Tağızadə Eldar Abdulla oğlu
1963-cü il sentyabrın 6-da Bakı şəhərində ziyalı
ailəsində anadan olub. 1970-1980-ci illərdə
paytaxtın Nəsimi rayonundakı 164 nömrəli
məktəbdə orta təhsilini başa çatdırıb. Sonra
Bakı Dövlət Universitetinə daxil olub. 1985-ci
ildə universitetin biologiya fakültəsini
fərqlənmə diplomu ilə bitirib. Eldar Azərbaycan
Elmlər Akademiyasının Botanika İnstitutunda
çalışarkən Səbail rayon DİŞ-in cinayət axtarışı
bölməsi ilə əməkdaşlıq edib. 1988-ci ildə DİŞ-ə
işə qəbul edilib və 1989-cu ildə Sverdlovsk
şəhərində cinayət-axtarış üzrə ali
ixtisasartırma kursu keçib. DİN-nin
millətlərarası münasibətlər şöbəsində daha məsul
vəzifəyə irəli çəkilib və ona 1991-ci ildə
kapitan rütbəsi verilib. Daha sonra DİN-nin
Terrorizm və Banditizmə Qarşı Mübarizə İdarəsi
rəisinin müavini vəzifəsinə təyin edilib.
E.Tağızadə 1992-ci il iyunun 3-də Qarabağa ezam
olunub və cinayətkarları zərərsizləşdirərkən
həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr
1992-ci il tarixli 162 nömrəli Fərmanı ilə
Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Təhsil aldığı 164 nömrəli orta məktəb onun adını
daşıyır. Bakı şəhərindəki küçələrdən birinə adı
verilib.
Tağıyev
Şahin Talıb oğlu
1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan
olub. İlk təhsilini 1956-cı ildə Bakının Bülbülə
qəsəbəsindəki 208 nömrəli orta məktəbində alıb,
12 nömrəli internat-məktəbdə isə təhsilini başa
çatdırıb. Şahin 1969-cu ildə Bakı Energetika
Texnikumunu bitirib. O, hərbi xidmətini
Novosibirskdə raket-artilleriya qoşun
hissələrində yerinə yetirib və eyni zamanda
orada zabitlik kursunu müvəffəqiyyətlə bitirib.
Ordudan tərxis olunduqdan sonra Bakı Mayesiz
Transformatorlar Zavodunda işləyib. 1992-ci ildə
yeni yaradılan "Qurtuluş" batalyonuna qoşulub.
Doğma Vətəni Azərbaycanın o çətin günlərində
silaha sarılan Ş.Tağıyev Tərtər, Seysulan,
Yarımca və Levonarxın erməni işğalçılarından
müdafiəsi uğrunda gedən ağır döyüşlərdə bir
vətənpərvər əsgər kimi son dərəcə fədakarlıqla
iştirak edib. Onun döyüş bacarığı, yağı düşmənə
qarşı aparılan hər bir döyüş əməliyyatı zamanı
göstərdiyi mətinliyi və mübarizliyi nəzərə
alınaraq 1992-ci ilin martında "Qurtuluş"
batalyonuna komandir təyin edilib. Ş.Tağıyevin
cəbhə bölgəsində göstərdiyi xidmət ölkə başçısı
tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə
polkovnik-leytenant Tağıyev Şahin Talıb oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ailəlidir.
Teymurov
Rizvan Rəhman oğlu
1967-ci il aprelin 16-da Şuşanın Quşçular
kəndində ziyalı ailəsində anadan olub. 1984-cü
ildə doğma kəndlərində orta məktəbi bitirərək,
1985-ci ildə hərbi xidmətə cağırılıb. Rizvan
əsgəri xidmətini Omsk şəhərində başa
çatdırdıqdan sonra Vətənə qayıdıb. O, 1987-ci
ildə Rusiyanın Arxengelsk vilayətinə gedib.
1990-cı ildə yenidən Vətənə qayıdıb. Şuşa Şəhər
Daxili İşlər Şöbəsinin xüsusı təyinatlı polis
dəstəsinə daxil olaraq Qaradağlı, Sırxavənd,
Umudlu, Meşəli, Cəmilli kəndlərində erməni
yaraqlılarına qarşı aparılan qeyri-bərabər
mübarizədə əsl vətənpərvər bir polis nəfəri kimi
iştirak edib. O, işğalçı erməni döyüşçülərinə
qarşı aparılan əməliyyatlarda xüsusi fəallıq və
əzmkarlıq göstərib. Elə bu fədakarlığı onu
komandirlərinə və döyüş yoldaşlarına sevdirib.
R.Teymurov 1991-ci il dekabrın 9-da Xankəndi və
Kərkicahan ətrafında erməni faşistlərinə qarşı
gedən qanlı döyüşlərdə xüsusi hünər və rəşadət
nümayiş etdirərək qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şuşanın Quşçular kəndində dəfn olunub. Bakının
Nizami rayonundakı küçələrdən biri onun adını
daşıyır.
Təhməzov
Paşa Qurban oğlu
1949-cu il martın 23-də Lənkəran şəhərində
anadan olub.1964-cü ildə doğma şəhərlərindəki 6
nömrəli orta məktəbin səkkizinci sinfini bitirib
və orta təhsilini fəhlə-gənclər məktəbində davam
etdirib. Paşa əmək fəaliyyətinə Əhaliyə Məişət
Xidməti İstehsalat Kombinatında usta köməkçisi
kimi başlayıb. 1993-cü il avqustun 23-də
Azərbaycanın cənub bölgəsində dövlətçiliyimizə
qarşı vəziyyət gərginləşəndə P.Təhməzov da
silaha sarılaraq "Talış Muğan Respublikası" adı
ilə baş qaldıran daxili çəkişmələrin qarşısını
almağa yollanıb.
Paşa Təhməzov dövlətçiliyimizin qorunması, doğma
Azərbaycanımızın bütövlüyü uğrunda öz canını
əsirgəməyib, cinayətkar dəstə ilə baş verən
qaşıdurma zamanı qəhrəmancasına həlak olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust
1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə
Təhməzov Paşa Qurban oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Lənkəran şəhərindəki Şəhidlər xiyabanında dəfn
olunub. Lənkəran şəhərindəki küçələrdən biri
Milli Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın
önünə xatirə lövhəsi vurulub, "23 Avqust"
meydanında büstü qoyulub.
Yəhyayev
Elşad Məmmədhənifə oğlu
1966-cı il sentyabrın 29-da Şəki şəhərində
anadan olub. İlk təhsilini 1973-cü ildə doğma
rayonlarındakı 12 nömrəli məktəbdə alıb, sonra
təhsilini Bakı şəhərindəki 56 nömrəli orta
məktəbdə davam etdirib. 1984-cü ildə hərbi
xidmətə yollanıb. 1986-cı ildə hərbi xidmətini
başa çatdıraraq, 1987-ci ildə Saratov Ali Hərbi
Komandirlər Məktəbinə daxil olub. Elşad 1991-ci
ildə hərbi məktəbi bitirərək, leytenant rütbəsi
ilə Vətənə qayıdıb. Müraciətinə əsasən Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarına tağım
komandiri təyin edilib. O, Sırxavənd, Naxçıvanik,
Papravənd kəndlərində erməni işğalçılarına qarşı
gedən gərgin döyüşlərdə yüksək rəşadət göstərib.
E.Yəhyayev 1992-ci il iyunun 20-də erməni
yaraqlılarına qarşı aparılan ağır döyüşlər
zamanı yağı düşmənin atdığı snayperə tuş gələrək
qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Yəhyayev Elşad Məmmədhənifə oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Vaxtı ilə təhsil aldığı Şəki şəhər 12 nömrəli
orta məktəb qəhrəmanın adını daşıyır. Bakı
şəhərindəki 56 nömrəli orta məktəbdə büstü
qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |