Naxçıvan Dövlət Universitetində "Araz çayı
hövzəsi parazitar xəstəliklər" mövzusunda I
beynəlxalq simpozium keçirilmişdir. Qars Qafqaz
Universiteti ilə birgə gerçəkləşdirilən
simpoziuma AMEA-nın Naxçıvan Bölməsi, Türkiyə
Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti və
Elazıq Fırat Universitetinin təmsilçiləri də
qatılmışdı.
Simpoziumu
giriş sözü ilə açan NDU-nun rektoru, akademik
İsa Həbibbəyli türk xalqlarının sarsılmaz
birliyindən, tarixi köklərindən, ortaq milli
mənəvi dəyərlərindən danışmışdır. Vurğulanmışdır
ki, çoxşaxəli beynəlxalq əlaqələrə malik
universitetin qardaş Türkiyənin əksər tanınmış
ali təhsil ocaqları ilə dayanıqlı tərəfdaşlığı
"Bir millət, iki dövlət" siyasətinin bariz
təntənəsidir. Araz çayının iki qardaş ölkənin
əbədi birlik simvolu olduğunu xatırladan rektor
simpoziumun sosial, ekoloji, iqtisadi
əhəmiyyətindən söhbət açmışdır.
Qars Qafqaz Universitetinin prorektoru,
professor Mitat Şahin universitetlərarası
əlaqələrin dünya elm, təhsil sisteminə
inteqrasiya baxımından faydasından danışmış, bu
əməkdaşlığın gələcək inkişafı istiqamətində
qarşıda duran vəzifələrdən, simpoziumun
elmi-praktik əhəmiyyətindən bəhs etmişdir.
Ərzurum Atatürk Universitetinin veterinar
fakültəsinin dekanı, professor Mustafa Atasevər
çıxışında qeyd etmişdir ki, mövzu ilə bağlı
aktual problemlərin həllində ortaq elmi
tədqiqatların, təcrübələrin aparılması, gənc
mütəxəssislərin yetişdirilməsi böyük rol
oynayacaq.
Sonra Qars Qafqaz Universitetinin veterinar
fakültəsinin Parazitologiya kafedrasının müdiri,
professor Mükremin Özkan Arslanın "Türkiyənin
Kuzey Doğusunda intestinal protozoon
enfeksiyonları", NDU-nun Baytarlıq kafedrasının
müdiri, baytarlıq elmləri namizədi Etibar
Məmmədovun "Naxçıvan Muxtar Respublikasının
Arazboyu düzənlik ərazilərində gövşəyənlərin
anoplosefalyatoz törədicilərinin aralıq
sahiblərinin yayılması" mövzusunda məruzələri
dinlənilmişdir.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Tarıyel Talıbov Araz çayı hövzəsində geniş
yayılmış flora və fauna üçün xüsusi zərərli
parazitlər, onlara qarşı bioloji mübarizə
yolları barədə məlumat vermişdir. Çıxışlarda
Ermənistanın Araz çayını sənaye tullantıları ilə
qəsdən çirkləndirməsi nəticəsində çayın
hövzəsindəki mikrofaunaya ciddi zərər vurması və
buna qarşı birgə mübarizə məsələlərinə də
toxunulmuşdur.
Növbəti gün simpozium bölmə iclasları ilə işini
davam etdirmişdir.
Yekun iclasda millət vəkili, akademik İsa
Həbibbəyli, Qars Qafqaz Universitetinin rektoru,
professor Mitat Şahin simpoziumun işini yüksək
dəyərləndirmiş, qlobal ekoloji, bioloji,
coğrafi problemlərin həlli məqsədilə müştərək
fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə
əminliklərini bildirmişlər. Bölmə
rəhbərlərinin hesabatları, çıxışlar
dinlənildikdən sonra təkliflər müzakirə
olunmuşdur.
Simpozium Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsinin müəllim və tələbələrinin
rəngarəng konsert proqramı ilə başa çatmışdır.
Müxtəlif ölkələrin nümayəndələrinin, eləcə də
türkiyəli tələbələrin də iştirak etdiyi
professional ifalar tədbir iştirakçılarına xoş
bayram ovqatı bəxş etmişdir. Novruz bayramı
münasibətilə tələbələrin əl işlərindən və rəsm
əsərlərindən ibarət sərgi qonaqlarda xüsusi
maraq doğurmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |