Avropa Birliyinin Azərbaycan üzrə
nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan
Dillər Universitetində olub. R.Kobia
universitetin Heydər Əliyev adına
muzey-lektoriyasında "Şərq əməkdaşlığı və Avropa
Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti"
mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin
Əliyev, regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin dekanı, dosent Məcid
Əliyev, Beynəlxalq münasibətlər kafedrasının
müdiri Samir Həmidov və beynəlxalq münasibətlər
fakültəsinin 4-cü kurs tələbələri iştirak
ediblər. Tədbiri giriş sözü ilə açan Məcid
Əliyev Avropa Birliyinin Azərbaycan üzrə
nümayəndəliyinin rəhbəri R.Kobianı tədbir
iştirakçılarına təqdim edib.
İştirakçıları salamlayan cənab R.Kobia Avropa
Birliyinin yaranma tarixindən, Avropa Birliyi -
Azərbaycan münasibətlərindən, eləcə də Şərq
əməkdaşlığından geniş şəkildə danışıb, birliyə
daxil olan ölkələrin sayının getdikcə artdığını
qeyd edib. Nümayəndəliyin rəhbəri Avropa
Birliyinin dünyada ilk inkişaf edən iqtisadi
təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi
dilin olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırıb. AB-Azərbaycan əlaqələrinin 1990-cı
illərdən başlandığını deyən səfir bu əlaqələrin
son illər daha da genişləndiyini bildirib.
Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.
Kobia bu əməkdaşlığın demokratiya, insan
hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı
üzərində qurulduğunu qeyd edib.
Tədbirin sonunda qonaq universitetin
müəllim-tələbə heyətini maraqlandıran suallara
cavab verib.
Şakir CƏFƏROV |