Utrext Universiteti (Utrecht University)
Niderland Krallığında, Utrext şəhərinin
mərkəzində yerləşir. Hollandiyanın böyük dövlət
universitetlərindən biri olan bu ali məktəbin
qədim bağları, binaları, yaxınlıqdakı küçələrin
adları onun zəngin tarixə malik olmasının
sübutudur.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Utrext
Universiteti 100 ən yaxşı ali məktəb arasında
York Universiteti ilə birgə 70-ci yerdə
sıralanıb. 2010-cu ildə dünyanın ən nüfuzlu
universitetləri arasında "Times Higher Education
World University Rankings"in açıqlamasına görə,
Utrext Universiteti 143-cü yerdə, "QS World
University Rankings"in açıqlamasına əsasən isə
83-cü yerdə qərarlaşıb.
Tarixi
Utrext
Universiteti qədim tarixə malikdir. Hələ 695-ci
ildə İrland keşişi Villibrord Utrext şəhərində
keşiş yetişdirən məktəb yaratmağı təklif edir.
Onun bu şəhərdə yaratdığı seminariya kilsə ilə
əlaqəli fəaliyyət göstərir və sonradan Domskul -
Kilsə Məktəbi adlandırılır. 1634-cü ildə Utrext
Şəhər Şurası "Şöhrətləndirilmiş məktəb" adlı ali
məktəb açır. 1636-cı il martın 26-da həmin
məktəb Utrext Universitetinə çevrilir və elmi
dərəcə vermək hüququ qazanır. Universitetdə dörd
fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb)
yaradılır. Fəaliyyətinin ilk vaxtlarında
universitetin yeddi müəllimi və onlarca tələbəsi
olur. Ali məktəbin tələbələri yalnız oğlanlardan
ibarət idi. Burada həmin dövrdə təhsil alan
yeganə qadın ilahiyyat üzrə mühazirələri
dinləyən Anna Mariya van Şurman olur. Leyden,
Franeker, Qroningen, Hardervik, Amsterdam kimi
qədim və nüfuzlu ali məktəblərlə rəqabət aparan
Utrext Universiteti tədricən böyüyür və
çiçəklənir. Tezliklə universitetin Botanika bağı
və Smeetoren astronomiya rəsədxanası istifadəyə
verilir.
Utrext Universitetinə çoxlu sayda əcnəbi
tələbələr cəlb olunur. Universitetdə Almaniya,
İngiltərə, Şotlandiya və Avropanın digər
ölkələrindən təhsil alan gənclər daha çox
üstünlük təşkil edir. Həmin dövrlərdə bu ali
məktəbdə fəlsəfənin intellektual, ilahiyyatçı və
yeni fəlsəfə tərəfdarları (yeni fəlsəfənin
yaradıcısı filosof Rene Dekart bir neçə il
Utrext şəhərində yaşayır), eləcə də pravoslav
ilahiyyatçılar arasında mübahisə aparılır.
XVIII əsrdə Utrext Universiteti durğunluq
dövrünü yaşayır. 1806-cı ildə Niderland
fransızlar tərəfindən işğal olunduqdan sonra
Utrext Universiteti "'ecole secondaire'" - orta
məktəb statusu alır, lakin 1813-cü ildə
Niderland Krallığı yaradıldıqdan sonra ali
məktəb əvvəlki statusunu bərpa edir. Leyden,
Qroningen və Utrext universitetləri yeni
yaradılmış krallığın dövlət universitetləri
statusunu alır. 1850-ci ildə universitetdə
fəaliyyət göstərən alimlər Piter Hartinq,
Gerardus Malder, Xristofor Bays Ballot və
Fransisk Dondersin səyləri nəticəsində mövcud
olan dörd fakültəyə əlavə olaraq beşincisi -
Utrext Dəqiq Elmlər Məktəbi yaradılır. Məktəbdə
laboratoriyalar quraşdırılır və burada təhsil
alan tələbələr təhsillərini təcrübə ilə
zənginləşdirirlər.
