Xalqımızın igid oğlu, Milli Qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş
məktəblilərin "Cəsurlar" hərbi-idman və turizm
oyunlarına strart verilib. Bu hərbi idman
oyunları gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsində böyük önəm kəsb edir.
Həmişə
olduğu kimi, bu il də "Cəsurlar" oyunu Novruz
bayramı ərəfəsində keçirilir. Artıq ilkin
mərhələ olaraq orta məktəblərdə komandalar (siniflər)
arasında yarışlar başlayıb.
Belə yarışlardan biri Bakının Nərimanov
rayonundakı 304 nömrəli məktəb-liseydə təşkil
olunmuşdur.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
metodisti Rafiq Axundov, Nərimanov Rayon Gənclər
və İdman İdarəsinin əməkdaşı Tariyel İsmayılov,
rayonun hərbi komissarı, polkovnik-leytenant
Qəşəm Mahmudov, kapitan Abdin Rüstəmov, Böyük
Vətən müharibəsi veteranı Boris Balasiyev,
məktəb-liseyin direktoru İradə Hüseynova iştirak
edirdilər.
Məktəbin gənclərin çağırışaqədərki hazırlığı
üzrə rəhbəri Pənah Ağabalayev idman
meydançasında cərgəyə düzülmüş VI "a", VI "c",
VII "a", VII "c", VIII "a" siniflərinin
şagirdlərinə "Düzlən! Fərəqət!" komandası verdi.
Sonra Azərbaycanın Dövlət himninin sədaları
altında Dövlət bayrağı meydançaya gətirildi.
Komandaların kapitanları oyunlara hazır
olmaları barədə baş hakimə, rayonun hərbi
komissarına məruzə etdilər. Hərbi komissar
oyunların başlanmasına icazə verdi.
Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat
müəllimi Lalə Babayeva Milli Qəhrəman Mübariz
İbrahimovun həyatı və döyüş yolu,
qəhrəmanlıqları barədə danışdı. Qeyd etdi ki,
Mübariz İbrahimovun qəhrəmanlığı xalqın
vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol
oynamışdır.
VIII sinif şagirdi Əlisəfa Əliyev əsgər
formasında Mübarizin ailəsinə yazdığı son
məktubunu oxuduqdan sonra qəhrəmana həsr edilmiş
film nümayiş etdirildi və Mübariz İbrahimovun
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Liseyin şagirdləri vətənpərvərlik mövzusunda
mahnılar oxudular, rəqs etdilər. Məktəbin idman
zalında hazırlanmış sərgidə isə M.İbrahimova
həsr olunmuş divar qəzetləri, şagirdlərin
çəkdiyi şəkillər, hərbi geyimlər nümayiş
etdirildi.
Fasilədən sonra siniflər arasında yarış başlandı.
Hərbi-idman oyunlarının formatına uyğun olaraq,
şagirdlər kanatdan keçmək, pilləkənlə dırmaşmaq,
maneələri dəf etmək, əleyhqazdan istifadə
qaydaları və xərəklə xilasetmə əməliyyatları
üzrə hərəkətləri icra etdilər.
Yarış başa çatdıqdan sonra münsiflər heyəti
qalibləri müəyyənləşdirdi. VIII "a" sinfinin
komandası I, VII "a" sinfi II, VII "c" sinfinin
komandası isə III yerləri bölüşdülər. Qaliblərə
üzərində Mübariz İbrahimovun fotoşəkli olan
Fəxri fərman və hədiyyələr təqdim edildi.
Y.MÖHÜBBƏTQIZI |