Bu günlərdə Biləsuvar rayonunun Əliabad kəndində
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad
olunub.
Mübarizin
hərbi xidmətdə olduğu Azərbaycan Respublikası
Daxili Qoşunlarının Veteranlar Şurasının sədri,
müharibə veteranı, ehtiyatda olan
polkovnik-leytenant Murad Mürsəlov, sədr müavini
Telman Aslanov, şuranın üzvü Mehralı Şamxalov və
zabit Yalçın Abasov Mübariz İbrahimovun doğulub,
boya-başa çatdığı evdə olub, atası Ağakərim kişi,
anası Şamama xanımla görüşüblər. Döyüşçü şair
Elxan Xəzərin Milli Qəhrəman Mübariz İbrahimovun
cəsurluğu, mübarizliyi haqqında yazdığı "Mübariz"
adlı kitabını onlara təqdim edib, qəhrəmanın
valideynləri ilə xatirə şəkli çəkdiriblər.
Qonaqlar sonra Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun təhsil aldığı şəhid Malik
Piriyev adına Əliabad kənd tam orta məktəbinə
gedərək, burada yaradılmış "Mübarizlik məktəbi"
adlı muzeylə tanış olublar və gətirdikləri 23
ədəd kitabı məktəb kitabxanasına hədiyyə ediblər.
Təhsil ocağının müəllim və şagirdləri ilə
keçirilən görüşdə məktəbin tədris işləri üzrə
direktor müavini Böyükbəy Quliyev çıxış edərək
Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı
illərdən, keçdiyi şərəfli ömür yolundan geniş
söhbət açıb.
Sonda çıxış edən qonaqlar bu gün Daxili
Qoşunların şəxsi heyətinin hər bir üzvünün
Mübarizlə fəxr etdiklərini, qürur duyduqlarını
bildiriblər. Qonaqlar, eyni zamanda Mübariz
İbrahimova dərs demiş müəllimlərə və məktəb
kollektivinə Mübariz kimi Vətənini, xalqını,
millətini canından artıq sevən bir oğul
yetişdirdikləri üçün minnətdarlıq ediblər.
Ədalət DAŞDƏMİRLİ |