Martın 30-da Qafqaz Universitetində 31 Mart -
Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş
konfrans keçirildi. Tədbir açıq elan edildikdən
sonra soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olundu.
Konfransda açılış sözü söyləyən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
dünya tarixində soyqırımı adlandırılan
hadisələrin çox olduğunu, lakin türkdilli
xalqların qəniminə çevrilmiş ermənilərin 1918-ci
ilin martında Azərbaycanın paytaxtı Bakıda,
habelə Şamaxıda, Qubada və digər şəhərlərdə
törətdikləri qətliamın tarixdə misli-bərabəri
olmadığını bildirdi. Qeyd etdi ki, 1918-ci ilin
yanvar-mart aylarında erməni daşnaklarının
xalqımızın başına gətirdiyi fəlakətlər
nəticəsində on minlərlə insan qətlə yetirilmiş,
yüzlərlə kənd, minlərlə ev məhv edilmişdir.
Rektor belə bir soyqırımının ermənilər
tərəfindən 1914-cü ildə Anadoluda da
törədildiyini diqqətə çatdırdı. Natiq bildirdi
ki, tarix boyu xalqımız çox savaşlarda iştirak
etmiş, lakin heç birində azərbaycanlı, türk
əsgəri qocalara, qadınlara əl qaldırmamışdır. Bu
baxımdan tariximizin heç bir çağında belə qara
ləkə yoxdur. Bunu türk dünyasının böyüklüyü kimi
qiymətləndirən A.Saniç, əksinə, erməni tarixində
belə qara ləkələrin çox olduğunu, təkcə ötən
əsrdə xalqımızın ermənilər tərəfindən 4 dəfə
soyqırımına məruz qaldığını söylədi.
Düşmənin bu gün də öz mənfur niyyətlərindən,
sərsəm "Böyük Ermənistan" yaratmaq planlarından
əl çəkmədiyini, ermənilərin xalqımıza qarşı
soyqırımı davam etdirdiklərini, ötən əsrin 90-cı
illərinin əvvəllərində Xocalıda öz miqyasına
görə heç də 18-ci ilin mart qırğınlarından geri
qalmayan qətliam törətdiklərini vurğulayan
rektor bütün bunlara son qoyulması üçün
xalqımızın başına gətirilmiş həmin fəlakətlərin
dünya ictimaiyyətinə çatdırılmasını vacib saydı,
hər kəsi bu sahədə gücü çatan fəaliyyətə
səslədi.
Konfransda AMEA-nın əməkdaşı, 1918-ci il
soyqırımı hadisələrinin araşdırıcısı, professor
Solmaz Rüstəmova - Tohidi həmin dövrdə baş verən
hadisələr, ermənilər tərəfindən törədilmiş
qətliamlar barədə geniş məruzə etdi. 1918-ci
ilin martında azərbaycanlıların məruz qaldığı
soyqırımının ondan bir neçə il öncə Türkiyədə
baş vermiş soyqırımının davamı olduğunu
vurğulayan məruzəçi həmin hadisələrin səbəbləri,
ermənilərin soyqırımı törətmək niyyətləri və
bunun üçün apardıqları hazırlıq işləri,
Azərbaycanın paytaxtı və regionlarında dinc
əhaliyə qarşı törədilmiş soyqırımının acı
nəticələri barədə ətraflı məlumat verdi.
Professor S.Rüstəmova-Tohidi çıxışının sonunda
həmin hadisələrdən bəhs edən kitablarını
universitetə hədiyyə etdi.
Y.ƏLİYEV |
|