"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" çərçivəsində indiyədək
ümumtəhsil məktəblərinin 43 mindən çox müəllimi
təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə
iştirak edib.
Təhsil sisteminin pedaqoji heyətinə tədris
prosesində İKT-dən effektiv istifadə edilməsi
üçün mövcud kurikulumlar - Rİ-SOL "Müəllimlərin
peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi",
"İntel" - "Gələcək üçün təhsil", "İnzibati
idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi"
üzrə təlim vəsaiti və "Elektron məktəb" təlim
vəsaitləri əsasında treninqlər keçirilir. Rİ-SOL
"Müəllimlərin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi" təlimi prosesində müəllimlər
şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim
metodları haqqında biliklər qazanır və
texnologiyaları sinifdə tədris prosesində necə
tətbiq etməyi öyrənirlər.
"İntel" - "Gələcək üçün təhsil" proqramı
çərçivəsində ümumtəhsil məktəblərinin və ali
pedaqoji müəssisələrin müəllimləri tədris
prosesində İKT-dən səmərəli istifadə etmək üçün
zəruri biliklər əldə edirlər. Müəllimlər dövlət
təhsil standartlarına və tədris proqramlarına
uyğun layihə planı, şagird multimedia təqdimatı,
nəşr və veb-sayt, qiymətləndirmə formaları və
meyarları, şagirdlər üçün didaktiv və müəllimlər
üçün metodik materiallarla təchiz olunurlar.
Treninqlər respublikanın əksər şəhər və
rayonlarında yaradılmış təlim mərkəzlərində
keçirilir.
2010-cu ildə Dövlət Proqramı çərçivəsində təhsil
sistemində çalışan 2 min nəfər
inzibati-idarəetmə heyəti üçün təlimlərdə
iştirak edib. Ümumiyyətlə, Azərbaycanda təhsil
sahəsində çalışan 170 min müəllimin hamısının bu
proqram çərçivəsində informasiya-kommunikasiya
texnologiyalarının tədrisdə tətbiqi üzrə
treninqlərdə iştirak edəcəyi proqnozlaşdırılır.
Hicran ƏKBƏROVA |