2010-cu ildə Kurikulum Mərkəzində aparılmış
elmi-tədqiqat işlərindən aşağıdakı nəticələr
əldə olunmuşdur:
1. Məktəbəqədər təhsil üzrə nəticəyönümlü
standart və kurikulumların hazırlanması
qloballaşma şəraitində ən müasir təhsil
texnologiyalarının nəzərə alınmasını, ən
başlıcası geniş ictimai fikrə, cəmiyyətdəki
maraqlı tərəflərin arzu və tələblərinə
əsaslanmağı tələb edir.
2. Məktəbəqədər təhsilin kurikulumunun
konseptual xarakteri strateji əhəmiyyət daşıyır
və təhsilin məqsədlərinin, uşaqların hazırlığına
verilən tələblərin (bacarıq və vərdişlərin,
yaxud kompetensiyaların), təhsilin məzmunu,
təşkili, qiymətləndirilməsi kimi məsələlərin
əhatə olunmasını tələb edir.
3. Araşdırmalar zamanı məktəbəqədər təhsil
mərhələsində (müxtəlif yaş qrupları əhatə
olunmaqla) aşağıdakı istiqamətlər üzrə
standartların (məzmun) müəyyən olunması qərarına
gəlinmişdir:
-
fiziki inkişaf və sağlamlıq;
-
təhlükəsizlik;
-
dil və ünsiyyət;
-
idrak inkişafı;
-
sosial və emosional inkişaf;
-
mədəni inkişaf və yaradıcılıq.
4. Məktəbəqədər təhsilin məzmununun
fəaliyyətlərə əsaslanan nəticələr formasında
ifadə olunması inkişafını izləmək təlim işindəki
nailiyyətləri obyektiv qiymətləndirmək
baxımından əhəmiyyətli hesab edilir.
5. Kurikulumun tərkib hissələri arasında
standartlar ilkin formalaşdırılan komponent kimi
baza rolunu oynayır. Təlim strategiyalarının,
qiymətləndirmə və idarəolunma məsələlərinin ona
əsasən sistemləşdirilməsi üçün imkan yaranır.
6. Nəticələrin əsas və onların ehtiva etdiyi
alt-standartlar formasında ifadə olunaraq
kurikuluma daxil edilməsi, əldə olunacaq təlim
nailiyyətlərinin daha konkret təsəvvür olunması,
müvafiq təlim materiallarının və strategiyaların
seçilməsi baxımından əhəmiyyət daşıyır.
7. Azərbaycanda məktəbəqədər təhsilin dünyanın
inkişaf etmiş ölkələrinin təhsil standartlarına
uyğunlaşması, onların səviyyəsinə çatdırılması,
varislik prinsipinə əməl edilməsi, bilik və
bacarıqların məntiqi ardıcıllıqla, müvafiq
sistemlə məzmuna daxil edilməsi, inteqrativ
xarakterdə olması, uşaqların yaş
xüsusiyyətlərinin nəzərə alınması məqsədəuyğun
hesab edilir.
8. Qloballaşan dünyada təhsil əlaqələrini
qurmaq, tərbiyəçi, uşaq mübadilələrini
tənzimləmək məqsədilə uyğun təhsil modellərinin,
vasitələrin qəbul edilməsini və iş prosesində
tətbiq olunmasını bir zərurət kimi qarşıya
qoyur.
9. Məktəbəqədər təhsilin keyfiyyətinin idarə
olunması xüsusi problemdir. Ənənəvi qaydada
həyata keçirilən məktəbəqədər təhsil işində belə
bir idarəetmə mexanizmi olmamışdır. Məktəbəqədər
təhsil üzrə yeni strategiyalar müəyyən olunarkən
tədris və təlim texnologiyaları ilə yanaşı, yeni
idarəetmə mexanizmlərinin hazırlanması
məktəbəqədər təhsil kurikulumunun əsas
komponentlərindən biri kimi nəzərə alınmışdır.
