İstedadlı uşaqları hələ kiçik yaşlardan aşkara
çıxarmaq və gələcək inkişaflarını təmin etmək
məqsədi ilə paytaxtın məktəbəqədər təhsil
müəssisələrində təlim-tərbiyə alan uşaqlar
arasında "Bilik, bacarıq və qabiliyyət"
müsabiqəsi keçirilir. Martın 4-də Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən bu barədə
imzalanmış əmrlə müsabiqənin təşkilat
komitəsinin tərkibi və əsasnaməsi təsdiq olunub.
Müsabiqə musiqi, nitq mədəniyyəti, sadə riyazi
təsəvvürlərin inkişafı və rəsm nominasiyaları
üzrə 5-6 yaşlı uşaqlarla keçirilir.
Bağça, rayon və şəhər mərhələləri olmaqla üç
mərhələdə keçirilməsi nəzərdə tutulan
müsabiqəyə martın 9-da start verilib. O, 4
nominasiya üzrə ardıcıl təşkil olunub. Belə ki,
uşaqlar musiqi nominasiyası üzrə martın 9-dan
aprelin 8-dək, nitq mədəniyyəti nominasiyası
üzrə aprelin 12-dən 29-dək, sadə riyazi
təsəvvürlərin inkişafı nominasiyası üzrə mayın
3-dən 11-dək, rəsm nominasiyası üzrə isə mayın
16-dan 27-dək öz bilik və bacarıqlarını
sınayacaqlar.
Müsabiqə Azərbaycan Respublikasının
müstəqilliyinin bərpasının 20 illik yubileyi
çərçivəsində keçirildiyi üçün mövzular da
müstəqilliyimizə həsr olunub. Belə ki,
müsabiqəyə təqdim olunan işlər müstəqil
respublikamızın dövlət rəmzlərini, doğma yurdun
flora və faunasını əhatə etməlidir. Qaliblərə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hədiyyə və
diplomları veriləcək, ən yaxşı əl işlərindən
ibarət sərgi təşkil olunacaq.
Yusif ƏLİYEV |