XIX
əsrin ikinci yarısında universitet yenidən
çətinliklərlə üzləşir. Universitetin inkişafı
üçün dövlətin maliyyə yardımına böyük ehtiyac
duyulur, lakin dövlət universitetə həmin vəsaiti
ödəmək imkanına malik olmur. Hətta Utrext
Universitetinin bağlanılması barədə müzakirələr
aparılır. Bütün yaşanan gərgin anlara
baxmayaraq, ali məktəb çətinliklə də olsa
inkişaf edir. XX əsrin əvvəllərində universitetə
ilk qız tələbə - Katarina van Tussenbroek qəbul
edilir. Artıq 1915-ci ildə Utrext
Universitetinin tələbələrinin dörddə bir
hissəsini qızlar təşkil edir. Universitetin
müəllimləri arasında isə bu vəziyyət daha aşağı
templə gedir. 1916-cı ildə Utrext
Universitetinin professoru təyin edilmiş ilk
holland qadın Yohanna Vesterdijk İkinci Dünya
müharibəsinin sonlarınadək universitetdə çalışan
yeganə qadın müəllim olur.
Utrext Universitetinin inkişafında burada
fəaliyyət göstərən alimlərin (fizioloq-həkim
Hubrext, hüquqşünaslar Hamaker və Molenqraaff,
tarixçilər Kernkamp və Geyl, dəqiq elmlər üzrə
Maqnus və Minnaert, ilahiyyatçı Van Unnik və s.)
böyük rolu olur. 1925-ci ildə Baytarlıq
Məktəbinin Utrext Universitetinə birləşdirilməsi
nəticəsində ali məktəbdə altıncı fakültə -
baytarlıq fakültəsi yaradılır. Bu da
universitetdə çoxlu sayda ixtisas və təhsil
proqramlarının açılmasına səbəb olur. 1929-cu
ildə ilk dəfə olaraq Utrext Universitetinin
alimi Kristian Eykman Nobel mükafatına layiq
görülür. İkinci Dünya müharibəsindən sonra
universitetdə Geoelmlər, Biologiya, Kimya
departamentləri, Sosial elmlər fakültəsi açılır,
tələbələrin sayı sürətlə artmağa başlayır.
1960-cı ildən bir çox fakültələr və onların
kitabxanaları, xəstəxanaları, akademik
müəssisələri De Uithof ərazisinə köçürülür.
Dəqiq elmlər fakültəsi genişləndirilərək nəhəng
elmi-tədqiqat mərkəzinə çevrilir.
Hazırda Utrext Universiteti dövlət ali təhsil
müəssisəsi olsa da, İkinci Dünya müharibəsindən
başlayaraq sərbəst fəaliyyət göstərir.
Büdcəsi və təhsil haqqı
Utrext
Universitetinin 2009-2010-cu tədris ilində illik
büdcəsi 716 milyon avro təşkil edib.
Universitetdə təhsil haqqı yerli, Avropa Birliyi
və Avropa İqtisadi Məkanı ölkələrini təmsil
edən, eləcə də əcnəbi tələbələr üçün fərqlidir.
Yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı
ölkələrindən olan tələbələrin təhsil haqqı
2010-2011-ci tədris ilində bakalavr və
magistratura səviyyələrində 1672 avrodur. Əcnəbi
tələbələrin təhsil haqqı həmin tədris ilində
fakültədən asılı olaraq bakalavr səviyyəsində
6000-8450, magistratura səviyyəsində isə
14000-19000 avro arasında dəyişir.
Universitetdə tələbələrə təhsil haqqı və yaşamaq
xərclərini ödəməkdə köməklik məqsədi ilə hər ay
DUO qrantı verilir. Bu qrant yerli, Avropa
Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini
təmsil edən və əyani təhsil alan tələbələrə
verilir. Əcnəbi tələbələr üçün isə universitetdə
müxtəlif məbləğli Utrext Üstünlük, Sylff,
Fulbrayt/NAF, NFP; Çin, Xorvatiya, İslandiya,
Makedoniya, Türkiyədən olan tələbələr üçün
Huyqens; indoneziyalılar üçün Stuned; çinli
doktorant və tədqiqatçılar üçün CsC; ABŞ-dan
olan tələbələr üçün FAFSA və FFELP və s. təqaüd
proqramları mövcuddur.