10. Məzmun standartlarının mənimsəmə səviyyəsini
öyrənmək məqsədilə şagirdlər arasında keçirilən
testlərin və müəllimlərin dərslərinin
dinlənilməsi, onlarla aparılan anket
sorğularının nəticələri, "dəyirmi masa"larda
müəllimlər tərəfindən deyilən fikirlər,
valideynlərlə aparılmış söhbətlər aşağıdakı
nəticələrə gəlməyə imkan vermişdir:
-
ənənəvi kurikulumlardan fərqli olaraq yeni fənn
kurikulumlarının tələblərinə əsasən aparılan
dərslərdə şagirdlərin öyrənmə marağı, bilik və
bacarıqlarının səviyyəsi, təlim prosesində
fəallığı, yaradıcı işlərə meyilliliyi daha
yüksək olur;
-
bəzi müəllimlər interaktiv təlim üsulları ilə
dərs aparmaqda çətinlik çəkir, onların bu sahədə
peşəkarlığı kifayət qədər formalaşmayıb (bu hal
xarici dil müəllimlərində özünü daha çox büruzə
verir), dərs prosesində tələb olunan resurslar
çatışmır, mövcud resurslardan ustalıqla istifadə
olunmur;
-
valideynlər yeni fənn kurikulumlarının
tətbiqini, xüsusilə dərsdə istifadə olunan yeni
priyom və üsulları faydalı hesab edirlər.
11. Azərbaycan dili fənnindən yazı və dil
qaydaları üzrə məzmun standartlarına müvafiq
olaraq meyarlar müəyyənləşdirilmiş, II sinif
şagirdləri arasında test tapşırıqları
aparılmışdır. Şagirdlərin əksəriyyəti
müəyyənləşdirilmiş meyarlar əsasında hazırlanmış
test tapşırıqlarını düzgün həll etmişlər, lakin
lüğətlərdən istifadə zamanı zəif bacarıqlar
nümayiş etdirmişlər. Təhlil zamanı bunun zəruri
resurs kimi tədris lüğətlərinin çatışmazlığı ilə
bağlı olduğu aşkar edilmişdir.
12. Müasir kurikulumlara uyğun yeni
normativlərin olmaması da müəllimlərin tədris
fəaliyyətinin düzgün qurulmasında çətinliklər
yaradır. Müəllim və şagirdlər üçün ana dili üzrə
müvafiq resursların hazırlanması hazırkı
şəraitdə zəruri hesab edilir.
13. Həyat bilgisi ilə bağlı məzmunun mənimsəmə
səviyyəsini öyrənmək məqsədilə 258 şagird
arasında keçirilən testdə iştirak edənlərin
90-100%-i sağlam həyat tərzinin əsas şərtlərini,
sağlamlıq və onun mühafizəsi qaydalarını
bildiyini, nəqliyyat vasitələrini tanıdığını və
onları xüsusiyyətlərinə görə fərqləndirdiyini,
varlıq və hadisələri əlamətlərinə görə
qruplaşdırdığını, hava durumuna uyğun geyim
seçə, təbii fəlakətlərin adlarını sadalaya,
ətraf mühiti çirkləndirən mənbələri fərqləndirə
bildiyini nümayiş etdirmişlər. Lakin bəzi
şagirdlər müəyyən məsələlərdə, xüsusən texnogen
və təbii fövqəladə halları bir-birindən
ayırmaqda, yabanı və mədəni bitkiləri
fərqləndirməkdə çətinlik çəkmişlər.
14. Təlim digər dillərdə olan məktəblərdə
Azərbaycan dili fənni üzrə 4.1.3. (75%), 4.1.2.
