Azərbaycan Respublikasında gənclər siyasəti
gənclərin vətənpərvərlik, azərbaycançılıq,
dövlətçilik prinsipləri əsasında Azərbaycan
xalqının tarixi-mədəni irsinə, milli mənəvi və
ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə
olunması, cəmiyyətin ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında gənclərin
fəal iştirakının təmin edilməsi, onların
intellektual və yaradıcılıq potensialının
ümummilli məsələlərin həllinə yönəldilməsi
istiqamətində aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 3-cü bəndini rəhbər tutaraq,
Azərbaycan Respublikasında gənclər siyasətini
daha da inkişaf etdirmək, gənclərin menecment
sahəsində fəal iştirakına şərait yaratmaq, gənc
mütəxəssislərin işlə təminatı və digər
sosial-iqtisadi problemlərinin həllini təmin
etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı
layihəsinin hazırlanması üçün müvafiq dövlət
orqanlarının nümayəndələrindən ibarət işçi
qrupunun yaradılmasını 10 gün müddətində təmin
etsin.
2. Bu sərəncamın 1-ci hissəsində qeyd olunan
işçi qrupu "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramı layihəsinin iki ay
müddətində hazırlanıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim olunmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2011-ci il |