Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında "Kainat" Gənclik Mərkəzinin
təşkilatçılığı, "Total Azerbaijan B.V."
şirkətinin dəstəyi və Fransanın ölkəmizdəki
səfirliyinin iştirakı ilə respublika
məktəblilərinin "Mən fransız dilində danışıram"
mövzusunda ənənəvi müsabiqəsinin final mərhələsi
keçirilib.
Məlumat üçün deyək ki, müsabiqənin ilkin turu
martın 5-də olmuş, həmin turun nəticələrinə
əsasən iki yaş qrupu üzrə (10-13 və 14-16) 33
şagird finala vəsiqə qazanmışdır.
Müsabiqənin təşkilatçıları tərəfindən müxtəlif
nominasiyalar üzrə mükafatlar təsis edilmişdir.
Artıq davamlı olaraq 9 ildir ki, keçirilən
müsabiqənin münsiflər heyətinin tərkibinə
təcrübəli pedaqoqlarla yanaşı, "Total Azerbaijan
B.V." şirkətinin mütəxəssisləri də daxil
edilmişlər.
Final turunda hər şagirdə 5 sual təqdim olunmuş
və onlara bu tapşırıqları cavablandırmaqdan ötrü
20 dəqiqə vaxt verilmişdir.
Tapşırıqların icrası başa çatandan sonra
münsiflər heyəti tərəfindən qaliblər
müəyyənləşdirilmiş və onlara mükafatlar təqdim
olunmuşdur. Müsabiqənin "Qran-pri" mükafatını
160 nömrəli məktəbin şagirdi Fatimə Fətəliyeva
qazanmışdır. 10-13 yaş qrupu üzrə Bakı Oksford
Məktəbinin şagirdləri İranə Hacıyeva I, Selin
Çıraqzadə II, Nəzrin Eyyubova III yerləri
tutmuşlar.
14-16 yaş qrupuna daxil olan şagirdlərin
müsabiqəsində isə həmin məktəbin şagirdləri Ayaz
Hacıyev I, Nərmin İslami II, Orxan Cahangirli
III yerlərə layiq görülmüşlər. Müsabiqənin
şərtlərinə uyğun olaraq daha 5 şagird
həvəsləndirici mükafat almışdır.
Y.ƏLİYEV |