(80%), 4.1.1. (95%) məzmun standartlarının
mənimsənilməsi səviyyəsini öyrənmək məqsədilə
200 şagirdlə yazı işi aparılmışdır. Müəyyən
edilmişdir ki, onlar hərfləri və sözləri, söz
birləşmələri və cümlələri düzgün oxumaq, yeni
öyrəndiyi sözlərin mənasını lüğət vasitəsilə
tapmaq, yeni öyrəndiyi sözlərlə kiçik cümlələr
qurmaq bacarıqlarına yiyələnmişlər. Eyni zamanda
öz yazılarında xüsusi səliqəlilik və məsuliyyət
nümayiş etdirmişlər.
15. Dərslərdə İKT vasitələrindən, bəzi
məktəblərdə elektron vasitələrdən istifadə
olunmamasının təlim keyfiyyətinə ciddi şəkildə
təsir göstərdiyi müşahidə edilmişdir. Müasir
texnologiyalardan istifadə olunduğu
interaktivlik şəraitində təlim marağının
yüksəldiyi diqqəti cəlb etmişdir.
16. Araşdırmalar onu da göstərmişdir ki,
müəllimlərin dərslərdə məzmun standartlarına
uyğun təlim məqsədini seçməsi, məqsədin
reallaşmasına xidmət edən fəal təlim
üsullarından, müxtəlif təlim fəaliyyətləri,
rəngarəng resurslardan istifadə etməsi onların
peşəkarlığının artmasını göstərən əlamət kimi
çıxış edir və təlimin keyfiyyətinin
yüksəlməsində həlledici rol oynayır. Bu baxımdan
işini düzgün quran müəllimlər təlim prosesində
yüksək nailiyyətlər əldə edə bilirlər.
17. Araşdırmalar zamanı dərslərdə şagirdlərin
açıq tipli suallara cavab verməkdə, fikirlərini
izah etməkdə çətinlik çəkməsi, deklarativ
xarakterli suallara cavab verməyə meyilli olması
müşahidə edilmişdir. Məlum olmuşdur ki, bəzi
müəllimlər interaktiv təlim forma və
üsullarından gündəlik dərslərdə deyil, sadəcə
"nümunəvi" dərslərdə istifadə edirlər. Belə
yanaşma tərzi təhsilin yeni məzmununa uyğun
olmadığından təlim prosesinə mənfi təsir
göstərir və şagirdlərin öyrənmə marağının aşağı
düşməsi ilə nəticələnir.
18. Müşahidələr, müəllimlərlə aparılan fərdi
söhbətlər zamanı müəyyən edilmişdir ki, onlar
dərsə hazırlaşarkən müəllim üçün metodik
vəsaitdəki nümunəvi dərs planlarına üstünlük
verir, dərslərini ona uyğun qurmağa çalışır,
dərsin planlaşdırılmasına yaradıcı
yanaşmırlar.
19. Tədqiqat zamanı müəyyən edilmişdir ki,
müəllimlər formativ qiymətləndirməyə dair
qeydlərin aparılma metodikasını aydın təsəvvür
etmədiklərindən qiymətləndirmə zamanı çətinlik
çəkirlər. Bu onların həmin sahədə peşəkarlığının
və formativ qiymətləndirmə ilə bağlı
tövsiyələrin kifayət qədər olmamasından irəli
gəlir.
20. Valideynlərlə aparılan sorğuların
nəticələrinin təhlili göstərir ki, onların
əksəriyyəti tətbiq olunan yeni fənn
kurikulumlarından razı qaldıqlarını bildirir,
fikirlərini müasir tələblərə müvafiq keçilən
dərslərin təlimin keyfiyyətində dönüş yaratması,
uşaqların fəallaşması, təlimə maraqlarının
artması ilə izah edirlər. Bəzi valideynlər isə
kurikulum islahatı, xüsusilə yeni qiymətləndirmə
mexanizmi haqqında az məlumata malik
olduqlarından onu qiymətləndirməkdə çətinlik
çəkirlər. Bu isə valideynlərlə ardıcıl və
sistemli şəkildə maarifləndirmə işlərinin
aparılmasını tələb edir.
