Azərbaycan Dillər Universitetinin Heydər Əliyev
muzey-lektoriyasında milli pedaqogikanın
mütərəqqi ideyalarından, onun nəzəri-metodik
əsaslarından, pedaqoji fəaliyyətin məzmununa
gətirilən elmi yeniliklərdən bəhs edən elmi
seminarın növbəti məşğələsi keçirilib.
Elmi-pedaqoji ictimaiyyətin nümayəndələrinin
iştirakı ilə keçirilən tədbiri ADU-nun
Pedaqogika kafedrası təşkil etmişdir.
Elmi seminarın aparıcısı pedaqoji elmlər doktoru,
professor Nurəddin Kazımov növbəti məşğələnin
mövzusunun "Milli pedaqogikada elmi yenilikləri
bilməyin təlim-tərbiyə səviyyəsini yüksəltməkdə
rolu" məsələsinə həsr olunduğunu bildirdi. Qeyd
etdi ki, milli pedaqogikanın elmi yenilikləri
ilə əlaqədar məsələlərin daha çox təhlil
olunduğu belə elmi məclislər ölkənin pedaqoji
ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Elmi seminarın müzakirəyə çıxardığı mövzulara
verilən tələblərdən söz açan professor müzakirə
olunacaq məsələlərdə milli pedaqogikanın elmi
yeniliklərindən tam modern texnologiyalar
əsasında, müasir pedaqoji proses təcrübəsini
zənginləşdirən səviyyədə, təhlil-tərkib olunan
fakt və hadisələrin müqayisəli şərhi yönümündən
fikir mübadiləsi aparılmasının, milli
pedaqogikanın nəzəri və təcrübi konsepsiyası
üzərində qurulan məruzə və çıxışlarda həm müasir,
həm də keçmiş milli mənəvi dəyərlər sisteminə
istinad etməsinin, dünya xalqlarının qabaqcıl
məktəb və pedaqoji fikir tarixini ifadə edən
mütərəqqi pedaqoji proses təcrübəsindən
qaynaqlanmasının zəruri olduğunu diqqətə
çatdırdı.
Kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə
doktoru Jalə Mustafayeva seminar məşğələsində "Milli
pedaqogikada elmi yenilikləri bilməyin
təlim-tərbiyə səviyyəsini yüksəltməkdə rolu"
mövzusunda məruzə etdi. Məruzəçi pedaqogikada
elmi yenilikləri bilməyin təlim-tərbiyə
prosesini zənginləşdirməkdə önəmli bir məsələ
olduğunu bildirib, öz mülahizələrini əsasən
ənənəvi və milli pedaqogikada təsbit olunan fakt
və hadisələr üzərində qurduğunu, problemin
həllinə tarixi-müqayisəli kontekstdən
yanaşdığını qeyd etdi. O, rus və dünya
pedaqogikasının son yarım əsrdə əldə olunmuş
nailiyyətləri ilə yanaşı, təhsilin məzmununu
şərtləndirən proqram və dərsliklərdə ayrı-ayrı
xalqların etnopedaqoji fikir tarixinə, milli
müstəqillik baxışlarına xidmət edən elmi-metodik
təminatın yetərincə olmadığını dilə gətirdi.
Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra hüquq və vətəndaş cəmiyyəti
quruculuğu şəraitində digər elmlərlə yanaşı
milli pedaqogika elminin yaranışı üçün də təməl
yarandığını qeyd etdi. J.Mustafayeva, eyni
zamanda bu ideya və yeniliklərin ərsəyə
gəlməsində əməkdar elm xadimi, Prezident
təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor
Nurəddin Kazımovun yazmış olduğu "Milli
pedaqogika yollarında" (2001), "Məktəb
pedaqogikası" (2002), "Ali məktəb pedaqogikası"
(2003), "Müqayisənin nəzəriyyəsi və təcrübəsi"
(2003), "Mərhələli tərbiyə nəzəriyyəsi" (2007),
"Müəllimin pedaqoji ustalığı" (2009), "Tətbiqi
pedaqogika" (2010) kitablarının böyük köməyi
olduğunu bildirdi və dedi ki, müəllimlərimiz bu
əsərlərdən qiymətli mənbə kimi mütəmadi olaraq
öz peşə və ixtisas səviyyəsini artırmaq üçün
istifadə edirlər.
