Bakı şəhərində ekologiya və təbiəti mühafizə
problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi V Beynəlxalq Layihə
Olimpiadası başlandı. Bu münasibətlə aprelin
5-də "Çağ" Öyrətim İşlətmələri Şirkətində KİV
nümayəndələri üçün mətbuat konfransı keçirildi.
Tədbiri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş
İdarəsinin rəisi, "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi V Beynəlxalq Layihə
Olimpiadasının təşkilat komitəsinin sədri Arif
Gömleksiz açaraq KİV nümayəndələrinə bu yarış
haqqında məlumat verdi. Qeyd olundu ki, 8-9
aprel tarixlərində keçiriləcək olimpiada
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
dəstəyi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və
"İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin
təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci ildönümünə
həsr olunan builki olimpiadada 35 ölkədən
300-dək iştirakçı yarışacaqdır. Olimpiadanın
əsas məqsədinin ekoloji problemlərin həlli və
ətraf mühitin mühafizəsi istiqamətində gənc
nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə
qarşı həssas münasibət formalaşdırmaq, təbii,
mədəni, tarixi və sosial-estetik dəyərlərin
qorunması ruhunu yaratmaq olduğunu deyən Arif
Gömleksiz yarışa qatılan ölkələrin sayının
ildən-ilə artdığını, şagirdlərin təqdim
etdikləri layihələrin daha keyfiyyətli və yüksək
səviyyədə hazırlandığını söylədi.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən ümummilli liderimiz
Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlayan Azərbaycan-Türkiyə Özəl Liseylərinin
uğurla fəaliyyət göstərməsindən, şagirdlərin
dünya olimpiadalarında əldə etdikləri
nailiyyətlərdən danışdı. O, xarici ölkələrdə
keçirilən mötəbər bilik yarışlarında
azərbaycanlı şagirdlərin yüksək intellekt və
bacarıq nümayiş etdirdiklərini və Vətənə çoxlu
sayda medalla döndüklərini qürur hissi ilə qeyd
etdi. Azərbaycanda geniş miqyasda keçirilən və
artıq bir ənənəyə çevrilmiş "İNEPO-AVRASİYA"
Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının əhəmiyyətinə toxunan Ənvər
Özərən bütün iştirakçılara uğurlar arzuladı,
tədbirin təşkilində əməyi olanlara isə öz
minnətdarlığını bildirdi.
Qeyd edək ki, aprelin 8-də olimpiadanın açılışı
olacaq, iştirakçılar öz ölkələri haqqında
stendləri və layihələrini nümayiş etdirəcəklər.
Həmin gün olimpiada iştirakçıları tərəfindən
təqdim olunan layihələri münsiflər heyəti
diqqətlə nəzərdən keçirərək ətraflı təhlil
edəcək və sonda qaliblər müəyyənləşdiriləcəkdir.
Aprelin 9-da isə Bakı Əl Oyunları İdman
Sarayında beynəlxalq olimpiadanın qaliblərinin
mükafatlandırılması mərasimi keçiriləcəkdir.
Samirə KƏRİMOVA |
|