üzrə magistr və
doktorluq səviyyələri təklif olunur. Dərslər
universitetdə, əsasən fransız dilində tədris
olunur. Tədris ili iki semestrə bölünür, dərslər
sentyabrın ortalarında başlayır və iyunun
ortalarında bitir. Cenevrə Universiteti
beynəlxalq universitetlərlə əməkdaşlıq etmək
məqsədi ilə 1999-cu ildə Beynəlxalq Tədqiqat və
İnkişaf İnstitutu, eləcə də BMT ilə birgə
Cenevrə Beynəlxalq Əməkdaşlıq Akademik Şəbəkəsi
yaradıb. 2008-ci ildə bu təşkilat bütün İsveçrə
üzrə "İsveçrə Beynəlxalq Tədqiqatlar Şəbəkəsi"
adı ilə fəaliyyət göstərməyə başlayıb.
Cenevrə Universitetinin kitabxanası Avropanın ən
zəngin kitabxanalarındandır. Kitabxanada 5
milyondan çox kitab, minlərlə elektron resurs,
video və audiomateriallar mövcuddur. Oxu
zallarında yerləşdirilmiş kompüterlər kolleksiya
resurslarına asanlıqla yol tapmağa imkan verir.
Hər bir istifadəçi əlavə qeydiyyat olmadan
kitabxananın İnternet resurslarından istifadə
edə bilər. Universitet kitabxanası 9000 m2
sahəyə malik zalları ilə seçilir. Kitabxanadakı
kitabların düzüldüyü qəfəsələr 12 km
uzunluğundadır. Cenevrə Universiteti zəngin
kitab və elmi iş, eləcə də arxiv sənədlərinə
malik Jan Piaje kitabxanasına çıxış əldə edib.
Cenevrə Universitetinin rektoru 2007-ci ildən
başlayaraq professor Jan Dominik Vassallidir. Bu
ali məktəbin vitse-prorektorları isə
professorlar Anik de Ribaupyerr, İves Flyukiqer
və Pyerr Spiererdir. Universitetin fakültələri
dekan, şöbələri prezident, departamentləri isə
direktorlar tərəfindən idarə olunur.
Universitetdə 5200 nəfər işçi çalışır.
Cenevrə Universitetində ümumilikdə 14489 nəfər
tələbə təhsil alır. Tələbələrin 61%-ni qızlar
təşkil edir. Universitetdə təhsil alan gənclərin
üçdə bir hissəsini dünyanın 130 ölkəsindən olan
əcnəbilər təşkil edir.
2010-2011-ci tədris ilində "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Cenevrə
Universitetinin magistratura səviyyəsinə iki
azərbaycanlı gənc - Ləman İlham qızı Mustafayeva
və Murad Hikmət oğlu Mirzəyev beynəlxalq biznes
ixtisası üzrə qəbul olunub.
Cenevrə Universitetində tələbələrin asudə
vaxtlarını səmərəli keçirmək məqsədilə lazımi
işlər aparılır. Tələbələrin əksər hissəsi
idmanla məşğul olmağa üstünlük verir.
Universitetdə idmanın 50-dən çox növü təklif
olunur. Burada idmanın gimnastika, tennis, ayaq
xizəyi, alpinizm, üzgüçülük və s. növləri xüsusi
inkişaf edib. İdmanla yanaşı universitetdə
musiqi, teatr, rəqs, rəssamlıq və heykəltəraşlıq
sahələri üzrə böyük nailiyyətlər əldə edən
tələbələr çoxluq təşkil edir. Ali məktəbdə
tez-tez müxtəlif mədəni tədbirlər, sərgilər
keçirilir. Bir çox tələbələr universitetdə işlə
təmin olunurlar.
Cenevrə Universiteti akademik yaradıcılıq və
bilik ötürücüsü funksiyasını daşıyan, beynəlxalq
nüfuza malik kosmopolit elmi-tədqiqat
müəssisəsidir. Universitetin əsas məqsədi
tələbələrinə yüksək səviyyəli tədris, tədqiqat
bacarıqları öyrətmək, əməkdaşlıq etdiyi təhsil
müəssisələri və təşkilatların sırasını, dünyanın
bütün ölkələrini təmsil edən tədqiqatçı və
tələbələrinin sayını artırmaq, müxtəlif
beynəlxalq akademik və mədəni tədbirlərin
keçiriləcəyi əsas məkanlardan biri olmaq və
cəmiyyətə layiqli xidmət göstərməkdir. Yarandığı
gündən bu ali məktəb yüksək etik standartlar
tətbiq edərək keyfiyyətli və innovativ təhsil
nümayiş etdirib. Bu gün Cenevrə Universiteti
özünü Avropanın ən nüfuzlu ali məktəblərindən
biri kimi təsdiq etməkdədir.
Universitetin məşhur məzunları
|
Mişlin Kalmi-Rey |
İsveçrə Konfederasiyasının prezidenti |
|
|
Joze Manuel Barrozu |
Avropa Komissiyasının sədri |
|
|
Kofi Annan |
BMT-nin 7-ci baş katibi, sülh üzrə Nobel
mükafatı laureatı |
|
|
Jorj Mari Martin Kottier |
Roma-Katolik Kilsəsindən olan İsveçrə
kardinalı |
|
|
Şahzadə Jozefina Şarlotta |
Lüksemburq knyaginyası |
|
|
Ayşə Afət İnan |
Türkiyə siyasətçisi, Atatürkün qızlığa
götürdüyü qadın |
|
|
Sandra Kalniyete |
Latviya siyasətçisi |
|
|
Norman Encell |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Daniel Bove |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Karl Qunnar Mirdal |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Moris Allis |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Nils Kay Jerne |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Edmond Fişer |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Martin Rodbell |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Verner Arber |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Alan Cey Higer |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Stanislav Smirnov |
riyaziyyat üzrə Filds mükafatı laureatı |
|
|
Anri Dünan |
Beynəlxalq Qırmızı Xaç Komitəsinin
yaradıcısı, sülh üzrə Nobel mükafatı
laureatı |
|
|
Ferdinand de Sossür |
tanınmış fransız linqvisti,
strukturalizmin banisi |
|
|
Paskal Engel |
fransız filosofu |
|
|
Mişel Butor |
tanınmış fransız yazıçısı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|