Utrext Universitetində tələbəyə yataqxanalarda
qalmaq üçün ayda 400-650, qida, geyim,
nəqliyyat, məişət xərcləri üçün 350-450, tibbi
sığortadan keçmək, müayinə üçün 40-100, kitab və
digər dərs ləvazimatları üçün 65-85, ümumi
xərclər üçün isə 500 avro lazım gəlir.
Universitet bu gün
Utrext
şəhəri Niderland Krallığının dördüncü ən böyük
şəhəridir, Niderlandın mərkəzində - Utrext
əyalətində yerləşir. Bu şəhəri "Avropaya açılan
qapı" adlandırırlar. Orta əsrlər şəhəri olan
Utrext tarixi abidələri və qədim kilsələri ilə
məşhurdur. 307081 nəfər əhaliyə malik Utrext
Amsterdamdan sonra Niderland Krallığının mədəni
tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir.
Utrext Universitetinin Humanitar və Hüquq
fakültələrinin binaları Utrext şəhərinin
mərkəzində, qalan binaları isə şəhər kənarındakı
De Uithof ərazisində yerləşir. Utrext
Universitetinə məxsus Universitet Kolleci
Hollandiyanın sabiq hərbi bazası olan KROMHOUT
Kazerne ərazisində yerləşir.
De Uithof kampusunda Utrext Universitetinin 30-a
yaxın binası mövcuddur. Kampusun binaları
qeyri-adi memarlıq üslubu ilə seçilir. Memar Rem
Kolhaas tərəfindən inşa edilmiş Edukatorium
binası dairəvi divarlara və şüşə körpüyə
malikdir. Minnaert binasında yağış suyu toplamaq
məqsədi ilə xüsusi hovuz quraşdırılıb. Kampusun
ərazisində yerləşən binaların əksəriyyəti burada
çalışan alimlərin adlarını daşıyır, məsələn:
həkim Albert Abraham Hijmans van der Berqin,
fizik Nikolas Blombergenin, qadın fizik Karolina
Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya
fakültəsinin yaradıcılarından olan Martinus
Langeveldin, belçikalı astronom Marsel
Minnaertin, həkim van Straatenin, De Uithof
ərazisində binaların tikintisini aparan memar
Marinus Ruppertin, "İncil"in tədqiqatı ilə
məşğul olan alim Villem van Unnikin, botanik
Frits Ventin, fiziklər Robert van Qraaf və
Leonard Salomon Ornşteynin, meteoroloq Buys
Ballotun və s.
2007-ci ilin yanvarında baş vermiş qasırğa
nəticəsində qaldırıcı kran Ruppert binasının
üzərinə yıxılır. Hadisə nəticəsində bir neçə
insan yaralanır və bina 2007-ci ilin
sentyabrınadək fəaliyyət göstərmir. De Uithof
kampusunda 1002 tələbə tutumuna malik
Kambridgelaan, 552 nəfərlik De Bisschoppen, 377
nəfərlik Kasa Konfetti yataqxanaları yerləşir.
Utrext
Universiteti 7 fakültə və 3 institutdan - IVLOS
Təhsil İnstitutu Ruzvelt Akademiyası və Utrext
Universitet Kollecindən ibarətdir.