21. Xarici dili, informatikanı və təlim digər
dillərdə aparılan məktəblərdə Azərbaycan dili
fənnini tədris edən müəllimlər yeni fənn
kurikulumları ilə əlaqədar təşkil olunmuş təlim
kurslarına cəlb olunmadıqlarından standartın
seçilməsində, təlim məqsədinin
müəyyənləşdirilməsində, qiymətləndirmənin
aparılmasında çətinliklə üzləşirlər.
22. İşçi qruplarının iclaslarında ibtidai
siniflər üçün dərslik komplektləri təhlil
edilmiş, eyni zamanda "dəyirmi masa"larda,
müəllimlərlə fərdi görüşlərdə dərslik
komplektlərinə münasibətlər öyrənilmişdir.
Deyilən fikirlər ümumiləşdirilmiş və aşağıdakı
nəticələr əldə edilmişdir:
a) II siniflər üçün hazırlanmış "Azərbaycan
dili" dərslik komplektinin təhlili göstərir ki,
məzmun standartında tələb olunmadığı halda
dərslikdə həddindən çox qrammatik qayda (34
qrammatik qayda), təlim materialı verilmişdir.
Məsələn, II sinif "Ana dili" fənn kurikulumunda
"Bədii mətnləri janrlara görə (şeir, hekayə,
təmsil, nağıl) fərqləndirir" (standart 2.2.2.)
dörd janr nəzərdə tutulduğu halda dərslik
müəllifləri digər janrları da (tapmacalar,
sanamalar, oyunlar, atalar sözləri, laylalar,
bayatılar və yanıltmaclar) dərsliyə daxil
etmişlər.
b) II siniflər üçün tərtib olunmuş "Riyaziyyat"
dərsliyinə şagirdlərin yaş səviyyəsinə uyğun
olmayan, çətinliklə başa düşdükləri mövzular
salınmışdır. Məsələn, Venn diaqramı, simmetriya,
kub, düzbucaqlı prizma, konus, silindr həndəsi
fiqurları.
c) II siniflər üçün tərtib olunmuş "Riyaziyyat"
dərsliyində verilmiş tapşırıqlar iş dəftəri ilə
uyğun gəlmir. Məsələn, dərslikdə bölmə üzrə
verilən "vurma vərdişləri" verildiyi halda, iş
dəftərində bölməyə aid tapşırıqlar verilmişdir.
ç) "Azərbaycan dili" və "Riyaziyyat"
dərsliklərində standartların reallaşması ilə
bağlı çoxlu tapşırıqlar verildiyi halda, iş
dəftərində də yenidən əlavə tapşırıqlar verilir.
Bu, dərslik komplektinin yüklü olmasına gətirib
çıxarır. Dərsliklərin və iş dəftərlərinin
tapşırıqlarla yüklü olması dərs prosesində
çətinlik törədir.
d) II siniflər üçün yeni fənn kurikulumu
əsasında yazılmış "Həyat bilgisi" dərslik
komplektinin təhlili göstərir ki, fənn
kurikulumunda reallaşdırılması nəzərdə tutulan
məzmun standartları dərslikdə verilmiş təlim
materiallarında, əsasən, öz əksini tapmışdır.
Mətnlərin həcmi, məzmunla bağlı çəkilmiş
illüstrasiyalar şagirdlərin yaş səviyyəsinə
uyğundur. Amma şagirdlər üçün iş dəftərində,
eləcə də müəllim üçün metodik vəsaitdə verilmiş
dərs nümunələrindəki tapşırıqların əksəriyyəti
yaradıcı və tənqidi təfəkkürün inkişaf
etdirilməsinə deyil, hafizənin, yaddaşın
formalaşmasına xidmət edir.
e) ümumtəhsil məktəblərinin III sinfinə dair
fiziki tərbiyə fənni üzrə müəllim üçün vəsait
çap edilmişdir. Müsahibələr və sorğular zamanı
bu fənn üzrə dərsliyə ehtiyac duyulduğu qeyd
edilmişdir.
