Elmi-tədqiqat institutlarında əsas iş
istiqamətlərindən biri gənc tədqiqatçılara elmi
məsləhət verməkdir. Həmin müəssisələrdə müxtəlif
səviyyəli ixtisas sahibləri tədqiqat aparır.
Sevindirici haldır ki, onlardan bəziləri
dünyagörüşü, bilik səviyyəsi ilə alimləri və
ümumiyyətlə müsahiblərini heyran edir. Belə
tədqiqatçılardan biri Vidadi Orucovdur. Vidadi
Orucov ali təhsil aldıqdan sonra müxtəlif təhsil
müəssisələrində çalışmaqla yanaşı, elmi-tədqiqat
sahəsində də fəaliyyət göstərməyi qarşısına
məqsəd qoymuş, fizikanın tədrisi prosesində
qarşıya çıxan çətinlikləri müəyyənləşdirmək və
onların aradan qaldırılması yollarını
göstərməklə, ümumtəhsil məktəblərində çalışan
fizika müəllimlərinə metodik məqalələrlə kömək
etmiş, təlimin keyfiyyətini yaxşılaşdırmaq
işində yardımçı olmuşdur.
O,
professor A.Mehrabovun rəhbərliyi altında
namizədlik dissertasiyasının müvəffəqiyyətlə
müdafiəsindən (1999) sonra da elmi axtarışlarını
davam etdirmək arzusunda olmuşdur. "Azərbaycanda
fizikanın tədrisi metodikasının inkişafı"
mövzusu üzrə tədqiqat aparmağı, doktorluq
dissertasiyası yazmağı nəzərdə tutmuş və həmin
mövzu üzərində iş aparmaq arzusunu Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
rəhbərliyinə bildirmiş, mövzu institutun Elmi
Şurasında müzakirə edilərək bəyənilmiş və təsdiq
edilmişdir. Eyni zamanda Elmi Şura fizikanın
tədrisi metodikası üzrə tanınmış mütəxəssis,
pedaqoji elmlər doktoru, professor Z.Qaralovu
elmi məsləhətçi kimi təsdiq etmişdi (2003). O
vaxtdan etibarən Vidadi Orucov bizim şöbə ilə
əlaqə saxlamış, elmi araşdırmalardan aldığı
nəticələr haqqında məlumat vermiş və sonra
görəcəyi işi müəyyənləşdirmişdi. Beləliklə,
tədqiqat əsərini tamamlayıb şöbənin müzakirəsinə
təqdim etdi. Bu əsərin müzakirəsində metodist,
pedaqoq alimlərlə yanaşı, nəzəri fizik
alimlərdən (elmi məsləhətçisi professor
Z.Qaralov metodist alim kimi tanınmasına
baxmayaraq, nəzəri fizikanın kamil bilicisidir)
professorlar A.Mehrabov, E.Qocayev, T.Pənahov,
A. Abbaszadə, Z.Orucov və başqaları iştirak
edirdilər. Alimlər əsərin mövzusunun
aktuallığını qeyd etməklə yanaşı, eyni zamanda
onun işlənmə tərzini (problemin düzgün
planlaşdırılaraq, tarixi-elmi aspektdə işlənməsi)
də yüksək qiymətləndirdilər.
Doğrudur, fizika problemləri tarixi aspektdə
araşdırılır, lakin nəzəri məsələlər tarixi
inkişafda verilir, nəzəri anlayışlar tarixin
ayrı-ayrı dövrlərində tədris prosesi ilə
əlaqələndirilir. Haqqında danışılan tədqiqat
əsərinin praktik əhəmiyyəti də bundan ibarətdir:
keçmişi, dünəni yaxşı bilmədən, bu günü
dəyərləndirmək, sabaha - gələcəyə düzgün
istiqamət götürmək olmaz.
Təxminən min il bundan əvvəl böyük şair Nizami
Gəncəvi demişdi ki, məni görmək istəsən, əsərimə
bax. Həmin fikri bu tədqiqat işinə də şamil
etmək olar. Belə ki, əsərdə müəllifin yüksək
elmi təfəkkürə malik olduğu aydınlaşır. İstifadə
olunan mənbələr Vidadi Orucovun tədqiqatının
əhatə dairəsi haqqında aydın təsəvvür yaradır.