Geoelmlər fakültəsi Yer Elmləri, Ekoloji Elmlər,
İnsan Coğrafiyası və Planlaşdırma
institutlarından ibarətdir. Fakültə bakalavr
səviyyəsində holland dilində tədris olunan 5
(Yer elmləri, Ətraf mühit ekologiyası və sosial
elmlər, Ekologiya, İnnovasiya və idarəetmə
elmləri, İnsan coğrafiyası və planlaşdırma),
magistratura səviyyəsində isə 15-dən 12-si
ingilis dilində tədris olunan (Biogeologiya,
İqtisadi coğrafiya, Geokimya, Geo-kommunikasiya,
İnformasiya və əlavələrinin idarəolunması,
Geologiya, Geofizika, İnsan coğrafiyası və
planlaşdırma, Hidrologiya, Beynəlxalq inkişaf
tədqiqatları, Fiziki coğrafiya, Planologiya,
Dəqiq elmlər və innovasiya menecmenti, Sabit
inkişaf, Şəhər coğrafiyası) proqram, eləcə də
əlavə Yerşünaslıq, Geoelmlər, Geoelmlər Yay
Məktəbi kursları təklif edir.
Humanitar elmlər fakültəsinə Holland dili, Tarix
və incəsənət, Media və kulturologiya, Müasir
dillər, Fəlsəfə, Dinşünaslıq və ilahiyyat
departamentləri, Holland Dili, Tarix və
İncəsənət tarixi, Humanitar elmlər, Media və
Kulturologiya, Müasir Dillər, Fəlsəfə və Süni
İntellekt, Dinşünaslıq və İlahiyyat məktəbləri,
həmçinin magistr və doktorantlar üçün nəzərdə
tutulmuş Humanitar Elmlər Ali Məktəbi,
Dinşünaslıq və İlahiyyat (INTEGON), Tarix və
İncəsənət Tarixi (OGC), Utrext Dilçilik (UİL
OTS), ZENO Fəlsəfə Elmi-Tədqiqat institutları,
fakültələrarası Münaqişələrin Öyrənilməsi,
Dekart mərkəzləri, Etika İnstitutu daxildir.
Hüquq,
iqtisadiyyat və idarəetmə fakültəsi Hüquq
fakültəsindən, İqtisadiyyat və İdarəetmə
məktəblərindən ibarətdir. Hüquq fakültəsində
hüququn özəl, cinayət, konstitusiya və inzibati,
beynəlxalq və digər sahələri üzrə tədqiqatlar
həyata keçirilir. Fakültəyə Ekologiya Hüququ
Siyasətləri, Montel mərkəzləri, Avropa, Viarda,
Vergi Hüququ, Beynəlxalq, Sosial və İqtisadi
Dövlət Hüququ, Hüquq Nəzəriyyəsi, Konstitusiya
və İnzibati Hüquq, Molenqraaff Özəl və Notarial
Hüquq, Niderland Dəniz Hüquqları, Niderland
İnsan Hüquqları, Villem Pomp Cinayət Hüququ və
Kriminologiya institutları aiddir. İqtisadiyyat
Məktəbi Bakalavr İqtisadiyyat Məktəbi, magistr
və doktorantlar üçün nəzərdə tutulmuş Ali
İqtisadiyyat Məktəbi və Tjallinq Kupmans
İnstitutundan ibarətdir. İdarəetmə Məktəbi
idarəetmə sahəsi üzrə bir neçə bakalavr və
magistr proqramları təklif edir. Hər tədris
ilinin birinci semestrində bakalavr pilləsində
təhsil alan tələbələrə Həyata keçirmə, Siyasətin
aparılması, Avropa və Niderland idarəetməsi,
Dövlət idarəçiliyi və təşkilatçılıq elmləri
kursları tədris edilir.