ə) musiqi fənnindən dərslik, eləcə də müəllim
üçün vəsaitdə verilmiş mahnıların CD forması
olmadığından müəllimlər həmin fənni tədris
etməkdə çətinlik çəkirlər. Mahnıların CD
variantının müəllimlərə çatdırılması təklif
edilir.
23. V-XI siniflərdə tədris olunan fənlərin yeni
kurikulum modellərinin hazırlanmasında
nəticəyönümlülük və şagirdyönümlülük əsas
prinsiplər kimi diqqət mərkəzində
saxlanılmışdır. Bu prinsiplər ümumtəhsilin
səviyyələrinə aid ümumi nəticələrdə və hər sinif
üçün məzmun xətlərinə uyğun müəyyən edilmiş
konkret nəticələrdə ifadə edilmişdir.
Nəticələrin əvvəlcədən müəyyən olunması onlara
aid fəaliyyətlərin inkişafını izləməyə və
istiqamətləndirməyə, bu fəaliyyətləri ardıcıl
qiymətləndirməyə imkan yaradır.
24. Yeni kurikulumlarda təlimin məzmununun
inteqrativ şəkildə hazırlanmasına xüsusi diqqət
yetirilmişdir. Bilik və bacarıqları özündə
ehtiva edən məzmun standartlarının inteqrasiyası
əsasən üç istiqamətdə ifadə edilmişdir:
-
təhsil səviyyələri üzrə təlim nəticələrinin
fəndaxili inteqrasiyası;
-
standartların siniflərarası və sinifdaxili
inteqrasiyası;
-
fənlər arasında əlaqə yaradan standartların
inteqrasiyası (fənlərarası inteqrasiya).
Fənlərin məzmunun müəyyənləşdirilməsində
inteqrativ yanaşma anlayışlarının, faktların və
hadisələrin hərtərəfli, bütöv halda dərk
olunmasını təmin etmək və insanın (şagirdin)
idraki inkişafını dolğun şəkildə inkişaf
etdirmək baxımından əhəmiyyətli hesab edilir.
25. Fənlər üzrə standartlarda bilik, bacarıq və
vərdişlərin müəyyən edilməsi və
reallaşdırılması iki istiqamətdə diqqət
mərkəzində saxlanılmışdır: 1) təlim prosesində
mənimsənilmiş bilik, bacarıq və vərdişlərə
davamlı müraciət olunması; 2) qazanılmış bilik
və bacarıqlardan praktik fəaliyyətdə istifadə
edilməsi. Məktəb təcrübəsinin (yeni
kurikulumların tətbiq olunduğu ibtidai
siniflərdə) öyrənilməsi göstərir ki, yalnız bu
şərtlər daxilində nəzəri biliklər, praktik
bacarıqlar və əməli fəaliyyətlərin vəhdəti təmin
edilmiş olur və öyrənilən tədris materialı daha
uzun müddətə yadda qalır.
26. Fənnin məzmununun mənimsədilməsində və
təhsil alanın bacarıq və qabiliyyətlərinin
inkişaf etdirilməsində təlim strategiyalarının
böyük rolu vardır. Müasir dövrdə təlim
prosesinin şagirdlərdə müstəqil olaraq bilik və
bacarıqlar əldə etmək, ətraf aləmdə baş verən
hadisələri təhlil edərək nəticələr çıxarmaq,
ümumiləşdirmək və qiymətləndirmək, onlara
tənqidi yanaşaraq düzgün qərarlar qəbul etmək
kimi qabiliyyətlərin inkişaf etdirməsinə
üstünlük verilir. Ona görə də bu cəhətlər nəzərə
alınmış, fənn kurikulumlarında yeni iş formaları
və üsullarını əhatə edən strategiyalar
hazırlanmışdır.
27. 2009-2010-cu dərs ilinin I yarımilində
fənlər üzrə məzmun standartlarının mətbuatda çap
olunmuş layihə variantının 38 rayonda müzakirəsi
kecirilmiş, onların nəticələri rəy və təkliflər
şəklində Kurikulum Mərkəzinə göndərilmişdir.
Həmin rəy və təkliflərin təhlili və
ümumiləşdirilməsi zamanı aşağıdakı nəticələrə
gəlinmişdir:
-
2009-cu ilin dekabrından 2010-cu ilin may
ayınadək "Azərbaycan müəllimi" qəzetində 7 fənn
("Ana dili", "Azərbaycan dili" dövlət dili kimi,
"Xarici dil", "İnformatika", "Biologiya",
"Fiziki tərbiyə", "Texnologiya") kurikulumu
(giriş və məzmun hissəsi) layihəsinin nəşr
olunmasına baxmayaraq, respublikanın şəhər
təhsil şöbələri (o cümlədən Bakı, Gəncə,
Sumqayıt) həmin layihələri müzakirə edərək
onlara münasibət bildirməmişlər:
-
rayonlardan göndərilən rəy və təklifləri bir
neçə qrupa bölmək olar: a) layihələri qənaətbəxş
hesab edənlər (20-25 RTŞ) - onlar kurikulumların
müasir dövrün, yeni cəmiyyətin tələblərinə uyğun
olduğunu qeyd edirlər; b) məzmun standartlarına
məqsədəuyğun əlavələr təklif edənlər (10-12 RTŞ)
- bu rayonlarda müəllimlər alt-standartların
kifayət qədər olmadığı qənaətindədirlər, bunu
aradan qaldırmaq üçün onlar ayrı-ayrı məzmun
xətləri üzrə müəyyənləşdirilmiş əsas
standartların daha əhatəli olması üçün öz
təkliflərini vermişlər; c) başqa bir qrup
müəllimlər məzmun standartlarının praktikada
tətbiqini reallaşdırmaq üçün çox məktəblərdə
tələb olunan ən vacib əyani vəsaitlərin, təlim
resurslarının olmadığını yazır və bu barədə öz
təkliflərini verirlər.
28. Fənn müəllimləri, məktəb rəhbərləri və
valideynlərlə görüşlər, söhbətlər və aparılan
anket sorğularının təhlili göstərir ki,
kurikulumların mahiyyəti və məzmunu pedaqoji
işçilərin xeyli hissəsi (xüsusilə də rəhbər
təhsil işçiləri və məktəb rəhbərləri) və
valideynlər tərəfindən hələ də kifayət qədər
dərk edilməyib. Bunun aradan qaldırılması üçün
yerlərdə geniş ictimaiyyətin maarifləndirilməsi
üzrə işlər davam etdirilməli və
genişləndirilməlidir.
29. Hazırlanmış kurikulumları inkişaf etdirmək,
onları ehtiyaca uyğun səviyyəyə çatdırmaq
məqsədi ilə təhsilin yeni məzmununa, təlim
strategiyalarına, qiymətləndirmə sisteminə aid
nəzəri-konseptual xarakterli araşdırmaların
aparılmasına ehtiyac vardır.
30. Kurikulumun uğurlu həyata keçirilməsi üçün
maarifləndirmə işlərinə ciddi ehtiyac vardır. Bu
ehtiyac nəzərə alınmaqla xüsusi fəaliyyət
planına əsasən zonalar üzrə müxtəlif formalı
tədbirlərdən istifadə olunmalı, sistemli
maarifləndirmə işləri aparılmalı, müvafiq
resursların, metodik işləmələrin,
istiqamətverici vəsaitlərin hazırlanması
məqsədəmüvafiq hesab edilir.
Ənvər ABBASOV,
TPİ-nin direktor müavini,
Kurikulum Mərkəzinin direktoru |