Başqalarından fərqli olaraq, tədqiqat əsəri
haqqında deyilənləri diqqətlə dinləyir, lazım
gəldikdə fikrini elmi dəlillərlə izah edir.
Müzakirə prosesində N.Gəncəvinin "İskəndərnamə"
əsərində şairin fizika haqqında fikirlərinə
nəzər salmağı doktoranta məsləhət gördük.
Növbəti gəlişində əsəri oxuduğunu dedi və şairin
fizikaya dair fikirlərinə heyranlığını bildirdi,
eyni zamanda Nizaminin bu barədə fikirlərinə aid
xüsusi məqalə ilə mətbuatda çıxış edəcəyinə də
söz verdi və yazdı da.
Doğrudur, müdriklər "Elmin nəzəriyyəsi olmadan
tarixi yoxdur" deyirlər. Fikrimizcə, hər hansı
elmi bilmək üçün onun tarixinin öyrənilməsi də
zərurət təşkil edir. Nəzəriyyə tarixi inkişaf
prosesində yaranır, formalaşır, kamilləşir.
Müzakirə zamanı aydın olur ki, əsərin mövzusu
fizikanın tədrisi tarixinə həsr olunmasına
baxmayaraq, ayrı-ayrı dövrlərdə fizika
anlayışlarının şagirdlərə çatdırılması
metodikasına da nəzər salınır. Belə nəticə
çıxarmaq olar ki, bu tədqiqat əsərində tarixlə
metodika əriş-arxac kimi bir-birilə bağlıdır.
Müzakirə iştirakçıları əsəri yüksək
qiymətləndirərək, onun çap olunmasını fizika
mütəxəssisləri üçün faydalı hesab etdilər.
Nəhayət, əsər müzakirə iştirakçıları tərəfindən
dərin tədqiqatın nəticəsi kimi dəyərləndirilərək,
AAK-ın fizikanın tədrisi metodikası üzrə
pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq
üçün dissertasiyaya verilən tələbləri tam
ödədiyi fikrinə gəlirlər.
Vidadi müəllim ixtisasca fizikdir, onun başqa
bir keyfiyyəti haqqında da söz deməyə ehtiyac
yaranır. O, müsahibi ilə yerindəcə, poetik dillə
də danışmağı bacaran alimlərdəndir.
Əlli il əvvəl müdrik bir şəxsdən eşitdiyim,
müəllifinin adını unutduğum bir fars beyti ( iki
misra) yadıma düşdü:
Səyyad əz peyi seyd dəvidən əcəbi nist,
Seyd əz peyi səyyad dəvidən məzə darəd...
(Ovçunun ov dalınca qaçması təəccüblü deyil,
ovun ovçu dalınca qaçmasının məzəsi var). Beyti
xatırlamaqla, bizə görə, hər ziyalıya nəsib
olmayan, geniş erudisiyalı şəxslər haqqında
söhbət açıb, digərlərinin ondan nümunə götürməli
olmalarını nəzərə çatdırmaqdır.
İctimai elmlər üzrə mütəxəssislər poeziya dili
ilə danışırsa, bu, çox yaxşıdır, belə də
olmalıdır, təəccüb doğurmur. Digər elm
sahələrində elə mütəxəssislər var ki, öz sevdiyi
ixtisaslarını gözəl bilməklə yanaşı,
ədəbiyyatımıza, poeziyamıza da dərindən bələddir,
onu yaxşı bilir, təhlil edir, aydın nəticə
çıxarır, dinləyicinin diqqətini nəinki özünə
cəlb edir, hətta onu heyrətə gətirir. Belə
adamların geniş kütlə, xüsusilə ziyalılar
arasında böyük nüfuza malik olduqları məlumdur.
