Aprelin 6-da
Bakı Slavyan Universitetində Yunanıstan
Prezidenti Karolos Papulyasa BSU-nun fəxri
doktoru diplomunun təqdim olunmasına həsr
edilmiş mərasim keçirilmişdir.
Mərasimdən
əvvəl Yunanıstan Prezidenti BSU-nun rektoru
Kamal Abdullayevlə görüşmüşdür.
Daha sonra
mərasim keçirilmişdir. BSU-nun rektoru Kamal
Abdullayev çıxış edərək, universitetin tarixi,
fəaliyyəti və beynəlxalq əlaqələri haqqında
danışmışdır. Bildirmişdir ki, BSU-da Şərqi və
Qərbi Avropa dilləri ilə yanaşı, yunanşünaslığa
da dair elmi araşdırmalar aparılır, yunan
mədəniyyəti tədqiq və təbliğ edilir. 2004-cü
ildə BSU-da açılmış Müasir Yunan Dili və
Mədəniyyəti Mərkəzində Yunanıstanın milli və
dövlət bayramları qeyd olunur, müxtəlif
tədbirlər keçirilir. Burada "Zorba" yunan
rəqsləri dərnəyi də fəaliyyət göstərir.
Rektor
demişdir ki, BSU Yunanıstanın bir sıra ali
təhsil müəssisələri, xüsusilə də Makedoniya,
Afina milli və Kapodistri universitetləri ilə
əməkdaşlıq edir. Bir neçə ildir ki, Yunanıstan
Təhsil Nazirliyinin dəstəyi ilə yunan dili
müəllimləri BSU-da dərs deyir, azərbaycanlı
mütəxəssislər və tələbələr isə Yunanıstanın
universitetlərində təcrübə keçirlər.
Sonra rektor
Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın
inkişafında, mədəniyyət, elm, təhsil sahəsində
əlaqələrimizin dərinləşməsində böyük
xidmətlərinə görə Yunanıstan Prezidenti Karolos
Papulyasa BSU-nun fəxri doktoru adının verilməsi
barədə universitetin Elmi Şurasının qərarını
elan etmişdir.
Karolos
Papulyasa BSU-nun fəxri doktoru diplomu və
mantiya təqdim olunmuşdur.
Mərasimdə
çıxış edən Prezident Karolos Papulyas demişdir
ki, BSU-nun fəxri doktoru adına layiq görülməsi
onun üçün həm şərəf, həm də məsuliyyətdir. Bu
şərəfli adın bütün yunan xalqına göstərilən
hörmət və etimad olduğunu deyən K.Papulyas
BSU-da yunan dilinin də tədris edilməsini, eləcə
də universitetdə Müasir Yunan Dili və
Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini
yüksək qiymətləndirmişdir.
Yunanıstanın
dövlət başçısı bildirmişdir ki, əgər tarixin
dərinliklərinə nəzər salsaq, Azərbaycan və yunan
xalqlarını birləşdirən kifayət qədər ümumi
cəhətlərin olduğunu görə bilərik.
K.Papulyas
demişdir: "Hələ miflərin hakim olduğu dövrdə
Prometeyin insanlara odun sirrini sizin
ölkənizdən gətirdiyi məlumdur. Tarixçilər
Prometeyin Zevs tərəfindən verilmiş cəzanı
çəkdiyi dağın Naxçıvan ərazisində yerləşdiyini
bildirirlər. İcazə verin, bu dağın adını sizin
dilinizdə olduğu kimi deyim: İlandağ".
Yunanıstan
Prezidenti bildirmişdir ki, tarixin atası
Herodot tarixi Azərbaycan ərazisi hesab edilən
Midiya haqqında məlumat vermiş, tarixçilər
Strabon və Diodor Sikeliotis hər iki xalqın
mədəni əlaqələrindən bəhs etmişlər. Şübhəsiz,
özünün dördüncü epik əsəri "İsgəndərnamə"ni
Böyük İsgəndərə ithaf edən böyük Azərbaycan
şairi Nizami Gəncəvini heç kəs unuda bilməz.
Böyük İsgəndər Atropata səmimi dostluq məktubu
göndərmişdir və sonuncu ona eyni səmimiliklə
cavab vermişdir.
K.Papulyas
yunan dili, elmi və mədəniyyəti haqqında da
ətraflı danışmış, daim inkişafda olan bu
mədəniyyətə BSU-da ilbəil artan marağı yüksək
qiymətləndirmişdir.
Ölkələrimizin
ali təhsil müəssisələri arasında əlaqələrin daha
da gücləndirilməsinin vacibliyini vurğulayan
Prezident K.Papulyas Bakıya səfəri çərçivəsində
Azərbaycan və Yunanıstan hökumətləri arasında
2011-2013-cü illər üçün elm, təhsil və
mədəniyyət sahələrində əməkdaşlığa dair
proqramın imzalanmasının əhəmiyyətini xüsusi
vurğulamışdır.
Sonra
universitetin tələbələri yunan dilində mahnılar
ifa etmişlər. Yunanıstanın dövlət başçısı
tələbələrlə xatirə şəkli çəkdirmişdir.
Yunanıstan
Prezidenti BSU-nun Müasir Yunan Dili və
Mədəniyyəti Mərkəzi ilə də tanış olmuş, fəxri
qonaqlar kitabına ürək sözlərini yazmış, burada
universitetin müəllim və tələbə heyəti ilə
xatirə şəkli çəkdirmişdir.
Yunanıstanın
dövlət başçısı yunan dilinin tədrisi otağında
yaradılmış şəraitlə də tanış olmuşdur.
Yunanıstan
Prezidenti Karolos Papulyas universitetdən xoş
təəssüratla ayrılmışdır.
AzərTAc |