Bir həftə ərzində Bakı "Muğam aləmi" II
Beynəlxalq muğam festivalına ev sahibliyi
etmişdir. Milli mədəniyyətimizin və xalq
sənətimizin qorunması və inkişafına yüksək
diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə dünyanın 20-dən çox ölkəsinin
muğam biliciləri və ifaçıları Beynəlxalq muğam
festivalında bir araya gəlmişlər. Martın 21-də
Heydər Əliyev Sarayında festivalın təntənəli
bağlanış mərasiminə həsr edilən konsert
olmuşdur.
Martın
14-dən 21-dək Şərq dünyasının ən qiymətli incisi
sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini
bir daha Azərbaycana yönəltmişdir. Festival
çərçivəsində muğama həsr olunan müzakirələr,
klassik və simfonik muğamların gözəl ifaları,
Beynəlxalq muğam müsabiqəsi qaliblərinin
unudulmaz çıxışları, məşhur musiqiçilərin
konsertləri qədim və həmişəyaşar muğam sənətinin
bütün zənginliyini nümayiş etdirərək, festival
proqramını həm rəngarəng, həm də yaddaqalan
etmişdir.
Martın 17-dən 20-dək Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının kamera və
orqan musiqisi zalında keçirilən Beynəlxalq
muğam müsabiqəsi isə əsl sənət yarışmasına
çevrilmişdir. Müsabiqədə Azərbaycan, Türkiyə,
Özbəkistan, Çin, Hindistan, İordaniya, İran,
Küveyt və Mərakeşdən olan 20-yə yaxın ən
istedadlı ifaçının çıxışları münsiflər heyətinin
işini çətinləşdirsə də, seçimin nəticəsindən
hamı - ifaçılar da, münsiflər heyətinin bütün
üzvləri də, tamaşaçılar da razı qalmışlar.
Müsabiqədə azərbaycanlı xanəndə Ehtiram Hüseynov
və İranın Tehran "Sepehr" ansamblı birinci, Çin
Xalq Respublikasının Urumçi şəhərindən olan
musiqi qrupu ikinci, Mərakeşin "Makam" və
İordaniyanın "Şərq-bənd" ansamblları isə üçüncü
yerlərə layiq görülmüşlər.
Festivalın təntənəli bağlanış mərasiminə həsr
edilən konserti Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri açmışdır.
Orkestr Üzeyir Hacıbəylinin "Koroğlu"
operasından uvertüranı ifa etmişdir.
Gecədə tanınmış Azərbaycan bəstəkarlarının
əsərləri dinlənilmişdir. Həmçinin II Beynəlxalq
muğam müsabiqəsinin laureatları - Çin Xalq
Respublikasının Urumçi şəhərindən olan musiqi
qrupu və "Qarabağ şikəstəsi"nin ən yaxşı
ifaçısı nominasiyası üzrə mükafatçı türkiyəli
müğənni Yeşim Köksal da çıxış etmişlər.
"Muğam aləmi" II Beynəlxalq muğam festivalının
bağlanış mərasiminə həsr edilən konsert proqramı
zənginliyi ilə fərqlənmişdir. Hər bir ifa
sürəkli alqışlarla qarşılanmışdır.
Beləliklə, Azərbaycanda martın 14-dən başlayan
"Muğam aləmi" II Beynəlxalq muğam festivalına
martın 21-də yekun vurulmuşdur.
Bakı Caz Mərkəzində keçirilən caz axşamları da
festivala bir rəngarənglik gətirmişdir. Eyni
zamanda ilk dəfə festival çərçivəsində
keçirilmiş ustad dərsləri də gənc muğam
ifaçılarına bu sənətin sirlərini daha dərindən
mənimsəməyə böyük imkanlar yaratmışdır.
Bütövlükdə "Muğam aləmi" II Beynəlxalq muğam
festivalı mədəniyyətin, incəsənətin, musiqinin,
ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı
xalqların nümayəndələrini bir araya gətirmək
baxımından özünü misilsiz bir tədbir kimi təsdiq
etmiş, xalqların daha da yaxınlaşmasına mühüm
bir töhfə olmuşdur.
AzərTAc |