Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva aprelin 5-də
Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib"
maliyyə korporasiyasının birgə əməkdaşlıq
layihəsi çərçivəsində Yeni Günəşli yaşayış
massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin
açılışında iştirak etmişdir.
Mərkəzlə
tanışlıq zamanı Mehriban xanıma məlumat
verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi
olan tibb ocağı ən müasir standartlara uyğun
tikilmiş və ən son avadanlıqla təchiz
olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün
dünya psixoterapiya praktikasında çox populyar
olan qum terapiyası üsulundan istifadə edilir.
Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya
prosesində əsas üsullardan biridir.
Mərkəzdə bütün otaqlarda müşahidə kameraları
quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin
hollundakı böyük monitorlara ötürülür. Bu,
valideynlərə uşaq və yeniyetmələrin
reabilitasiya prosesini müşahidə etmək imkanı
verir.
Reabilitasiya prosesi müalicəvi vannalar
vasitəsilə də aparılır. Bu prosedurlar əzələ
ağrılarını və əzələ spazmalarını azaldır, yerli
və ümumi qan dövranını gücləndirir və nəticədə
əzələ funksiyasını yaxşılaşdırır. Daha bir
müalicə növü artterapiyadır. Uşaqlarla sosial
mühit oriyentasiyası tədrisi aparılır, onlara
müstəqil yaşamaq vərdişləri öyrədilir.
Psixoloji sərbəstlik - sensor terapiya kabineti
psixoemosional vəziyyəti yaxşılaşdırmaq,
narahatlıq və aqressiyanı azaltmaq, qorxu və
sinir gərginliyini aradan götürmək, normal
yuxunu bərpa etmək, psixoloq və uşaq arasında
etibarlı kontakt yaratmaq məqsədi daşıyır.
Fondun
prezidentinə bildirilmişdir ki, mərkəzdə dünyada
populyar olan balneoterapiya da həyata
keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən
əziyyət çəkənlərə müsbət təsir göstərən bir
terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə
azaldığından, onlar hərəkət etməyə qorxmurlar.
Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi
öyrənə bilir və bu da onlara hərəkət sevinci,
həyat eşqi bəxş edir. Bu terapiyanın daha
səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi
qaldırıcı qurğunun alınması planlaşdırılır ki,
hərəkət etməyən uşaqlar da bu terapiyadan
istifadə etsinlər.
Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də
aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq
və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar
vasitəsilə, yəni əyləncəvi formada həyata
keçiriləcəkdir.
Mərkəzdə uşaqların psixoloji və fiziki
imkanlarının qiymətləndirilməsi də həyata
keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda
müayinə və qiymətləndirmə 3 mütəxəssis -
pediatr, nevroloq və psixoloq tərəfindən
aparılır.
Müalicə ocağının həyətində açıq idman meydançası
da yaradılmışdır. Uşaqlar burada müxtəlif idman
növləri ilə - futbol, voleybol, basketbolla
məşğul ola biləcəklər. Mərkəzin həyətində
əyləncə meydançası da vardır.
Uşaqların müxtəlif peşələrə
istiqamətləndirilməsi, vaxtında və düzgün
qidalandırılması da diqqət mərkəzindədir.
Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva
uşaqların buraya gətirilməsi, sonradan isə
evlərinə qaytarılması üçün hədiyyə olunmuş
"Hyundai" markalı avtobusun açarlarını mərkəzə
təqdim etmişdir.
Mərkəzin açılışında "Uralsib" maliyyə
korporasiyasının direktorlar şurasının sədri
Nikolay Svetkov da iştirak etmişdir.
***
Sonra Heydər Əliyev Fondunda Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Rusiyanın
"Uralsib" maliyyə korporasiyasının nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc |