Naxçıvan Dövlət Universitetində 2010-2011-ci
tədris ilinin II semestrində keçiriləcək
pedaqoji təcrübənin başlanğıc konfransı oldu.
Konfransı giriş sözü ilə açan universitetin
rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli
istər pedaqoji, istərsə də istehsalat
təcrübəsinin tələbələrin gələcək fəaliyyətlərinə,
onlarda əsl pedaqoq və mütəxəssis vərdişlərinin
formalaşması və inkişafına müsbət təsirindən
danışdı. Pedaqoji təcrübə dövründə tələbələrin
və təcrübə rəhbərlərinin üzərinə düşən
öhdəliklərlə, onların davamiyyəti, dərsin
keçilməsi və sair məsələlərlə bağlı öz
tövsiyələrini verən rektor, həm də orta
ümumtəhsil məktəblərində keçirilən müxtəlif
mədəni-kütləvi tədbirlərdə də fəal iştirakın
zəruriliyini bildirdi, tələbələrə uğurlar dilədi.
Universitetin tədris işləri üzrə prorektoru,
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
Hüseyn Həşimli çıxış edərək sənədləşmənin
aparılması qaydaları haqqında ətraflı məlumat
verdi. Statistik göstəriciləri tədbir
iştirakçılarının diqqətinə çatdıran natiq bu il
universitetin 14 müxtəlif xarakterli ixtisas
üzrə təhsil alan 294 tələbəsinin aprelin 1-dən
28-dək Naxçıvan MR-in ümumtəhsil məktəblərində
pedaqoji təcrübə keçəcəyini bildirdi. Builki
təcrübənin fərqli cəhəti isə ali məktəbin 3
kredit sistemli ixtisas üzrə təhsil alan
tələbələrinin pedaqoji təcrübəsinin Boloniya
prosesinə uyğun qaydada aparılacağı və onların
təcrübə dövründəki fəaliyyətlərinin də qeyd
olunan sistem üzrə qiymətləndiriləcəyindən
ibarətdir.
Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri
Rəşad Xudiyev bu il orta ümumtəhsil
məktəblərində tətbiq olunmuş yeniliklər
barəsində məlumat verdi, təcrübəçi tələbələrə
dərs prosesində daha çox yeni metodlara və
informasiya texnologiyalarından istifadəyə
üstünlük verməyi tövsiyə etdi, bu işdə
tələbələrə uğurlar arzuladı.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |