Martın 30-da Təhsil Nazirliyində nazirliyin bir
neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi
dinlənilib.
Öncə
Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri
Elmir Həsənov "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi ilə bağlı
qanunvericilik bazasının təkmilləşdirilməsi"
mövzusunda təqdimat edib. E.Həsənov müvafiq
qanuna uyğun olaraq hazırlanmış bir çox sənədin
Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu
bildirib və qeyd edib ki, daha 5 sənəd isə
təsdiq olunma mərhələsindədir. Sektor müdiri
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarına və
sərəncamlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin fərmanına əsasən Təhsil
Nazirliyinin Əsasnaməsinə edilən əlavə və
dəyişikliklər barədə məlumat verib. Həmin
dəyişikliklərin hər biri haqqında danışan
E.Həsənov, eyni zamanda 21 dekabr 2010-cu il
tarixdə təsdiq olunmuş "Normativ-hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının
Konstitusiya Qanunundan da bəhs edib.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat
şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral
2011-ci il tarixlərində 16 nəfərdən ibarət
nümayəndə heyətinin Türkiyə Respublikasına
səfəri barədə təqdimat-məruzə ilə çıxış edib.
Nümayəndə heyətinin tərkibindən söz açan
F.Şahbazlı bildirib ki, dərsliklərin
qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi
məqsədilə Türkiyə Respublikası Milli Təhsil
Nazirliyinin Təlim-Tərbiyə Kurulunda olublar.
Təlim-Tərbiyə Kurulunun əsas fəaliyyət
istiqamətləri, keçirilmiş görüşlər barədə
məlumat verən şöbə müdiri daha sonra nümayəndə
heyəti üzvlərinin ixtisaslarına uyğun olaraq
müvafiq komissiyalar üzrə bölünməklə iş
apardıqlarını vurğulayıb. F.Şahbazlı Türkiyədə
olduqları müddətdə dərslik komplektlərinin
hazırlanma proseduru, onların
qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil
olmuş kitabların kodlaşdırılması və bu kimi
digər məsələlər üzrə zəngin təcrübə
qazandıqlarını nəzərə çatdırıb. Ümumtəhsil
məktəblərinin III sinifləri üçün hazırlanmış bir
neçə dərslik komplektinin rəy bildirilməsi
məqsədilə Təlim-Tərbiyə Kuruluna təqdim
edildiyini açıqlayan şöbə müdiri bu kitablar
haqqında müsbət fikirlər söylənildiyini, eləcə
də bir sıra qeydlərin vurğulandığını deyib.
F.Şahbazlı səfər çərçivəsində Türkiyədə müəllim
və şagirdlərlə keçirilmiş görüşlər, aparılmış
təcrübə mübadiləsi haqda məlumat verib. Səfərin
sonunda heyət üzvlərinin hər birinə sertifikat
verildiyini bildirən şöbə müdiri görülən işlərin
davamlılığı və qarşılıqlı əməkdaşlığın inkişafı
baxımından Təlim-Tərbiyə Kurulunun bir qrup
əməkdaşının cari ilin aprelində ölkəmizə səfər
edəcəyini nəzərə çatdırıb.
Tədbirdə Təhsil Nazirliyinin Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu
günlərdə Almaniya Federativ Respublikasına
etdikləri səfər çərçivəsində keçirilmiş görüşlər
və əldə olunmuş təcrübədən danışıb. "Almaniya
Federativ Respublikası Baden-Vürttenberq
Torpağının peşə təhsili sisteminin strukturu"
mövzusunda təqdimat edən N.Məmmədov bu inzibati
ərazi vahidi haqqında ümumi məlumat verib,
burada peşə hazırlığı istiqamətində görülən
işləri, dual peşə təhsili sisteminin
mövcudluğunu və onun əsas məqsədlərini diqqətə
çatdırıb. N.Məmmədov səfərin yekunu olaraq
rəhbərlik etdiyi sahə üzrə bir sıra təkliflər
irəli sürüb.
Təhsil naziri Misir Mərdanov hər üç təqdimatda
qeyd olunan məsələlər barədə fikirlərini
bildirib və görülmüş işlərin daha da inkişaf
etdirilməsi istiqamətində müvafiq tədbirlərin
həyata keçirilməsi ilə bağlı tapşırıq və
tövsiyələrini verib. |