ADU-nun rektoru, millət vəkili, professor Səməd
Seyidov Türkiyənin Atatürk Universitetinin
rektoru, professor Hikmet Koçak və onun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan rektor Səməd Seyidov ADU
ilə Atatürk Universiteti arasında əlaqələrin
qurulmasına hazır olduğunu söyləyib.
Universitetin tarixinə nəzər salan rektor
S.Seyidov əvvəllər institut kimi fəaliyyət
göstərən Azərbaycan Dillər Universitetinin
keçdiyi yoldan bəhs edib. Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin
təhsil sistemində böyük işlər görüldüyünü və
2000-ci ildə ADU-ya universitet statusu
verildiyini diqqətə çatdırıb.
Səməd
Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında
mövcud olan fakültələr haqqında da qonağa
məlumat verib. Universitetdə yaradılmış
İnformasiya Resurs Kompleksin fəaliyyətinə
toxunan Səməd Seyidov bu strukturun Azərbaycan
Respublikası Prezidentinin dəstəyi sayəsində
açıldığını bildirib. Rektor bu nəhəng kompleksin
ölkəmizdə yeganə olduğunu, təkcə universitet
tələbələri üçün deyil, bütün respublika üçün
mühüm əhəmiyyət kəsb etdiyini deyib. Səməd
Seyidov bu kompleks vasitəsi ilə dünya
universitetləri ilə distant seminarların,
"dəyirmi masa"ların təşkil olunduğunu, həmçinin
dərslərin aparıldığını deyib, bu sahədə ADU-da
artıq müsbət təcrübə toplandığını söyləyib.
Atatürk Universitetinin rektoru, professor
Hikmet Koçak səmimi qəbula görə təşəkkür edib.
Hikmet Koçak Azərbaycanın ümummilli lideri,
mərhum Heydər Əliyevin Atatürk Universitetinin
fəxri doktoru olduğunu xatırladıb. O, həmçinin
Prezident İlham Əliyevə də bu universitetin
fəxri doktoru adının verildiyini qeyd edib.
Atatürk Universitetinin tarixindən bəhs edən
rektor Hikmet Koçak bu ali təhsil ocağının
1954-cü ildə yaradıldığını bildirib. O,
universitetdə ilk olaraq ədəbiyyat fakültəsinin
mövcud olduğunu deyib. Rektor H.Koçak nəzərə
çatdırıb ki, Atatürk Universitetində ümumilikdə
18 fakültə fəaliyyət göstərir, 43000 tələbə
təhsil alır. Eyni zamanda universitetin 23000
distant formada təhsil alan tələbəsi var. 7
institutun fəaliyyət göstərdiyi bu ali məktəbin
2500 əməkdaşı var.
S.Seyidov distant tədris formasının ölkəmizdə
yalnız ADU, NDU və AMEA-da olduğunu deyib.
ADU-nun Türkiyənin Hacettepe və Fransanın
Strasburq (keçmiş Mark-Blok Universiteti)
universitetləri ilə üçlük yaratdığını və bu
istiqamətdə tərcümə fakültəsində tam şəkildə
islahatlar aparıldığını söyləyib. ADU-nun Böyük
Britaniyanın Esseks Universiteti ilə
əməkdaşlığından da söz açıb.
Görüşdə həmçinin ADU ilə Atatürk Universiteti
arasında distant təhsillə bağlı əməkdaşlığın
gələcək perspektivləri müzakirə olunub.
Müəllimlərin distant tədrisə cəlb edilməsi
istiqamətində işlərin aparılması haqda fikir
mübadiləsi edilib.
Hikmet Koçak Səməd Seyidovu bu ilin yayında
Atatürk Universitetində keçiriləcək konfransa
dəvət edərək bu səfərin hər iki universitetin
əməkdaşlığının başlanğıcı olacağına əminliyini
ifadə edib.
Sonra rektor Səməd Seyidov qonağa ADU-nun
kataloqunu və Azərbaycanın xəritəsi əks olunmuş
hədiyyəni təqdim edib. Hikmet Koçak isə həm
Atatürk Universitetinin kataloqunu və
universitetin gerbi əks olunmuş hədiyyəni
S.Seyidova verib.
Sonda qonaqlar ADU-nun İnformasiya Resurs
Kompleksi ilə yaxından tanış olublar.
Şakir CƏFƏROV |