İmişli rayonundakı Nurlu kənd tam orta
məktəbinin direktoru Bəşir Məmmədovla ötən il
tikilib istifadəyə verilmiş yeni məktəbdə
görüşdüm. Salam-kəlamdan sonra soruşdum ki,
Bəşir müəllim, şagirdlərin təlim-tərbiyəsnə ömür
həsr etmək sizin yeganə arzunuz olub, yoxsa
hansısa istəyinizi reallaşdırmaq mümkün
olmadığından bu sahəyə gəlmisiniz?
Xarakterinə
məxsus mehribanlıqla gülümsündü və bir an da
olsa düşünmədən sözə başladı:
- Mən müəllimliyi özüm seçmişəm. Və bu gün də öz
seçimimdən çox razıyam. Bir vaxtlar özüm də elə
bu təhsil müəssisəsində - İmişli rayonunun
A.Bayramov adına Nurlu kənd orta məktəbində
oxumuşam. 1991-ci ildə orta təhsil müəssisəsini
bitirib sənədlərimi Azərbaycan Dövlət Pedaqoji
Universitetinin fizika fakültəsinə verəndə əmin
idim ki, mütləq tələbə adını qazana biləcəyəm.
İnamım özünü doğrultdu. Atam Cavad müəllim 30
ildən çoxdur ki, gənc nəslin təlim-tərbiyəsi ilə
məşğuldur. Belə demək mümkünsə, mən ata yolunu
davam etdirirəm.
1995-ci ildə ali təhsilini başa vuran Bəşir
Məmmədova fərqlənmə diplomu verildi. O, ilk əmək
fəaliyyətinə Respublika Olimpiya İdman liseyində
başladı. Dərin biliyi, əməksevərliyi,
təşəbbüskarlığı ilə diqqəti cəlb etdi. Və
günlərin bir günü doğma rayon onu özünə çəkdi.
Müəllimlik fəaliyyətini məzunu olduğu Nurlu
kənd orta məktəbində davam etdirməyə başladı.
Bir neçə il müəllimlik etdikdən sonra rayon
təhsil şöbəsinin rəhbərliyi onu məktəb
direktorluğuna irəli çəkdi. Artıq 3 ildir ki, bu
vəzifədə çalışmaqdadır.
Onun rəhbərlik etdiyi Nurlu kənd məktəbinin son
illərdəki uğurları, bu uğurlar haqqında eşidən
hər kəsdə məmnunluq hissi yaradır. Təhsilin
müasir forma və texnologiyalarına ciddi önəm
verən pedaqoji kollektivin üzvləri ildən-ilə öz
nəticələrini yaxşılaşdırırlar. Hər il məktəbin
məzunlarının təxminən yarısı qəbul
imtahanlarında yüksək bal toplayaraq
respublikanın ən nüfuzlu ali məktəblərinə daxil
olurlar.
Məktəbdə hazırda 107 şagird təhsil alır ki,
onların təlim-tərbiyəsi ilə 17 müəllim məşğul
olur. Kollektivdə yaradılmış sağlam ab-hava,
ciddi nizam-intizam diqqət çəkir. Şübhəsiz ki,
əldə edilmiş nailiyyətlər daha yüksək olardı.
Ancaq məktəbin maddi-texniki bazası çox zəif və
primitiv idi. Sevindirici haldır ki, istər kənd
camaatını, istərsə də şagird və müəllimləri
narahat edən bu problem artıq öz həllini tapıb.
Bu barədə məktəbin direktoru Bəşir Məmmədov belə
deyir:
- Ölkəmizdə gedən quruculuq və abadlıq işləri
xoş təəssürat doğurur. Məktəb tikintisi ölkə
Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban
Əliyevanın daim diqqət mərkəzindədir.
Dövlətimizin, habelə Heydər Əliyev Fondunun bu
istiqamətdə həyata keçirdikləri möhtəşəm işlər
hər birimizin ürəyincədir. Çox şükürlər ki, bu
işlərdən bizə də pay düşüb. Ötən il kəndimizdə
yeni məktəb binası tikilərək istifadəyə verilib.
Dövlət vəsaiti hesabına inşa olunmuş 180 şagird
yerlik məktəbimizin geniş idman, akt zalları,
qazanxanası var. Şübhəsiz ki, bu hədiyyə bizi
ürəkdən sevindirir. Buna görə bu işdə əməyi
olanlara "çox sağ olun" deyirik.
İsrafil QULİYEV |