2011-ci ilin may ayında görkəmli neftçi-geoloq,
SSRİ Dövlət mükafatı laureatı, professor
Ağaqurban Qurban oğlu Əliyevin anadan olmasının
100 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycanda neft sənayesinin inkişafına böyük
töhfələr vermiş A.Q.Əliyevin xatirəsini
əbədiləşdirmək məqsədilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti "Neft Daşları" Neft və Qazçıxarma
İdarəsinin ərazisində A.Q.Əliyevin büstünün
qoyulmasını təmin etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti A.Q.Əliyevin
yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin
etsin.
3. Azərbaycan Respublikasının Sənaye və
Energetika Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə birlikdə A.Q.Əliyevin
fəaliyyətinə həsr olunmuş konfrans keçirsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2011-ci il |