Bu barədə istənilən qədər misal gətirmək
mümkündür. Nümunə kimi şahidi olduğumuz bəzi
faktları demək yerinə düşər:
Mərhum Əli Fəhmi (Allahın min rəhməti olsun onun
ruhuna) ixtisasca həkim idi, müxtəlif yerlərdə
baş həkim, həkim işləməsinə baxmayaraq, poeziya
vurğunu, klassik şeir ölçüsü olan əruzun yaxşı
bilicisi idi, Bakı Dövlət Universitetində Füzuli
mövzusu üzrə xüsusi kurs aparır, klassik şeirin
ən mahir şərhçilərindən sayılırdı.
Yaxud, başqa bir nümunə. Bir nəfər yaxın dostum
fəlsəfə üzrə doktorluq dissertasiyası
müdafiəsindən sonra ziyafət təşkil etmişdi.
Məclisi Azərbaycanın tanınmış filosofu F.Köçərli
aparırdı. Məclisin gedişində təklif olundu ki,
Fürudin müəllim, burada bir nəfər var, onu
dilləndirin!
- Kimi deyirsiniz?
- Adı Mircəfərdir, Siz ona söz verin. Fürudin
müəllim qəfildən sözü Mircəfərə verdi. Mircəfər
diksinmiş halda ayağa durdu.
- Axı mən sizdən söz istəməmişəm deyərək,
S.Ə.Şirvanidən bir qəsidə deməyə başladı. Bu
vaxta qədər səs-küylü məclisə bir sükut çökdü,
hamı Mircəfərin şeir demək tərzinə heyran
qalmışdı. Fəlsəfə ixtisasına malik olan məclis
üzvlərindən bir nəfər məclisdəkilərdən heç kəsin
tanımadığı Mircəfərə xitabən: bir az da
Füzulidən deyin. Söz ona (Mircəfərə) xoş gəlmədi,
cavabında: Füzulidən elə qəzəl deyərəm ki,
eşitməmiş və heç bir nəşrində oxumamış olarsan.
Qəzəli dedi və məclisə müraciətlə: kim eşidibsə,
desin. Hamı heyrətə gəlmişdi. Məclisdəki
filosoflardan biri "Füzulinin fəlsəfəsi"
mövzusunda namizədlik dissertasiyası yazmışdı (Rəşid).
Yoldaşları çox istədilər ki, o, Füzulidən bir
qəzəl desin, lakin Rəşid - bunun qarşısında şeir
söyləmək çətindir, - deyə imtina etdi. Xalqımız
arasında bu cür söz xiridarları az deyildir.
Belə ziyalılardan biri bacarıqlı təhsil işçisi
kimi tanınan Vidadi Ömər oğlu Orucovdur.
***
Vidadi Orucov həmin tədqiqatın əsasında "Azərbaycanda
fizikanın tədrisi metodikasının inkişafı" adlı
kitab hazırlayıb nəfis şəkildə çap etdirmişdir.
Kitab dərs vəsaiti kimi işlənmiş, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 21 dekabr
2010-cu il tarixli 1680 saylı əmri ilə təsdiq
edilmişdir. Kitabın annotasiyasında deyilir: "Vəsaitdə
fizikanın tədrisi metodikası elminin yaranması
və Azərbaycanda onun təşəkkülü göstərilmişdir.
Fizikanın tədrisi metodikası üzrə müxtəlif
dövrlərdə aparılan elmi-tədqiqat işləri
araşdırılmış və onların istifadə imkanları
açıqlanmışdır. Fizikanın tədrisi metodikası
sahəsində əməyi olan Azərbaycan alimlərinin
elmi-pedaqoji fəaliyyətləri haqqında məlumat
verilmiş və məktəb fizika kursunun tədrisinin
müasir metodoloji əsasları açıqlanmışdır.
Vəsaitdə məqsəd ali pedaqoji məktəblərdə
fizikanın tədrisi metodikası kursunun əsas
vəzifəsini, onun inkişaf yollarını tələbələrə
çatdırmaq, fizika müəllimlərinə metodiki kömək
göstərməkdir".
