AzərTAc xəbər verir ki, Azərbaycan Diplomatik
Akademiyasının (ADA) müəllimi, elmlər doktoru
Anar Vəliyevin rəhbərliyi ilə akademiyanın 16
nəfərdən ibarət tələbə heyəti Özbəkistanda
səfərdədir. Səfər ADA ilə Daşkənddəki Dünya
İqtisadiyyatı və Diplomatiyası Universiteti
(DİDU) arasında imzalanmış əməkdaşlıq haqqında
müqaviləyə uyğun olaraq həyata keçirilir.
Tələbələrin arasında ADA-da təhsil alan Çexiya,
Meksika, Rusiya və Pakistan vətəndaşları da
vardır.
Tələbələr səfərin birinci günü Azərbaycanın
Özbəkistandakı səfirliyində olmuşlar. Qonaqları
müvəqqəti işlər vəkili Akif Əliyev salamlamış,
Azərbaycan ilə Özbəkistan əlaqələrinin
səviyyəsindən danışmış, indiyədək ölkələrimiz
arasında müxtəlif sahələrə aid 100-dən artıq
müqavilə və sazişin imzalandığını qeyd etmişdir.
Onun sözlərinə görə, ölkələrimiz arasında siyasi
və mədəni sahələrdə əlaqələr yüksək
səviyyədədir, iqtisadi sahədə əməkdaşlığın
dərinləşdirilməsi istiqamətində iş aparılır.
Sonra diplomat tələbələrin suallarına cavab
vermişdir.
Qonaqlar DİDU-dan əlavə, Mirzə Uluğbəy adına
Özbəkistan Milli Universiteti, Dövlət Dünya
Dilləri Universiteti və digər ali təhsil
ocaqlarında olacaq, Daşkənd və Səmərqəndin
görməli yerlərini gəzəcəklər. |