Sonra məruzəçi pedaqoji elm və pedaqoji proses
sahəsində olan elmi yeniliklərin səciyyəvi
xüsusiyyətlərinə toxunaraq, "Milli pedaqogikada
yenilikləri bilməyin təlim-tərbiyə səviyyəsini
yüksəltməkdə rolu"nu konkret olaraq pedaqoji
prosesin cərəyan etdiyi bütün sahələr üçün
əlverişli və optimal nəzəri hazırlıq bazası kimi
dəyərləndirdi, milli pedaqogikanın üzə
çıxartdığı təlim, tərbiyə, təhsil və psixoloji
inkişaf kateqoriyalarının meyarlarını, onların
vəhdətdə olduğunu, tamlıq təşkil etdiyini, eləcə
də hər birinin məqsəd, prinsip, üsul, mərhələlik,
qanunauyğunluq baxımından bir-biri ilə oxşar və
fərqli cəhətlərin ilk dəfə məhz bu ideyalardan
nəşət tapdığını göstərdi.
Məruzəçi həm də bu yeniliklərin ideya və məzmun
istiqamətlərinə, onların tətbiqi imkanlarına da
aydınlıq gətirərək, milli pedaqogikada mövcud
elmi yeniliklərin təsnifatının və
qruplaşdırılmasının da vacib şərt olduğunu
söylədi.
ADU-nun Fonetika kafedrasının müdiri, filologiya
elmləri doktoru, professor Fərman Zeynalov öz
çıxışında milli pedaqogikanın elmi
yeniliklərindən dilçilərin də hər zaman
faydalanmalı olduğunu söylədi. Bildirdi ki,
tələbələrdə psixoloji inkişaf bacarıqlarının və
dil mədəniyyətinin dərin mündəricədə
mənimsənilməsinə rəvac verən xarici dil
fənlərinin tədrisi prosesində tərbiyələndirici
və inkişafetdirici amilləri məhz milli
pedaqogika ənənələri ilə bağlanmalıdır.
ADU-nun Psixologiya kafedrasının müdiri, dosent
Misgər Məmmədov çıxışında qeyd etdi ki, hər bir
elmdə olduğu kimi, milli pedaqogikada da elmi
yenilik axtarmaq nəcib təşəbbüsdür. Bu cəhətdən
o, elmi seminarın məşğələsini çox faydalı hesab
etdiyini bildirdi və gənc nəslin hazırda yalnız
sözlə yox, həm də düşüncə, mühakimə, zehni
mədəniyyət, ağıl və idrak yolu ilə dolğun və
sistemli bilik əldə etməsinin vacib pedaqoji və
psixoloji amillərindən söz açdı.
ADU-nun Pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov
müzakirə olunan məsələnin müəllim fəaliyyəti
üçün önəmindən bəhs edərək, məruzənin
elmi-pedaqoji, nəzəri-metodik istiqamətlərdə
müəllimə kömək edəcək təhsilləndirici bir
təşəbbüs olduğunu diqqətə çatdırdı. O, məruzədə
təhlil olunan mülahizələrin böyük bir qismində
milli pedaqogikanın elmi yeniliklərindən biri
olan milli mənəvi dəyərlər sistemindən
istifadəyə aid xeyli faktoloji materiallarla
yanaşı, onların istifadəsinə dair metodik
göstərişlərin, elmi-nəzəri tövsiyələrin də yer
aldığını göstərdi.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi
Bəşirov çıxışında pedaqoji əmək yaradıcılığı
sahəsində milli pedaqogikanın üzə çıxartdığı,
isbatladığı yeniliklərin nəzəri-metodik
istiqamətlərindən bəhs edən seminarın gələcək
peşə və sənət fəaliyyətində hər bir mütəxəssisə
yardımçı olacağını vurğulayaraq, xüsusilə onun
nəticələrindən irəli gələn rəy və təkliflərin
qruplaşdırılaraq aidiyyəti qurumlara təqdim
olunmasını tövsiyə etdi.
Seminarda digər çıxışlar da oldu. Məruzəçiyə və
çıxış edənlərə verilən suallar üzrə geniş
diskussiya aparıldı.
Vidadi BƏŞİROV,
ADU-nun Pedaqogika kafedrasının dosenti,
pedaqogika
üzrə fəlsəfə doktoru |
|