Yüksək poliqrafik tələblər əsasında 260 səhifə
həcmində çap olunmuş bu tədqiqat əsəri ön söz,
dörd fəsil, istifadə olunmuş ədəbiyyat
siyahısından ibarətdir. Ön sözdə müəllif müasir
dövrdə insanlığın rahatlığına xidmət edən
elmi-texniki tərəqqidə fizikanın əvəzolunmaz
rola malik olduğunu, məktəbdə onun
öyrədilməsinin vacibliyini qeyd edir. O, eyni
zamanda tədqiqat obyektinə tarixilik baxımından
yanaşaraq, bütün zamanlarda məktəbdə fizikanın
tədrisi keyfiyyətinin eyni səviyyədə olmadığını,
lakin zaman keçdikcə məktəblərdə bu fənnin
tədrisi sahəsində də nailiyyətlərin əldə
olunduğunu deyir. Müəllif "Ön söz"də fikrini
respublikada aparılan təhsil islahatı ilə
əlaqədar olaraq fizikadan proqram və
dərsliklərin yeniləşdirilməsi ilə tamamlayır.
Kitabın birinci fəsli "Fizikanın tədrisi
metodikası elminin inkişaf yolları" adlanır.
Müəllif bu fəsildə, haqlı olaraq, Azərbaycanda
fizika tədrisi metodikası elminin inkişafı
haqqında aydın təsəvvür yaratmaq üçün,
mövzudankənar görünsə də, Rusiyada fizikanın
tədrisi metodikasına nəzər salır, bir sıra
müəlliflərin əsərlərinin adını çəkir.
Bu fəsildə müəllif professor Abbasqulu
Abbaszadənin Azərbaycanda fizika elminin ilkin
inkişaf dövrünü, şərti olaraq ayırdığı
mərhələləri əsas götürür və onlara yeni
münasibət bildirir, nəzərəçarpan yenilikləri
qeyd edir, hər inkişaf mərhələsində fəaliyyət
göstərən alimlərin adını göstərir ki, bu da
oxucuda elmin dinamikası haqqında aydın təsəvvür
yaradır. Müəllif haqlı olaraq, yeri gəldikcə,
respublikada fizika elminin nəzəri cəhətdən
inkişafına nəzər salır, sonra onun tədrisi
məsələlərini tədqiq edərək münasibət bildirir.
Vəsaitdə Azərbaycanda fizikanın tədrisi
metodikası elminin inikşaf tarixi iki mərhələyə
bölünür: 1) Azərbaycanın müstəqilliyə qədərki -
1991-ci ilə qədər olan mərhələ, 2) Azərbaycan
Respublikası müstəqillik qazandıqdan - 1991-ci
ildən sonrakı mərhələ. Birinci mərhələ də
özlüyündə dövrləşdirilir. Aydın olur ki,
Azərbaycanda fizikanın tədrisi metodikası üzrə
tədqiqat işləri keçən əsrin 30-cu illərindən
diqqət mərkəzində olub. Müəllif əsərdə bu sahədə
çalışan alimlərin, onların hər birinin tədqiqat
əsərinin adını çəkir və münasibət bildirir.
Tədqiqatdan aydın olur ki, keçən əsrin 30-cu
illərindən etibarən fizikanın tədrisi metodikası
sahəsində çalışan alimlər arasında Abbasqulu
Abbaszadə aparıcı mütəxəssis olmuş, aparılan
tədqiqat işlərinə rəhbərlik etmiş, fizik
alimlərin yetişməsində, əgər demək mümkündürsə,
müstəsna rolu olmuşdur.