Sosial və əxlaq elmləri fakültəsi bakalavr
səviyyəsi üçün nəzərdə tutulmuş Fənlərarası
ictimai elmlər, Mədəni antropologiya və
sosiologiya, Metodologiya və statistika,
Pedaqogika və təhsil elmləri, Psixologiya
(Sosial və təşkilatçılıq, Kliniki və sağlamlıq,
İnkişaf psixologiyası bölmələri)
departamentlərindən ibarətdir. Magistr və
doktorantların təhsil aldığı Sosial və Əxlaq
Elmləri Ali Məktəbi tələbələrinə Mədəni
antropologiya: Sosiomədəni dəyişmələr,
Cəmiyyətdə uşaq və gənclərin inkişafı, Pedaqoji
elmlər: qarşılıqlı əlaqədə öyrənmə, Metodologiya
və statistika, Miqrasiya, etnik əlaqələr və
çoxmədəniyyətlilik, Sosial və sağlamlıq
psixologiyası, Sosiologiya və sosial tədqiqatlar
və s. proqramlar təklif edir.
Dəqiq elmlər fakültəsində 8 bakalavr (Tətbiqi
riyaziyyat, Biologiya, Kimya, Əczaçılıq,
Kompüter, İnformasiya elmləri, Riyaziyyat,
Fizika
və astronomiya), 25 magistr, onlarla doktorluq,
26 əlavə proqram mövcuddur. Fakültənin nəzdində
bakalavrlar üçün Əczaçılıq Kolleci, Yay Məktəbi,
magistr və doktorantlar üçün Dəqiq Elmlər, Həyat
Elmləri ali məktəbləri fəaliyyət göstərir.
Fakültənin elmi-tədqiqat mərkəzlərində Beyin,
idrak və davranış, Dərman innovasiyaları, Yer və
sabitlik, Dəqiq elmlərin əsasları, Cəmiyyətdə və
elmdə informasiya texnologiyaları, Həyat elmləri
və biomürəkkəblik, eləcə də digər sahələri əhatə
edən proqramlar üzrə tədqiqatlar həyata
keçirilir.
Tibb fakültəsi Biotibbi genetika, Ürək və ciyər,
Cərrahiyyə, Daxili və dermatoloji xəstəliklər,
Pediatriya, Təsvir etmə, İntraəməliyyat,
fövqəladə hallar və tibbi qəzalarda yardım,
Qadın və körpə bölmələrindən, IC, Yulius
Sağlamlıq və İlkin Tibbi Yardım mərkəzlərindən,
Əczaçılıq laboratoriyasından ibarətdir.
Fakültədə biotibbi elmlər, biotibbi genetika,
kliniki epidemiologiya, ürək-damar
xəstəlikləri, immunologiya və infeksion
xəstəliklər, nevrologiya, onkologiya və digər
sahələr üzrə ən yeni tədqiqatlar aparılır.
Baytarlıq fakültəsinin bakalavr pilləsində
tədris olunan proqramlar yalnız holland
dilindədir. Magistratura pilləsində Baytarlıq
epidemiologiyası və iqtisadiyyatı, Baytarlıq və
molekulyar patologiya, Heyvanların sağlamlığı
proqramları təklif olunur. Fakültəyə Elm və
cəmiyyətdə heyvanların yeri (Heyvanların
müdafiəsi və laboratoriya heyvanları,
Heyvanlarla davranış, İnsan və heyvan əlaqələri
bölmələri), Biokimya və hüceyrə biologiyası
(Biokimya, Hüceyrə biologiyası bölmələri), Ev
heyvanları kliniki tədqiqatları (Şüa
diaqnostikası, Daxili tibb, Zoologiya tibbi,
Anesteziologiya, Ümumi cərrahiyyə bölmələri,
Baytarlıq Diaqnostika laboratoriyası), Atçılıq
elmləri (Baytarlıq əczaçılığı, Əczaçılıq və
toksikologiya bölmələri), Farm heyvanların
sağlamlığı (Gövşəyən heyvanların, Donuzların,
Quşların sağlamlığı, Heyvanların qidalanması,
İqtisadiyyat, Epidemiologiya, Kənd təsərrüfatı
heyvanları, çoxalma, Daxili tibb, Ümumi
baytarlıq xidməti bölmələri), İnfeksion
xəstəliklər və immunologiya (Kliniki təhsil,
tədqiqat, Baytarlıq mikrobiologiyası, Gənə
xəstəlikləri, Molekulyar müdafiə, Virusologiya
bölmələri), Risk qiymətləndirilməsi
departamentləri (Baytarlıq səhiyyəsi, Ekoloji
epidemiologiya, Toksikologiya bölmələri),
Patobiologiya (Anatomiya və fiziologiya,
Patologiya, Molekulyar patologiya, Vəhşi
təbiətin mühafizəsi bölmələri, Baytarlıq
Pataloji Diaqnostika Mərkəzi), Heyvanların
Tədqiqatı üzrə mərkəzi Laboratoriyası
(Eksperimental tədqiqatlar, Çoxaltma,
kriokonservasiya və sanitariya, Eksperimental
cərrahiyyə) daxildir.
Utrext
Universiteti İcraçılar və Nəzarətçilər şuraları
tərəfindən idarə olunur. Universitetin
prezidenti və İcraçılar Şurasının sədri İvonn
van Roydur. Ali məktəbin rektoru isə professor
Hans Stoofdur. Fakültələrə dekanlar rəhbərlik
edir. Ali məktəbin əməkdaşlarının sayı təxminən
8700 nəfərə yaxındır. Tibb fakültəsinin
əməkdaşlarını çıxmaq şərtilə universitetdə 7479
nəfər işçi çalışır. Əməkdaşların 54%-ni kişi,
46% isə qadın işçilər təşkil edir.
Utrext Universitetində ümumilikdə 29927 nəfər
tələbə təhsil alır. Tələbələrin 6378 nəfəri
birinci kurs tələbəsi, 2150 nəfəri isə
doktorantlardır. Universitetdə dünyanın 130
ölkəsindən 2532 nəfər əcnəbi tələbə təhsil alır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Utrext Universitetinin bakalavr
səviyyəsində Rəşad Cəfər oğlu Cəfərov
iqtisadiyyat, Nicat Elmuraz oğlu Qarayev sosial
elmlər: siyasət və iqtisadiyyat, Nigar Əkbər
qızı Kərimova və Cəmilə Eldar qızı Məmmədova
iqtisadiyyat və biznes, Zəhra Ceyhun qızı
Yusifli hüquqşünaslıq ixtisasları üzrə təhsil
alırlar. 2010-2011-ci tədris ilində həmin
proqrama əsasən Səfərov Məmmədağa Vəlihəd oğlu
Utrext Universitetinin bakalavr səviyyəsi üzrə
iqtisadiyyat və biznes iqtisadiyyatı ixtisasına
qəbul olunub.
Qədim tarixə və şərəfli inkişaf yoluna malik
Utrext Universiteti məşhur məzunları və alimləri
ilə tanınır. Utrext Universiteti yeni nəsil
tədqiqatçıları, xüsusi bilik və professional
bacarığa malik alimlər yetişdirməklə, əsaslı
dəyişikliklərə yol açan kəşflərə imza atmaqla,
eləcə də sosial problemlərin həllini tapmaq
axtarışları ilə öz əsas missiyasını yerinə
yetirir.
Universitetin məşhur məzunları
|
Maunq Maunq |
Birma Dövlətinin 7-ci prezidenti |
|
|
Els Borst |
Niderland Krallığının sabiq səhiyyə
naziri |
|
|
Aqnes Yongerius |
Niderland Həmkarlar İttifaqı
Konfederasiyasının prezidenti |
|
|
Piter Broertjes |
Niderlandın "De Volkskrant" qəzetinin
baş redaktoru |
|
|
Vilhelm Rentgen |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Nikolas Blombergen |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Peter Debye |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Gerardus 't Hooft |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Martinus Veltman |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Tjallinq Çarlz Kupmans |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
JH van 't Hoff |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Lavoslav Rujiçka |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Kistian Eykman |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Villem Eynthoven |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Rene Dekart |
filosof, riyaziyyatçı |
|
|
Klarens Barlou |
Niderland bəstəkarı |
|
|
Yan Yakob Lodevik ten Keyt |
Niderland şairi |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|