Vəsaitin ikinci fəsli "Azərbaycanda fizikanın
tədrisi metodikası sahəsində aparılan
elmi-tədqiqat işləri" adlanır. Bu başlıq altında
respublikada fizikanın tədrisinə dair aparılan
tədqiqat işlərinin hər biri ayrılıqda nəzərdən
keçirilir və alınan nəticə oxucunun nəzərinə
çatdırılır. Fikrimizcə, bu, olduqca səmərəli
yoldur. Bu baxımdan da vəsait, fikrimizcə, çox
böyük əhəmiyyətə malikdir. Nümunə kimi
bəzilərinə nəzər salmaq olar. Məsələn, orta
məktəbin fizika kursunda əhatə edilməsi mümkün
olan qanunların, sayının, yerinin, onların
tədrisi sisteminin işlənib hazırlanması,
nəticələrinin şagirdlərin bilik və
bacarıqlarının keyfiyyətinin yaxşılaşdırılmasına
xidmət etməsi, onların tərbiyəsinə,
dünyagörüşünün inkişafına təsirinin öyrənilməsi
fizikanın tədrisi metodikasında çox aktual
problem olduğunu əsaslandırmağa ehtiyac yoxdur.
Bu problemin həlli baxımından professor Zahid
İbrahim oğlu Qaralovun tədqiqatı maraq doğurur.
Bu tədqiqat işi Vidadi Orucovun hazırladığı
vəsaitdə geniş təhlil olunur, faydalı vəsait
kimi qiymətləndirilir. Və yaxud, fənlərarası
əlaqə problemi ilə bağlı: Azər Abbasqulu oğlu
Abbaszadə "Orta məktəblərdə fizikanın tədrisi
prosesində fizikanın kimya ilə əlaqələri
haqqında" adlı tədqiqat işində fizikanın kimya
ilə əlaqəli tədrisinin yollarını axtarır,
pedaqoji eksperiment keçirir, nəticələri
ümumiləşdirir (nəticələr vəsaitdə öz əksini
tapır). Həmin fəsildə fizikanın tədrisi
metodikası sahəsində aparılan bütün tədqiqatlar
haqqında belə ətraflı məlumat verilir.
Vəsaitin "Fizikanın tədrisində Azərbaycan
alimlərinin elmi-pedaqoji fəaliyyətinin
öyrənilməsi" adlı üçüncü fəslində bu sahədə
ardıcıl tədqiqat işi aparan tanınmış alimlərin
elmi fəaliyyəti daha ətraflı tədqiq olunur.
Vəsaitin dördüncü fəsli "Məktəb fizika kursunun
tədrisinin müasir metodoloji əsasları"na həsr
olunmuşdur. Bu bölmədə Azərbaycan təhsil
sisteminin dünya təhsil sisteminə inteqrasiyası
ilə əlaqədar fizika tədrisinin qarşısında duran
vəzifələr müxtəsər şəkildə şərh olunur, fizika
tədrisinin metodoloji əsası müəyyənləşdirilir,
bu istiqamətdə aparılan işlərin məzmunu nəzərdən
keçirilir, təhsil islahatı ilə əlaqədar aparılan
fizikadan hazırlanmış proqram və dərsliklərin
müəyyən üstünlüklərə malik olduğu qeyd edilir.
Vidadi Orucovun hazırladığı, yuxarıda adıçəkilən
vəsaitin müsbət cəhətlərindən biri fizikanın
tədrisi metodikası üzrə respublikada aparılan
tədqiqatların qrafik şəkildə ardıcıllıqla
göstərilməsidir. Fikrimizcə, adıçəkilən qrafik
cədvəl təkcə fizikanı tədris edən müəllimlər
üçün deyil, eyni zamanda gənc tədqiqatçılar üçün
də çox faydalı mənbədir. Bu cədvəldə müdafiə
olunmuş 4 doktorluq, 72 namizədlik
dissertasiyasının adları ardıcıllıqla göstərilir
ki, bu da istər müəllim, istərsə də tədqiqatçı
üçün tutarlı mənbədir.
Vəsait tədqiqat prosesində istifadə olunmuş
ədəbiyyat siyahısı ilə tamamlanır. Bu siyahı
Vidadi Orucovun bir tədqiqatçı kimi mütaliə
dairəsinin aydın ifadəsidir. Bütün bunlar
Vidadi Ömər oğlu Orucovun fizikanın tədrisi
metodikası sahəsində bir alim kimi yetişməsindən,
püxtələşməsindən, kamilliyindən xəbər verir.
Şəmistan MİKAYILOV,
pedaqoji elmlər doktoru, professor,
Asya BƏKİROVA,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent |
|